Ulu Öndərin atdığı təməllər 44 günlük müharibədə qələbəni mümkün etdi - MÜSAHİBƏ

Siyasi şərhçi Azər Həsrət ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrü, dövlət siyasəti mövzusunda həmsöhbət olduq.

Azər Həsrət BAMF-da mətbuat konfransı KEÇİRİB - VİDEO | Eurasia Diary

- Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Bu əhəmiyyətli hadisənin mahiyyəti haqqında nə deyə bilərsiniz? Dahi şəxsiyyətin Azərbaycanın dünəni, bugünü və gələcəyi naminə misilsiz xidmətlərini necə xarakterizə edərdiniz?

- Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi təsadüfi deyil. Çünki bu il bəlli olduğu kimi ulu öndərin 100 illik yubiley yaşı tamam olur. Əlbəttə ki, bu 100 illiyi mütləq şəkildə müvafiq qaydada tarixə keçirmək vacibdir. Digər tərəfdən də, bu 100 illik yaxşı mənada Azərbaycanda ulu öndərin ümumiyyətlə bütün həyat və fəaliyyətinə yenidən və xeyli müddət sonra daha diqqətlə nəzər salmaq üçün əlavə fürsətdir. Yəni, bu baxımdan 2023-cü il "Heydər Əliyev İli" elan edilib.
Əlbəttə ki, onun bütün siyasi fəaliyyəti, bütün ictimai fəaliyyəti, bütün həyatı birbaşa Azərbaycanla bağlıdır. Yəni, Azərbaycanda doğulub, böyüyüb, boya-başa çatıb. Bundan başqa bütün fəaliyyəti faktiki olaraq Azərbaycanda olub. Qısamüddətli də olsa, Rusiyada, daha doğrusu o vaxtkı SSRİ-nin paytaxtı Moskvada Nazirlər Kabineti sədrinin müavini kimi fəaliyyət göstərsə də, yenə də Azərbaycanla bağlı olub. Yəni, Azərbaycandan qopmayıb, ayrılmayıb. Bu baxımdan onun 100 illik yubileyinin belə təmtəraqla və təntənəli keçirilməsi təsadüfi deyil və gərəklidir.

- Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsi ilə 1993-cü ildə xalqın təkidli tələbi əsasında yenidən hakimiyyətə qayıdışından sonrakı dövr arasında hansı məqamları müqayisəli təhlil etmək olar?

- Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü, yəni, 1969-1982-ci illər arası özəlliklə də Azərbaycan milli kimliyinin yenidən təzahür etməsi, möhkəmlənməsi ilə xarakterizə edilə bilər. Yəni Azərbaycanın milli mənafelərinin, maraqlarının daha üst səviyyəyə çıxarılması, möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, ayrıca vurğulamaq lazımdır ki, məhz Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında bu respublikanın dövlət dilinin məhz Azərbaycan dili olması təsbit edildi. Bu da əlbəttə ki, Heydər Əliyevin çox diqqətəşayan xidmətlərindən biridir.
Digər tərəfdən, mən xatırlayıram, tarixdən bəllidir, ulu öndər Heydər Əliyev Güney Azərbaycanın 1945-ci il hadisələrindən sonra Azərbaycan SSR-ə gəlmiş, sığınmış soydaşlarımızın təhsili ilə bağlı da müəyyən məsələlərin həllində çox ciddi addımlar atdı. Özəlliklə də onların ali təhsil alması ilə bağlı imkanların yaradılması baxımından Moskva ilə yazışmaları, icazə alması var. Yəni, o, Azərbaycan Respublikasının rəhbəri olmaqla bərabər bütövlükdə xaricdəki azərbaycanlıları da diqqətdən kənarda qoymurdu, onların məsələlərini də mümkün mərtəbədə diqqətdə saxlayırdı.
İkinci mərhələdə, 1993-cü ildən sonra isə o, elə bir dönəmdə hakimiyyətə dəvət edildi ki, Azərbaycan Respublikası həqiqətən də ölüm-qalım mübarizəsi aparırdı. Yəni, ölkə içəridən də dağıdılırdı, xaricdən də düşmən işğalına məruz qalmışdı və faktiki olaraq hakimiyyətsizlik bir dönəmi idi. Belə bir şəraitdə mənim yadımdadır ki, Prezident Əbülfəz Elçibəy şəxsən özü Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi ki, gəlib Azərbaycanda idarəetməni öz üzərinə götürsün və vəziyyətdən çıxış yolu tapsın. Heydər Əliyev də 1993-cü ildə Bakıya qayıtdıqdan sonra bəlli bir müddət Milli Məclisin o vaxtkı Ali Sovetinin sədri kimi fəaliyyət göstərdi, oktyabr ayında isə seçki yolu ilə prezident seçildi və həmin dövrdə onun atdığı ilk addımlardan biri daxili sabitliyin bərpa edilməsi oldu. Yəni o, bu yöndə çox ciddi addımlar atdı.
Ardınca da, Heydər Əliyev Azərbaycanın iqtisadi potensialından səmərəli istifadə üçün addımlar atmağa başladı. Məhz onun dövründə "Əsrin Müqaviləsi" dediyimiz neft müqaviləsi imzalandı. 1994-cü il sentyabr ayında Heydər Əliyev buna nail ola bildi.
Ümumilikdə götürəndə, Azərbaycan məhz Heydər Əliyevin dövründə sabitlik dövrünə qədəm qoydu, sabitliyin təməlləri atıldı və sonrakı mərhələdə də Prezident İlham Əliyev bu təməllər üzərində bugünkü qüdrətli Azərbaycanı qura bildi.

- Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər barədə nə deyə bilərsiniz?

- Heydər Əliyevin Naxçıvan fəaliyyəti dövrü əlbəttə ki, belə götürəndə çox da uzun bir müddət deyil, qısamüddətli idi. Bilirsiniz ki, 1990-cı ilin 20 yanvarında o vaxtkı SSRİ Rus Sovet qoşunları Bakını işğal etdi, insanlarımızı öldürdü, burada qırğınlar törətdi. Onda Heydər Əliyev hələ Moskvada idi və Azərbaycan nümayəndəliyinə gələrək, sərt şəkildə öz etirazını bildirdi. Sonrakı mərhələdə o, Naxçıvana gəldi yerləşdi, Naxçıvanda o vaxtkı Naxçıvanın Ali Məclisinin üzvü, deputat seçildi və Naxçıvan Ali Məclisinin rəhbəri kimi Muxtar Respublikanı çox çətin vəziyyətdən qurtardı.
Çox şey haqqında danışmaq olar. Amma mən bir faktı qeyd etmək istəyirəm ki, ermənilər bir tərəfdə Qarabağa hücum edirdilər, torpaqlarımızı işğal edirdilər, digər tərəfdən də onların planlarında Naxçıvanı işğal etmək var idi. Yadımdadır ki, Heydər Əliyev məhz Naxçıvanın işğalının qarşısını alan o mühüm addımı atmağı bacardı. O, ermənilərə yerini göstərdi, onları başa saldı ki, Naxçıvanı işğal edə bilməyəcəklər və buna görə də ermənilər, Ermənistan artıq Naxçıvana hücumlardan vaz keçmədi. Əlbəttə ki, Qarabağda Heydər Əliyevin sözünün keçməməsi, yaxud Azərbaycanın böyük ərazisində onun hakimiyyətinin olmaması gətirib ona çıxardı ki, Qarabağ torpaqları işğal edildi və sonra da o, Azərbaycanın rəhbərliyinə gəldikdən sonra artıq müharibəni dayandırmağı bacardı, ilkin inkişaf yoluna da qədəm qoyduq.

- Torpaqlarımızın düşmən işğalından azad olunmasında Heydər Əliyev siyasətinin rolu nədən ibarət idi?

- Qeyd etdiyim kimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra artıq torpaqları işğal edilmiş iç qarşıdurmalarla heydən düşmüş bir Azərbaycan var idi. O, bu vəziyyəti düzgün dəyərləndirdi və Azərbaycanın daxildə sabitliyinin təmin edilməsi, eyni zamanda beynəlxalq platformalarda təqdim edilməsi üçün addımlar atmağa başladı. Məhz onun atdığı o təməllər nəticə etibarilə Ermənistanın işğalı altındakı torpaqlara bir gün yenidən qayıdacağımıza ümidlər yaratdı. Onun özü də həmişə çıxışlarında qeyd edirdi ki, biz mütləq bu torpaqlara dönəcəyik, Kəlbəcərsiz, Laçınsız, Şuşasız yaşaya bilmərik. Həqiqətən də onun atdığı təməllər nəticə etibarilə ona gətirib çıxardı ki, sonrakı inkişaf mərhələsində Azərbaycan Respublikası qüdrətləndi, gücləndi, özünü toparladı. Həm iqtisadi baxımdan, həm ordu baxımdan, həm siyasi baxımdan, həm qlobal platformalarda, həm də hamımızın şahidi olduğumuz 44 günlük Vətən müharibəsi illərində Azərbaycan məhz öz silahının gücü ilə torpaqlarını düşmən işğalından azad etdi. Yəni, deməyim odur ki, ulu öndərin atdığı təməllər nəticə etibarilə bu qələbəni mümkün etdi.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31