MÜSTƏQİLLİK DÖVRÜNDƏ NAXÇIVANDA ƏDƏBİ MÜHİTİN ÖYRƏNİLMƏSİ MƏSƏLƏLƏRİ
14 İyul 2023 10:33 SiyasətƏdəbi mühit niyə öyrənilməlidir?
Azərbaycanda müxtəlif dövrlərdə görkəmli alimlər və müxtəlif tədqiqatçılar tərəfindən Naxçıvan ədəbi mühitinin tədqiqi istiqamətində xeyli işlər görülmüşdür. Konseptual olmasa da, Naxçıvan ədəbi mühitinin ayrı-ayrı görkəmli şəxsiyyətləri və məsələlərinə dair tədqiqatlar aparılmış, sanballı elmi əsərlər ortaya qoyulmuşdur. Naxçıvan ədəbi mühitinin konseptual səviyyədə ardıcıl, davamlı və əhatəli tədqiqi işi Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra başlamışdır. Naxçıvanda elmin inkişaf etdirilməsi və elmi potensialın məqsədə düzgün yönləndirilməsi dövlətimizin ən ali məqsədlərindən biri olmuşdur. Elmimizin böyük hamisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələnin aktuallığını ifadə edərək demişdir: "Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir". Dahi liderimiz Heydər Əliyev də Naxçıvanın geostrateji maraqlarına uyğun öyrənilməsini diqqət mərkəzinə çəkərək bildirmişdir ki: "...Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir". Bu baxımdan Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı yalnız elmi inkişaf etdirmək məqsədi daşımamışdır, həm də ümumilikdə beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsini, onun həm xalqın həyat səviyyəsinə fayda verən yeraltı və yerüstü sərvətlərinin öyrənilməsini, həm də milli mənafe və beynəlxalq tanıtma əhəmiyyəti kəsb edən tarixinin, ədəbiyyatının, mədəniyyətinin və digər sahələrinin tədqiq edilməsini başlıca zərurətə çevirmişdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda elmin inkişafına ayırdığı diqqətin davamı olaraq muxtar respublikada "Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumunun keçirilməsi və bu silsilədən olan ardıcıl, davamlı tədbirlər sayəsində bu əhəmiyyətli regionun tarixi, mədəniyyəti və digər sahələrinin geniş tədqiq edilməsi və öyrənilməsinə stimul vermişdir.
Naxçıvanda ədəbiyyatşünaslıq məktəbinin inkişafı və nailiyyətləri
Qədim və zəngin ədəbi xəzinəyə, o cümlədən zəngin xalq yaradıcılığı nümunələrinə, folklora, qədim dövlətçilik ənənələrinə malik olması, burada dünyanın ən məşhur, görkəmli simalarının yaşaması və başqa ciddi amillər bu tarixi yurdun mədəni sərvətlərinin öyrənilməsini aktuallaşdırır. Bu mənada aktuallığını qoruyan ciddi tədqiqat istiqamətləri, mövzuları və problemləri işığında sürətli və geniş inkişaf edən elm sahələrindən biri kimi Naxçıvanda ədəbi mühitin öyrənilməsi məsələsi də başlıca yer tuturdu. Naxçıvanda ilk elmi məktəbi formalaşan görkəmli elm adamı, akademik İsa Həbibbəylinin "Ədəbiyyatda Naxçıvan, Naxçıvanda ədəbiyyat" və bu silsilədən olan ardıcıl tədqiqat əsərlərinin üzərində rişə tapan əsərlər Naxçıvan ədəbi mühitinin tədqiqi işinə mühüm töhfələrlə yadda qaldı. Akademik İsa Həbibbəylinin bütövlükdə naxçıvanşünaslığın aktual məsələlərini özündə əhatə və ehtiva edən "Nuhçıxandan Naxçıvana" kitabı, eləcə də "C.Məmmədquluzadə: mühiti və müasirləri", "Millətinin canlı heykəli", "XX əsrin əvvəllərində Azərbaycan yazıçıları" və çoxsaylı digər elmi əsərləri qədim dövrlərdən başlayaraq müasir dövrümüzə qədər Naxçıvanda ədəbi mühitin vəziyyəti və inkişafına dair proqram xarakterli fikirləri inkişafetdirici rol oynamaqla tədqiqatlara yeni stimul vermişdir. Bu görkəmli alimin son dövrlərdə nəşr olunan "Nuhçıxandan