Zəngəzur dəhlizi: dörd böyük gücün rəqabəti və yeni dünya nizamının gələcəyi kontekstində

Cənubi Qafqazda sülh və əməkdaşlıq beynəlxalq siyasətin vacib məsələsi kimi aktuallığını saxlayır. Ekspertlər bu faktoru getdikcə daha sıx surətdə qlobal geosiyasi proseslər kontekstində təhlil edirlər. Mütəxəssislər Zəngəzur dəhlizinin ciddi geosiyasi əhəmiyyət kəsb etdiyini qətiyyən inkar etmirlər. Əksinə, onun geniş geosiyasi təsirə malik olduğunu, hətta regional geosiyasi konfiqurasiyanı yeniləşdirdiyini yazırlar. Bu baxımdan son zamanlar İran və Ermənistandan yayılan informasiyaların əsl məqsədinə dair analiz aparmaq zərurəti özünü göstərir. Belə görünür ki, hazırda Zəngəzur məsələsinə Qərb, Rusiya, İran və Azərbaycan-Türkiyə birliyinin təsiri vardır. Onların hər biri fərqli rol oynayırlar. Həmin kontekstdə Zəngəzur dəhlizinin geosiyasi dəyəri və oynayacağı rol üzərində daha geniş dayanmağa ehtiyac hiss edirik.

İran və Ermənistanın Zəngəzur qorxusı: reallıqdan uzaq iddialar

Belə görünür ki, iki miqyasda Avrasiyada nəqliyyat-kommunikasiya və logistika sferasında mübarizə daha da şiddətlənir. Birinci miqyas qlobal səviyyədə Orta dəhlizin reallaşması ilə bağlı gedən rəqabətlə əlaqəlidir. Prinsipcə Qərb də bu layihəyə etiraz etmir, lakin onun özünə sərf edən şərtlərdə həyata keçməsinə çalışır. İkinci miqyas regional səviyyəlidir. Burada, konkret olaraq, Zəngəzur dəhlizi ilə bağlı Qərb-İran-Rusiya kontekstində rəqabət yeni səviyyəyə yüksəlib. Təbii ki, bu məsələyə Azərbaycan-Türkiyə birliyindən kənarda baxmaq mümkün deyildir. Lakin məsələ başlıca olaraq Qərb, Rusiya və İranın atdığı addımlar fonunda daha da gərginləşir.

Ekspertlər bu məsələni maraqlı kontekstdə analiz etməyə çalışırlar. Onlar hesab edirlər ki, Zəngəzur dəhlizi ilə bağlı regiona təsiri olan güclər daha intensiv mübarizə fazasına daxil olmaqdadırlar. Və bu prosesin maraq doğuran cəhətləri mövcuddur.

Onların sırasında İranın mövqeyi yenidən gündəmdədir. Rəsmi Tehran Zəngəzur məsələsinə qlobal geosiyasi vəziyyətlə regional reallığın kəsişməsində baxdığını iddia edir. Ancaq bunun üçün süni təsir bağışlayan arqumentlərə əsaslanır.

Bununla bağlı iranlı ekspert Əhməd Kazıminin ifadə etdiyi fikirlərə nəzər salmaq yetərlidir. Onun mövqeyinə görə, Zəngəzur dəhlizi, əslində, İsrail və Böyük Britaniyanın "geosiyasi intriqası"dır ki, onun da adı "NATO-nun Turan dəhlizi"dir.

İlk baxışdan diqqəti çəkən fikirdir və müəyyən dərəcədə məntiqli olduğu təəssüratı yarana bilər. Lakin regional reallıqlar müstəvisində bunun bir "sabun köpüyü" olduğu və faktiki olaraq, "havaya atılmış boş söz olması" aydınlaşır. Çünki Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü və haqqıdır. O, Bakının layihəsidir və təsadüfi deyil ki, regional reallığı nəzərə alaraq Türkiyə və Rusiya da dəstək verir. Əgər burada Böyük Britaniya və İsrail nəfəsi varsa, Rusiya qətiyyən razı olmaz. Necə ki, Moskva heç bir formada Qərbin Qarabağdakı proseslərə təsir etməsini istəmir.

