Beynəlxalq hüquq Azərbaycanın yanındadır
7 İyul 2023 11:47 SiyasətGeosiyasi proseslərə regional səviyyədə təsir etmək gücünə malik Azərbaycan-Ermənistan münasibəti özünün həlledici dövrünü yaşayır. Beynəlxalq güclər bu prosesi öz nəzarətlərində saxlayırlar. Yeni dünya düzəni formalaşması prosesinin həlledici həlqəsi Cənubi Qafqaz regionu, daha dəqiqi Azərbaycan və Ermənistan ətrafında davam edən proseslərdir.
Regionda cərəyan edən proseslər barədə fikirlərini bölüşən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, yeni dünya düzəni böyük ölçüdə bu prosesin nəticəsindən asılı olacaq. Onun sözlərinə görə, region geoiqtisadi və geosiyasi proseslərin mərkəzlərindən biridir:
"Regionda marağı olan güclərin gələcəyə yönəlik planlarının reallaşması qarşıdurma mühiti yaradır. Bu regionda ictimai formasiyalar, quruluşlar qarşı-qarşıya gəlir. İstər yaxın qonşumuz İran, Rusiya, istərsə də uzaq ABŞ, Çin olsun. Bunların hamısı ayrı-ayrılıqda bir formasiyanın, quruluşun təmsilçiləridir və ən əsası Azərbaycanla heç bir oxşarlıqları yoxdur. İran belə Azərbaycan üçün nə qədər məsafə baxımından yaxın olsa da, bu dövlətlərdən istər formasiya, istərsə də siyasi maraqlar baxımından ən uzaq ölkədir. Bu ölkələrin bir-biri ilə, eyni zamanda, Azərbaycan və Ermənistanla olan ikitərəfli münasibətləri problemin həllində öz sözünü deyir və onu mürəkkəbləşdirir. Türkiyə bu prosesdə birmənalı olaraq Azərbaycanın yanında olduğu üçün Azərbaycan və Türkiyə bir mövqe təşkil edir, eyni tərəfdən çıxış edir. Odur ki, Azərbaycan deyəndə Türkiyə, Türkiyə deyəndə Azərbaycan nəzərdə tutulur".
Azər Qasımov deyir ki, prosesləri idarə etmək üçün güclərin öz fəaliyyətləri vardır:
"Münaqişə tərəfləri bu fəaliyyətlərin hər birinə loyal yanaşırlar. Nəticə almaq üçün bütün vasitəçiliklərdən istifadə edirlər. Rusiya münaqişənin yaradıcısı və qoruyucusu kimi Amerika və Avropa Birliyinin vasitəçilik fəaliyyətlərinin qarşısında dayanıb. Fərdi maraqlar və geosiyasi gərgin durum pik həddə çatıb. Dünya üzrə bir çox münaqişə zonasında qarşı-qarşıya gələn tərəflərin maraqları bizim regionda da kəsişir ki, bu da problemi çıxılmaz vəziyyətə gətirir. Tərəflərdən birinin burda əldə edəcəyi üstünlük qarşı tərəfin geosiyasi zəifləməsi olacaq. Yeni dünya düzənində bu bölgədə mövqeyinin itirilməsi olacaq. Proseslərin ümumi mənzərəsi budur".
Politoloq deyib ki, Amerikanın münaqişəyə Ukrayna müharibəsi fonunda marağının artması uzun illər gözlənilən istək idi: "Amerika isə bu on illər ərzində öz gündəliyinə Azərbaycan-Ermənistan münaqişəsini sala bilmirdi. Terrorizmlə mübarizə, İraq, Əfqanıstan kompaniyaları, Liviya prosesləri deyərkən Ukrayna müharibəsi baş qaldırdı. Rusiya Ukraynanın torpaqlarını işğal etməyə qalxdı. Bir anda dünya siyasətinin gündəmi dəyişdi və yeni maraqlar ortaya çıxdı. Bu maraqlardan əsası da, Azərbaycan-Ermənistan münaqişəsinin 44 günlük müharibə nəticəsində yeni reallıqlar yaratması və Amerikanın Ukrayna müharibəsi fonunda regionun güclü dövləti Azərbaycanın mövqeyini dəstəkləməsi oldu. Amerika rəsmiləri birmənalı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıdı. Bununla yanaşı, Qarabağ ermənilərinə heç bir status verməyən Azərbaycanın mövqeyi ilə razılaşdı. İki ölkənin sülh müqaviləsi bağlamasına çalışdı. Amerika Vaşinqton ştatının Arlinkton şəhərində bir neçə günlük iki ölkə arasında XİN səviyyəsində vasitəçilik görüşləri təşkil etdi. Prosesdən ilk baxışda gözləntilər böyükdür. Son görüşdə irəliləyişlərin olduğu ümidi verildi. Prinsipial məsələlərdə fikir ayrılıqları olduğu deyildi. Prinsipial məsələ Azərbaycan üçün erməni silahlılarının Qarabağ ərazisindən çıxarılması, Ermənistan tərəfi üçün isə Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsidir. Zəngəzur dəhlizi məsələsində dəhlizə və ya yola nəzarət məsələsi gündəmdədir, amma bunun, böyük ölçüdə Rusiyanın nəzarətində olacağı hiss edilir".