Naxçıvana", "Ədəbi-tarixi yaddaş və müasirlik", "Ədəbi şəxsiyyət və zaman" kimi irihəcmli ciddi elmi əsərləri nəinki Naxçıvan ədəbi mühitinin, ümumən Azərbaycan ədəbiyyatının bir sıra məsələlərinin təhlili və tədqiqi baxımından fundamentallıq kəsb edir. Xüsusilə də görkəmli elm adamının "Gəmiqaya dünyası: Sivilizasiya prosesləri və Naxçıvan", "Naxçıvan Duzdağı: tarix və müasirlik", "Naxçıvanda mətbuat (1921-2015)", "Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi", "Naxçıvanda ədəbi yüksəliş", "Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi", "Naxçıvan elmi mühiti: ənənə və müasir dövr" və başqa bir sıra əsərlərində Naxçıvanda elmin və ədəbiyyatın inkişafı məsələləri, ədəbi mühitin inkişaf mərhələləri, məsələləri və perspektivləri, ayrı-ayrı görkəmli şəxsiyyətləri və nümayəndələri və s. haqda irəli sürülən fikir və tezislərlə, aparılan təhlil və tədqiqatlarla naxçıvanşünaslığın əsaslarını yaratmış və formalaşdırmışdır.
Görkəmli elm adamı akademik İsa Həbibbəylinin tədqiqatları sayəsində Naxçıvan ədəbi mühitinin öyrənilməsinə yeni vüsət gəlmişdir. Akademikin son dövrlərdə çapdan çıxan "Nuhçıxandan Naxçıvana" adlı kitabı özündə 10 bölməni, 84 məqaləni birləşdirməklə Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin Naxçıvana qayıdışı və böyük siyasətə gəlişindən sonra Naxçıvanın bütün sahələri kimi inkişafa qovuşan ədəbi, elmi mühiti, təhsili və s. araşdırma obyektinə çevrilmişdir. Əsərdə ən qədim dövrlərdə Naxçıvanda ilkin yaşayışın formalaşması və mədəniyyətin yaranması, Gəmiqaya rəsmləri, Naxçıvan Duzdağı və b. aktual məsələlər alimin tədqiqatlarında yeni məzmun qazanmışdır. "Azərbaycan tarixində Naxçıvan", "Cəhalət dərdinin dərmanı: maarifçilik", "Naxçıvan ədəbi mühiti" və digər bölmələr Naxçıvanın hərtərəfli və əhatəli öyrənilməsinə həsr olunan məsələlərlə zəngindir. Burada Naxçıvanın milli-mədəni inkişafına qovuşmasına xidmətlər göstərən Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Hacıağa Fəqir Ordubadi, Eynəli bəy Sultanov, Mirzə Cəlil Şürbi, Məmmədqulu bəy Kəngərli, Cümşüd-Paşa Sultanov, Sadıq Xəlilov, Mirzə Əbülqasım Sultanov, Ələkbər Məmmədxanov və başqa maarifçi xadimlərlə bağlı əhatəli tədqiqatlar ortaya qoyulmuşdur. Əsərin "Naxçıvan ədəbi mühiti" adlanan bölməsində "Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi", "Naxçıvanda ədəbi yüksəliş", "Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi" başlıqlı məqalələrlə Naxçıvanda ən müxtəlif dövrlərdəki ədəbi mühitin inkişafı vəziyyəti və ədəbi ənənələri öyrənilir, konkret faktlar göstərilməklə böyük bir tarixi mərhələdə Naxçıvan ədəbi mühitinin inkişafına elmi nəzər salınır. Görkəmli elm adamı kademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi", "Naxçıvanda ədəbi yüksəliş", "Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi" kimi əsərləri daha çox ona görə qiymətli və cidi əhəmiyyətə malikdir ki, burada Naxçıvan ədəbi mühitinin inkişafı tarixi, mərhələləri və nümayəndələri barədə geniş tədqiq və təhlillər aparılır. Alim "Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi" adlı əsərində böyük ədəbiyyatın təkcə böyük şəhərlərdə, paytaxtda deyil, həm də kiçik şəhərlərdə, o cümlədən bölgələrdə də yaranması ilə bağlı sanballı tezis və fikirlərini səsləndirir. Alim yazır: "Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da böyük ədəbiyyatın yaradıldığını danılmaz faktlar təsdiq edir".