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Ermənistan və İran üçün də ciddi mənfəətin gəlməsi deməkdir. Burada hər hansı "turançılıq"dan danışmaq gülünclükdür. Əgər bir layihədən Çindən tutmuş Avropaya qədər çox sayda xalqlar faydalanırsa, bunun konkret türklüyə nə aidiyyəti vardır? Lakin bu qərəzin arxasında millətçilik və şovinizm əlamətləri sezilir. Hazırda təkcə regionumuzda deyil, başqa yerlərdə də antitürk isterikasına düşmüş dairələr vardır. Onlar hər hansı faydalı layihənin türk dövlətlərinin ərazisindən keçməsinə "pantürkizm", "turançılıq" kimi baxmağa çalışırlar. Çünki reallıqda hər bir dövlət kimi, türk dövlətlərinin də inkişafını istəmirlər. Özləri daim başqa xalqlara kin-küdurət bəslədiklərinə görə özgələrinin də belə düşündüyü yanlışlığına yuvarlanırlar. Bu səbəbdən hətta İran rəsmiləri geosiyasi reallığı görə bilmirlər, özlərinə xəyali düşmənçilik obrazı yaratmağa meyllənirlər.

Doğrudan da, nəyə görə Azərbaycanla Türkiyə arasında quru yolunun açılması başqalarına təhlükə sayılmalı, ancaq İranla Ermənistanın tarixi Azərbaycan torpağı olan Meğri vasitəsilə sərbəst gediş-gəlişi təhlükə sayılmamalıdır? Nəyə görə Ermənistanın İran və Rusiyaya quru yolu çıxışı təbii və normal qəbul edilməlidir, lakin dini, etnik, milli mənsubluğu, mədəniyyəti eyni olan iki dövlət arasında birbaşa əlaqə yaradan yol olmamalıdır? Bu xəstə düşüncə ilə iranlı ekspert hansısa ingilis generalının fikrinə əsaslanaraq Azərbaycan, Türkiyə və Böyük Britaniyanın Ermənistanın cənub rayonlarını işğal edəcəyi kimi sərsəm və absurd bir tezis ortaya atır. Niyə atır? Çünki anlamsız ermənilərə deyir ki, İran olmasa, türklər sizi işğal edərlər. Öncədən bilinir ki, heç bir işğal ola bilməz və bu aksiomdan istifadə edib bunu İranın ağlı və gücü kimi qələmə verməyə çalışır. Bundan başqa, ekspert dairələrində bəziləri Zəngəzur vasitəsilə NATO-nun Xəzərə çıxış əldə edəcəyindən bəhs edirlər.

Sabitlik və sülhün qorunması: Azərbaycan-Türkiyə birliyinin imkanları

Birincisi, Zəngəzur dəhlizi Qərbin deyil, Çinin təşəbbüsü ilə gerçəkləşən yeni İpək yolu layihəsi ilə bağlı gündəmə gəlib. Rəsmi Pekin burada hər hansı təhlükə görsə, bu işə əl qoymaz. Xüsusilə NATO-nu öz razılığı ilə özünə yaxınlaşdırmaz.

İkincisi, NATO-nun Xəzər hövzəsinə daha rahat, infrastrukturu mövcud olan Gürcüstan-Azərbaycan marşrutu üzrə çıxışı daha real görünməlidir. Hələ açılmamış bir dəhlizə NATO kimi təcrübəli və nüfuzlu bir təşkilat ümid edə bilərmi?

Üçüncüsü, NATO hərbi baxımdan İrana o qədər yaxınlaşıb ki, əlavə yaxınlaşmağa ehtiyacı yoxdur. Yoxsa Zəngəzur dəhlizindən NATO F-16 təyyarələrini qaldıracaq və ya ballistik raketlə Tehranı vuracaq? Çox gülməli və cəfəng iddiadır.

Başqa iranlı ekspertlər isə daha da irəli gedərək, Azərbaycanın İran ərazilərini işğal edəcəyi "fikrini" ortaya atırlar. Təsəvvür edin, bir tərəfdən deyirlər ki, "Azərbaycan kimdir, İran Bakıdan girib Tel-Əvivdən çıxar". O biri tərəfdən də iddia edirlər ki, Zəngəzur dəhlizi açılsa, Türkiyə və İsrailin köməyi ilə Azərbaycan İranın torpaqlarına hücum edəcək. Çünki Zəngəzur İran sərhədləri boyunca yerləşir. Maraqlıdır, nə yaxşı Azərbaycanın Zəngəzurdan kənarda yerləşən ərazilərdən İrana hücum etməməsinin səbəbini izah etmirlər? Bu dərəcədə ağılsızlıq və riyakarlıq ola bilərmi?

Lakin məsələ yalnız İranla məhdudlaşmır. Rəsmi İrəvan da "Zəngəzur şıltaqlığını" gücləndirməyə çalışır. İndi ermənilər deyirlər ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti orqanları Zəngəzura nəzarət edə bilməz. Bu, Azərbaycan tərəfdən "üçüncü dövlətin bölgəyə gətirilməsidir". Buna qarşılıq Ermənistan da öz "namizədi" olan Avropa dövlətini oraya gətirməlidir. Bu isə təbii ki, Fransadır. Burada erməni siyasi şüurunun primitivliyi və açıq yalançılığı üzə çıxır.

Çünki 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinə görə, bu məsələdə Rusiya "hər hansı üçüncü dövlət" statusunda deyildir. Rusiya sənədin təşəbbüskarı və tərəflərə qəbuletdiricisi kimi öncədən prosesə daxildir. Həmin sənəddə də aydın yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat yollarına nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti icra edəcək. Orada dəmir yolunun çəkilişi "Rusiya Dəmir Yolları" şirkətinə aiddir. Bu bəndə də Nikol Paşinyan özünün etiraf etdiyi kimi, noyabrın 10-u səhər tezdən imza atıb. İndi hansı arqumentlə Rusiyanı burada hansısa "üçüncü ölkə" kimi təqdim edərək, "mən də başqasını istəyirəm" demək olar?

Deməli, əslində, müəyyən qüvvələr tərəfindən meydana çıxarılan başqa oyun vardır. İran və Ermənistanın dedikləri baş qatmaq, insanları qorxutmaq, əsl niyyətlərini gizlətmək üçündür. Məqsəd, əlbəttə, aydındır.

Deyilənləri regionda hazırkı vəziyyətə və onun daxilində Zəngəzur dəhlizinin əsl fəaliyyət istiqamətlərinə baxdıqda görmək mümkündür. Hər şeydən öncə, həmin layihə Çin, Rusiya, Türkiyə, Qərb ölkələri tərəfindən qəbul edilir. Layihə iştirakçıların hər birinə böyük ölçüdə maliyyə və maddi fayda verəcəkdir. Bundan başqa, Zəngəzur dəhlizini Azərbaycanın təşəbbüsü ilə Orta dəhlizin bir hissəsi kimi tanımaq gərəkdir. Bu isə o deməkdir ki, həmin dəhliz regional deyil, qlobal statusa malikdir.

Digər məqam ondan ibarətdir ki, Zəngəzur dəhlizi bütün dövlətlərə, o cümlədən İran və Ermənistana da açıqdır. Onlar tam səviyyədə bu imkandan faydalana bilərlər. Xəzərə çıxış birbaşa Mərkəzi Asiyaya çıxışdır. Ermənistan üçün bu, olduqca vacibdir (İranın özünün çıxışı var). Eyni zamanda, Ermənistan Yaxın Şərqdən və Avropadan gələn yolların məntəqələrindən biri olur və bundan kifayət qədər maliyyə qazancı əldə edə bilər. Çünki heç kəs Zəngəzur dəhlizinin Ermənistan ərazisində yerləşdiyini inkar etmir.

Deməli, burada Tehranla İrəvanı narahat edən başqa məsələ vardır ki, bu da Azərbaycan-Türkiyə birliyinin Cənubi Qafqazda geosiyasi mənzərəni tamamilə dəyişməsi ilə bağlıdır. İndiyə qədər konfrontasiya, qeyri-sağlam rəqabət və terror məkanı olan bir region sabitlik, əməkdaşlıq, barış və inkişaf adasına çevrilir. Bu isə nə İran rejiminə, nə də Ermənistan rəhbərliyinə sərf etmir. Çünki onlar öz təxribatçı və şovinist planlarını həyata keçirmək imkanlarını itirirlər.

Daha konkret desək, İran etnik türklərlə manipulyasiya etmək şansını əldən verir, Ermənistan isə terror və təcavüz vasitəsilə qonşu torpaqlarını zəbt etmək imkanından əbədi məhrum olur! İndi eşitdiyimiz bütün cəfəng fikirlər bu iki pozucu, təhrikçi məqsədin ortaq mətbəxində hazırlanır!

Ancaq səmərəsizdir və onlar məğlub olacaqlar! Çünki artıq həm Azərbaycan-Türkiyə birliyi güclüdür, həm də dünya özü xaosdan düzənə, qarşıdurmadan əməkdaşlığa keçməyə üstünlük verir!

Kamal Adıgözəlov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31