Azər Qasımov deyib ki, Ermənistan Qarabağ ermənilərinə status yox, təhlükəsizlik istəyir:
"Bunu beynəlxalq zəmanət altında etməyə çalışır. Azərbaycan isə buna razı deyil və bu məsələdə özü zəmanətli rolunda çıxış edir. Öz suveren ərazisində başqa dövlət, qurum və ya təşkilat görmək istəmir. Amerika bu mövqeyi qəbul edib. ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvininin yayılan bəyanatında deyilir - "ABŞ inanır və ümid edir ki, Qarabağ erməniləri Azərbaycan ərazisində təhlükəsiz şəkildə yaşaya biləcəklər". Bu, bir daha onu göstərir ki, Amerika münaqişənin həllində maraqlıdır və beynəlxalq hüququn tələbinə uyğun olaraq hərəkət edir. Amerikanın regionun güclü ölkəsi kimi Azərbaycana vurğu etməsi və onun mövqeyini dəstəkləməsi Amerikanın düşünülmüş addımıdır. ABŞ yaxşı başa düşür ki, Ermənistana vurğu etməsi heç nəyi dəyişmir. Azərbaycan isə Ermənistanla birlikdə özünü Rusiyanın caynağından xilas edə bilər. Azərbaycanın yanında olmaq görüntüsü yaratmaqla Amerika Azərbaycanın əlini gücləndirmək istəyir. Odur ki, Azərbaycanın bütün şərtləri ilə razılaşır. Təhlükəsizlik qsrantiyasını da Azərbaycanın öhdəsinə buraxır. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada olan nüfuzunun da göstəricisidir. Azərbaycana olan inamın, onun sözünə olan etibarın nümayişidir".
Politoloq qeyd edib ki, digər məsələ, erməni silahlılarının Qarabağ ərazisindən çıxarılması Amerika üçün sadəcə Azərbaycanın öhdəsinə buraxılan məsələdir: "Bu məsələdə də Amerika Azərbaycanın mövqeyini gücləndirir. Əgər xoşluqla olmasa, antiterror əməliyyatı ilə olacağı mesajını verir. Vaşinqton görüşlərinin nəticəsinin nə olacağından asılı olmayaraq, hansıki bu görüşlərdən konkret nəticə almağa da Azərbaycan üçün ehtiyac yoxdur, Azərbaycan üçün tək siyasi gediş Azərbaycanın planlarını həyata keçirmək üçün beynəlxalq arenada fikir formalaşdırmaq, tərəfdaş toplamaqdır. Vaşinqton görüşü digər görüşlər kimi ümidverici xarakter daşımaqdan başqa bir şey deyildir. Tək o kifayət edir ki, verilən bəyanatda deyilir ki, müzakirə olunan məsələlərdə irəliləyiş var, tərəflər əsas məsələlər barədə müzakirəyə başlayacaqlar. Əsas məsələlər əgər sonda müzakirə olunacaqsa, onda hansı irəliləyişdən danışmaq olar, hansıki bunlar prinsipial məsələlərdir".