Müstəqillik dövrü Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin nümayəndələri və tədqiqatları
Naxçıvanda İsa Həbibbəyli məktəbinə mənsub çoxsaylı alimlər öz tədqiqatları ilə mövzunun öyrənilməsinə zənginlik gətirmişlər. Bu sahədə Yavuz Axundovun, Hüseyn Həşimlinin, Əsgər Qədimovun, Fərman Xəlilovun, Yusif Səfərovun, eləcə də Ramiz Qasımov, Xanəli Kərimli, Əbülfəz Əzimli, Hikmət Mehdiyev, İman Cəfərli, Surə Seyid, Mehriban Sultan, Nurlana Əliyeva, Aygün Orucova, Nəzakət İsmayılova, Nərgiz İsmayılova, Əli Həşimov və başqalarının tədqiqatları Naxçıvan ədəbi mühitinin müxtəlif məsələləri ilə bağlı araşdırmalara zənginlik qatmışdır. Naxçıvan ədəbi mühitinin inkişaf tarixi, görkəmli şəxsiyyətləri və digər məsələlərilə bağlı başqa mənbələrdə, o cümlədən Əbülfəz Quliyev, Sədaqət Həsənova, Zəhmət Şahverdiyev, Vaqif Məmmədov və digərlərinin əsərlərində ciddi tədqiqatlar, faktlar və maraqlı məlumatlar yer tapmışdır. Habelə Azərbaycanın tanınmış ziyalılarından olan Teymur Kərimlinin, Vaqif Yusiflinin, Gülbəniz Babaxanlının və başqalarının tədqiqatlarında da Naxçıvan ədəbi mühiti əsas mövzulardan birini tutaraq dəyərli töhfələri ilə yadda qalmışdır.
Naxçıvan elmi mühitinin ağsaqqallarından olan Yavuz Axundovun "Azərbaycan tarixi romanı: mərhələlər, problemlər" əsəri tarixi roman sahəsində Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Məmməd Səid Ordubadinin xidmətlərini bütün əhatəsilə təqdim etmişdir. Onun "Ədəbi mühit və sənətkar" əsərində Naxçıvan ədəbi mühitinin inkişafı problemləri və görkəmli şəxsiyyətləri haqda maraqlı təhlillər aparılmışdır. Bu əsərdə 60 illik bir ədəbi mərhələni tədqiq və təhlil edən professor maraqlı faktlar və təhlillərlə araşdırmaları zənginləşdirir.
Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin ən məhsuldar nümayəndələrindən biri kimi professor Hüseyn Həşimlinin də ciddi elmi tədqiqatları etibarlı mənbə rolunu oynamaqdaır. Bu zəhmətkeş alimin bu günə qədər çap olunan 31 kitab və monoqrafiyası, yüzlərlə məqaləsi Naxçıvan ədəbi mühitinin öyrənilməsinə böyük töhfələr verib. H.Həşimlinin tədqiqatlarını fərqləndirən və səciyyəviləşdirən mühüm amillərdən biri onun araşdırmalarında Naxçıvanın ya öyrənilməyən, ya da az öyrənilmiş sahələri, mövzuları və şəxsiyyətləri barədə olmasıdır. H.Həşimli ictimaiyyətə Naxçıvanın neçə-neçə bəlli olmayan, az öyrənilmiş şəxsiyyətlərini tanıtmağa nail olmuşdur. Alimin ölkəmizdə və xaricdə nəşr olunmuş bir sıra kitab və monoqrafiyalarında, o cümlədən tərtib etdiyi və çapa hazırladığı "Bağır Cabbarzadə. Bir yetimin naləsi" (Məhərrəm Cəfərli ilə birlikdə), "Xalq yazıçısı Hüseyn İbrahimov-80 (təbriklər, məqalələr, xatirələr toplusu)", "Əlabbas Müznib. Ürək yanğısı", "Əlipaşa Səbur Hüseynzadə. Zümzümə. Düşüncə yarpağı", "Əli Səbri", "Ələkbər Qərib Naxçıvanlı. Haqq divanı", "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri", "Azərbaycan ədəbi mühiti və türk dünyası", "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı", "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri", "Məmmədəli Sidqi və "Şeypur" jurnalı", "Naxçıvanlı yazıçılar və "Məktəb" jurnalı", "Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı", "Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı" kimi monoqrafiyalarında çoxluqla Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrinin həyat və yaradıcılıq fəaliyyətlərndən ətraflı şəkildə bəhs edilmişdir.
