Ölkəmiz nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı kimi çıxış edir- ÖZƏL
6 İyul 2023 15:59 Siyasət"Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan yalnız öz maraqlarının qorunmasını deyil, bütün üzv dövlətlərin maraqlarının qorunması üçün aktiv fəaliyyət göstərib"
Bu sözləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlər görüşü haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur:
"Ölkəmiz nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı kimi çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə, məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Məlumdur ki, 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycanın təşkilatın işində daim fəal iştirak edən ölkəmiz 2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. BMT-nin 120 üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib".
Politoloqun sözlərinə görə, ölkəmizin 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub:
"Daha sonra ölkəmizin təşkilata sədrliyi bir il də uzadılıb. Keçən müddət ərzində dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Belə ki, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirmişdi. Dövlətimizin başçısı Azərbaycanın sədrlik dövründə Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini bəyan etmişdi. İndi geriyə baxanda görürük ki, Azərbaycan sadalanan istiqamətlərdə qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarıb".
Yusif Bağırzadənin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi:
"Qoşulmama Hərəkatı sayılan, seçilən və söz sahibi olan bir təşkilata çevrildi. Azərbaycanın da bu təşkilata sədrliyi dövründə biz çox uğurlu layihələrə vətəşəbbüslərə imza atdı. Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündəki çıxışında da qeyd etdiyi kimi Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən "peyvənd millətçiliyi"nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.
Azərbaycanın sədrliyi dövründə qurumun institusional inkişafı ilə bağlı da bir sıra mühüm addımlar atıldı. Xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.
Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Azərbaycanın sədrliyinin digər prioriteti də ehtiyacı olan ölkələrə yardım göstərməkdən ibarət oldu. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib. Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.
Bütün bunlarla yanaşı, bu cür böyük bir platformada Azərbaycan yalnız öz maraqlarının qorunmasını deyil, təşkilata üzv olan bütün dövlətlərin maraqlarının qorunması üçün aktiv fəaliyyət göstərmiş oldu. Elə son toplantıda Prezident İlham Əliyev Fransanın müstəmləkə siyasəti, vaksinlərin ədalətsiz paylanması ilə bağlı, BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətinin heç də ədalətli olmamağını və müasir dövrün tələblərinə cavab verməməsinin səsləndirilməsi, eləcə də BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yerin verilməsi, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrə BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yerin ayrılması təlifi ilə çıxış etməsi də həm üzv dövlətlərin maraqlarının müdafiəsi, həm də ədalətin bərpa olunması baxımından olduqca əhəmiyyətli oldu.
Şübhəsiz ki, bu cür beynəlxalq tədbirlər həm də Azərbaycan həqiqətlərinin çatdırılması baxımından da xüsusi önəm daşıyır. Prezident də öz çıxışında Qarabağ məsələsi ilə bağlı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mövcud vəziyyətlə bağlı çıxış edərək Ermənistanın yanlış mövqeyini, Zəngəzur koridorunun açılmaması səbəbini, rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində quldur dəstələrinin, erməni qanunsuz silahlı birləşmələrinin təxribatlar törətməsi ilə bağlı məsələləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Dövlət başçısının qeyd etdiyi kimi Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir. Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur. Bütün bunlar isə regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasının qarşısını alır.
Ümumiyyətlə həm ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər, həm də iştirakçların çıxışlarına baxdıqda görürük ki, Qoşulmama Hərəkatı beynəlxalq hüququ, sülhü və sabitliyi təşviq edərək, ölkələrarası sağlam münasibətlərin formalaşmasında mühüm rol oynayır".