Politoloq hesab edir ki, müxtəlif platformalarda sülh danışıqları adı altında görüşlərin keçirilməsi vaxt uzatmaq üçün əsas məqsəddir: "Bu görüşlərin heç bir əhəmiyyəti yoxdur, olmayacaq da. Bu günə kimi Azərbaycan nə əldə edibsə, öz gücünə həll edib. İndi də belə olmalıdır. Nə vasitəçi tərəflər, nə də erməni tərəfi problemləri həll edən deyil. Azərbaycan öz gücünə öz problemini həll etməlidir. Beynəlxalq hüquq Azərbaycanın yanındadır. Sadəcə bunu beynəlxalq qanunlar fonunda etmək lazımdır ki, Azərbaycan da bunu edir. İlin sonuna kimi münaqişədə hansısa nəticə olacağı proqnozu verilir. Sülh müqaviləsinin ilin axırına kimi bağlana biləcəyi deyilir. Yenə tanış ritorika, yenə tanış cümlələr. Həm işğal dövründə, həm də işğal sonrakı dövrlərin ritorikası vasitəçilər üçün eynidir. Hər ilin sonuna nəticə gözlənilir, sonra növbəti il başlayır və yenə həmin ilin sonuna nəticə vurğusu edilir. Bu, belə də davam edəcək. Amma Azərbaycan növbəti ilin sonunu gözləməyəcək. Azərbaycanın son məsələsi qalıb. O da erməni silahlılarını Qarabağ ərazisindən çıxarmaq. Bunun üçün artıq geriyə sayım başlayıb. Son xəbərdarlıqlar, mesajlar verilir. Erməni tərəfi son şansdan istifadə etməlidir. Məsələ ondadır ki, sakitliklə bu məsələ həll edilsə, Qarabağ ərazisində böyük ölçüdə erməni əhalinin yaşaması labüd olacaq, yox əgər, antiterror əməliyyatı ilə baş tutacaqsa, təbii olaraq böyük əksəriyyət erməni əsgəri həm məhv ediləcək, əsir götürüləcək, həm də mülki əhalinin çox hissəsi, bəlkə də hamısı Qarabağ ərazisindən qaçacaq. Əmin olsunlar ki, bu antiterror ssenarisində Azərbaycan tərəfi çalışacaq ki, ərazidə kimsə qalmasın. Bunun üçün də hər şərait yaradılacaq. Mülki əhalinin qaçması üçün əlavə dəhlizlərin təşkil edilməsindən tutmuş, silahlı birləşmələrin kütləvi məhv edilməsinə və erməni silahlılarının əlindən silah-sursatın alınmasına kimi. Azərbaycan imkan verə bilməz ki, öz ərazisində olan silah-sursat çıxarılsın və yenidən ona qarşı istifadə edilsin. Odur ki, ya tam məhv ediləcək, ya da qənimət olaraq götürüləcək. Buna kimsənin şübhəsi olmasın. Əminliklə deyirik ki, kimsə də, Rusiya daxil buna mane olmayacaq və ya ola bilməyəcək. Bu isə erməni toplumunun bütün şanslarını məhv edəcək, Azərbaycanla sülh bağlamaq prosesinin üstündən xətt çəkəcək. Əslində, Azərbaycan bunu istəsə belə də mümkün olmayacaq. Məsələ ondadır ki, erməni toplumu məğlub olsa da, bu məğlubiyyəti öz hakimiyyətlərinə bağışlamayacaq. Ermənistan xaosa sürüklənəcək. Yeni hakimiyyət revanşist fikirlər üzərində hakimiyyətə gəlməlidir. Bu, Ermənistanın tamamı ilə məhv olması demək olacaq. Buna Azərbaycan da kömək edəcək. İndiki hakimiyyət qalsa isə daxili qarşıdurma Ermənistanı məhv edəcək ki, bu da yaxşı heç nə vəd etmir.
Buna görə erməni toplumu olmayan papağını qarşısına qoyub yaxşı fikirləşməlidir. Nə qədər ki, vaxt tamam tükənməyib öz taleyini fikirləşməlidir. Azərbaycan onların taleyini hələlik fikirləşir və şans verir. Bunu da əvvəla, öz sakitliyi üçün istəyir, sonra isə regionun inkişafı üçün. Azərbaycan region ölkələrinə xəsisliklə yanaşmır. Öz imkanlarını qonşu ölkələrin də inkişafı üçün də təklif edir. Təklif edir ki, region stabil olsun, sülh olsun və bunun sayəsində əldə ediləcək inkişaf bütün region ölkələrinin rifahına sərf edilsin. Bu, hümanist addımdır. Görünən odur ki, bunu hələlik istəməyənlər var, amma Ermənistan daha çox bunda maraqlı olmalıdır. Digər dövlətlər yüz illərin dövlətləridir. İmperiya tarixi olmuş dövlətlərdir. Ərazi və iqtisadiyyat baxımından özlərini az-çox təmin edən ölkələrdir. Ermənistanın isə durumu göz qabağındadır. Heç bir region ölkəsi ilə bütün sahələrdə müqayisəyə gəlməyən ölkə olduğu hamı kimi özlərinə də bəllidir. Azərbaycanla münaqişə onların heç nəyinə yaramır. Ermənistan öz xəyali və uydurma iddialarından əl çəkməlidir. Yüz illik tarix erməni toplumuna sübut etdi ki, onlar yanlış yoldadırlar. Xəyalları heç vaxt gerçəkləşə bilməz. Onlara hansısa bu istiqamətdə söz verən, dəstək olan ölkələrin isə məqsədi öz geosiyasi maraqlarındadır.
Azərbaycan artıq tarixdən öz dərsini alıb. Dəfələrlə ermənilərə verilən şanslar və buraxılan səhvlər artıq olmayacaq. Azərbaycan bu dəfə işini həm gələcəyə buraxmayacaq, həm də gələcək üçün münaqişə cücərisi qoymayacaq. Ya Ermənistan Azərbaycanla sülh içində yaşamaq yolunu seçəcək, ya da Azərbaycan birdəfəlik erməni kartını həm dünya erməniliyinin, həm də revanşist ermənilərin əlindən alıb tarixin zibilliyinə atacaq. Bunun üçün Azərbaycanın imkanları və planları çoxdan hazırdır".
Süleyman