Professor Əsgər Qədimovun "XIX əsr Ordubad ədəbi mühiti. Qüdsi Vənəndi", "Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı", "Qurbanəli Şərifzadənin həyatı və yaradıcılıq yolu", "Əli Məhbus və əsərləri", iki cilddən ibarət "XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları" kimi ciddi monoqrafiyaları, habelə Salik Ordubadi və Qüdsi Vənəndinin əsərlərinin toplandığı kitabları, onlarca məqalələri Naxçıvan ədəbi mühitinin tədqiqinə sanballı töhfələr vermişdir.
Bu illər ərzində Naxçıvan ədəbi mühitinin tədqiqinə həsr olunan çoxsaylı elmi əsərlər çap edilmişdir. İki kitabdan ibarət "Naxçıvan ədəbi mühiti: tədqiqlər" (F.Xəlilov), "Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər" (R.Qasımov), ""Şərq qapısı" qəzeti və Naxçıvanda ədəbi mühit" (S.Seyid), "Naxçıvan ziyalıları Azərbaycan mətbuatında" (R.Qasımov), "Naxçıvan ədəbi mühiti: Şərq və Qərb kontekstində" (N.İsmayılova) kimi ümumiləşmiş əsərlərdə Naxçıvanda müxtəlif ədəbi mərhələ və illərdə ədəbi-mədəni inkişaf, başlıca xüsusiyyətləri və görkəmli nümayəndələri tədqiqat predmetinə çevrilmiş və diqqətəlayiq tezislər irəli sürülmüş, sanballı nəticələr ortaya qoyulmuşdur. S.Vəliyevin və A.Axundovun birlikdə çap etdirdikləri "Naxçıvanın ziyalıları, elm-sənət fədailəri" adlı kitabı da Naxçıvan ədəbi mühitinin öyrənilməsi baxımından qiymətli elmi mənbələrdən biridir.
Bundan başqa müxtəlif illərdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən 14 adda nəşr olunmuş "Hüseyn Cavid: taleyi və sənəti", "Məhəmmədağa Şahtaxtılı: taleyi və sənəti", "Cəlil Məmmədquluzadə: taleyi və sənəti", "Eynəli bəy Sultanov: taleyi və sənəti", "Məmməd Səid Ordubadi: taleyi və sənəti", "Məmməd Araz: taleyi və sənəti", "Məhəmməd Tağı Sidqi: taleyi və sənəti", "Nemətullah Naxçıvani: taleyi və sənəti", "Akademik Məmməd Cəfər Cəfərov: taleyi və sənəti" b. kimi kitablar da Naxçıvanın müxtəlif istiqamətlərdə öyrənilməsi sahəsində sanballı mənbələr kimi çıxış edir. Akademik İ.Həbibbəylinin rəhbərliyi və ümumi redaktorluğu ilə hazırlanmaqda olan "Naxçıvan ədəbi mühiti" əsəri də Naxçıvanda ədəbiyyatın ən qədim dövrlərdən bu günə qədər bütün istiqamətləri və aktual məsələlərin əks olunduğu fundamental, əhəmiyyətli və ciddi bir elmi əsər olacağı qətiyyətlə söylənilə bilər.
Beləliklə, böyük və zəngin bir tarix və mədəniyyətin yaranmasında beşiklik edən Naxçıvanın özünün tədqiq edilməsi də Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra tədqiqatların diqqət mərkəzinə gəlmiş və başlıca problemlərini təşkil etmişdir. Ortaya qoyulan çoxsaylı ciddi tədqiqatlar və onun nəticələri kimi çıxış edən uğurlu elmi əsərlər Naxçıvanın qədim və zəngin ədəbi mühitindən də ətraflı bəhs edərək qiymətli məlumat, fakt və nümunələr ortaya qoymuşdur. Bütün bunlar isə ümumilikdə Azərbaycan elmində naxçıvanşünaslıq deyilən bir elm sahəsinin yaranmasına istiqamət vermiş və ortaya qoyulan uğurlu əsərlərlə elmi fikri zənginləşdirmişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent