Şavkat Mirziyoyevin rəhbərliyi altında Yeni Özbəkistanın İnkişaf Strategiyası həyata keçirilir - ÖZƏL
10 İyul 2023 11:22 Siyasət"İyulun 9-da Özbəkistanda keçirilən növbədənkənar Prezident seçkiləri bu ilin 30 aprelində Konstitusiyaya dəyişiklikləri ilə bağlı keçirilən Referendumdan sonrakı ilk seçkilərdir. Özbəkistan Konstitusiyasına edilən dəyişikliklərdən sonra prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Bundan əlavə, yeni düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunub və ölkədə ölüm hökmü ləğv edilib".
Bu fikirləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini şərh edərkən səsləndirib. O bildirib ki, son seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasından namizədi Roba Mahmudova mübarizə aparırdılar: "Seçkilərdə 800 Beynəlxalq müşahidəçi ilə yanaşı 1500 yerki və xarici jurnalistlərdə müşahidə aparırdılar və verilən məlumatlar onu göstərir ki, seçkilərdə nəticələrə təsir edə biləcək hər hansı pozuntulara yol verilməyib.
Seçkilərdən öncə də bütün sorğular hazırki Prezident Şavkat Mirziyoyevin şanslarının daha yüksək olduğunu göstərirdi. Bu da təbiidir. Şavkat Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistanın Baş naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən isə Özbəkistan Respublikasının Prezidentidir. O daha sonra 2021-ci ildə keçirilən seçkilərdə də seçicilərin 86 faizindən çoxunun səslərini toplayaraq Prezident seçilmişdi".
Politoloq deyib ki, prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkəsini müasirləşdirməyi, onun tərəqqisi üçün əlverişli şərait yaratmağı qarşısına vəzifə qoyub: "Hətta bu məqsədlə 2017-2021-ci illərdə beş prioritet istiqamət üzrə Fəaliyyət Strategiyasını həyata keçirib. Bunlar dövlət və cəmiyyət quruculuğu sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminin daha da islahatı, iqtisadiyyatın inkişaf etdirilməsi və liberallaşdırılması, sosial sahə, təhlükəsizliyin, millətlərarası harmoniyanın və dini tolerantlığın təmin edilməsi, o cümlədən balanslaşdırılmış, qarşılıqlı faydalı və konstruktiv xarici siyasətin həyata keçirilməsidir. Açıq demək lazımdır ki, indiyədək davam edən genişmiqyaslı və sistemli demokratik islahatlar geridönməz xarakter alıb. Hazırda Şavkat Mirziyoyevin rəhbərliyi altında Yeni Özbəkistanın İnkişaf Strategiyası həyata keçirilir. Bu strategiyada əsas yeri milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının qanuni mənafelərini və rifahını təmin edən xalq və humanist dövlət quruculuğu vəzifələri tutur. Bundan əlaqvə milli iqtisadiyyatın inkişaf sürətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər özəl sektorun stimullaşdırılmasında, özəl sektorun iqtisadiyyatdakı xüsusi çəkisinin artırılmasında, eləcə də birbaşa xarici investisiyaları cəlb etməklə adambaşına düşən ümumi daxili məhsulun artımının təmin edilməsində mühüm rol oynayır".
Yusif Bağırzadə deyib ki, 2016-cı ildən həyata keçirilməyə başlayan iqtisadi islahatların yeni mərhələsi nəticəsində valyuta məzənnələrinin unifikasiyası, valyuta bazarının liberallaşdırılması, malların transsərhəd keçidi yolunda inzibati maneələrin aradan qaldırılması və gömrük ödənişlərinin azaldılması, həmçinin bank sektorunun və pul dövriyyəsinin islahatı, vergi islahatı, biznesin aparılması üçün inzibati xərclərin azaldılması, aqrar sektorun bütün sahələrində islahatların aparılması təmin edilib: "Təsadüfi deyil ki, bu islahatların nəticəsi olaraq Özbəkistanda vergilərin növləri 13-dən 9-a, vergi yoxlamalarının növləri isə 13-dən 3-ə endirilib. Həmçinin əlavə dəyər vergisinin dərəcəsi 20%-dən 15%-ə, sosial verginin dərəcəsi isə 25-dən 12 %-ə qədər aşağı salınıb. Sahibkarlıq sahəsində tələb olunan 114 növ lisenziya və icazə ləğv edilib, 33 növ lisenziya və icazə əvəzinə isə sadəcə məlumatlandırma proseduru tətbiq edilib.
Daxili bazar üçün tələb olunan 3.5 min mal növü üçün kömrük rusumları tamamilə ləğv edilib. Ümumilikdə, ixracın dəstəklənməsi üçün atılan addımlar nəticəsində ixrac həcmində 40 faizə yaxın artıma nail olunub. İnvestisiyaların həcmində də 5 dəfəyə yaxın artım müşahidə olunub.
Özbəkistanda 2017-ci ildən etibarən ailə biznesinin dəstəklənməsi üçün güzəştli kreditlərin verilməsinə başlanılıb. Ümumiyyətlə son 6 ildə iqtisadiyyat sahəsində aparılan islahatlar nəticəsində 2 milyon yeni daimi iş yeri yaradılıb.
Ş.Mirziyoyevin hakimiyyəti dövründə Mərkəzi Asiya dövlətləri və eləcə də bütün türk dövlətləri ilə qarşılıqlı əlaqələrin ən yüksək səviyyəyə qaldırılması istiqamətində mühüm addımlar atılıb.
Özbəkistanın Azərbaycanla münasibətlərinə gəldikdə isə bu münasibətlərin tarixi olduqca qədimdir və tarixi köklərə dayanır. 1930-cu illərindəki "Qırmızı terror" zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər. Hazırda 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Hələ 2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Ümumiyyətlə isə vurğulamaq lazımdır ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb. Yeri gəlmişkən, artıq bu istiqamətdə işlərə başlanılıb".