Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil - ÖZƏL
23 İyun 2023 15:00 Siyasət"2022-ci ilin 3 avqustunda "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin ümumi yığıncağında birliyin bundan sonra "Qərbi Azərbaycan İcması" adı ilə fəaliyyət göstərməsi iə bağlı qərar qəbul olundu. Bu da təbiidir. 2020-ci il Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və nəhayət, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtması üçün şərtlər formalaşdı. Ona görə də icmanın yenidən təşkilatlanması, Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında yeni Qərbi Azərbaycan İcmasının yaradılması və bu prosesin sürətlənməsi də hazırda regionumuzda baş verən dəyişikliklərlə bağlıdır".
Bu fikirləri "OLAYLAR"-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, İcmanın qarşısında duran vəzifələr də məlumdur və bu vəzifələr Prezident İlham Əliyevin qərbi Azərbaycan icması nümayəndələri ilə görüşündə birbaşa ölkə başçısı tərəfindən səsləndirilib6
"Şübhəsiz ki, əsas vəzifələrdən biri Qərbi Azərbaycan icmasının mütəşəkkil şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır və bu olduqca önəmli məsələdir. Prezidentin də dediyi kimi icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə. Həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına ehtiyac var. Beynəlxalq ictimai rəyin formalaşdırılması beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqularımızın tələb olunması baxımından xüsusi önəm daşıyır".
Yusif Bağırzadənin sözlərinə görə, çalışmalıyıq ki, Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplum olmasının, onların hüquqlarının bərpa olunmasının və öz dogma torpaqlarına qayıtmasının vacibliyini bütün dünyaya çatdıra bilək: "Beynəlxalq konvensiyalar bizə bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Onu da qeyd edim ki, icma artıq bu istiqamətdə konkret addımlar da atır və bu olduqca təqdirəlayiqdir".
Politoloq onu da qeyd edib ki, təkcə İcma deyil, digər qurumlarımız da bu istiqamətdə fəal işlər görürlər: "Məsələn, bu günlərdə 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupunu təmsil edən 31 üzvünün imzaladığı və Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağıran yazılı bəyannamə AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.
Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur. Şübhəsiz ki, bu sənəd Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addımdır. Eyni şəkildə ermənilər tərəfindən məhv edilmiş şəhərlərimiz, tarixi abidələrimizlə bağlı və ümumiyyətlə indiki Ermənistan ərazisindən Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı faktları da ümumiləşdirərək həm Azərbaycan, həm də dünya ictmaiyyətinin diqətinə çardırmaq lazımdır və İcmanın bu istiqamətdə də artıq YUNESKO, İSESKO kimi təşkilatlara davamlı müraciətlər etdiyinin şahidiyik".
Yusif Bağırzadə hesab edir ki, bütün bu sadalananlarla yanaşı hüquqi müstəvidə də xeyli işlər görülməlidir: "Qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazım olduğu ilə bağlı beynəlxalq hüquqşünasların da iştirakı ilə çoxlu sayda sənədlər hazırlanmalıdır.
Qeyd etdiyim kimi, Qərbi Azərbaycan İcması artıq sadladığım istiqamətlərlə bağlı konkret fəaliyyətə başlayıb və çalışmaq lazımdır ki, işlər daha da sürətlənsin. Amma o da bilinməlidir ki, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil. Bu hər birimizin, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən ümdə vəzifəsi olmalıdır. Bu işdə hər birimiz əlimizdən gələn dəstəyi verməli və Qərbi Azərbaycana qayıdışı ümumxalq məsələsinə çevirməliyik".