Azərbaycan-Türkiyə-Pakistan alyansı: Türk Dövlətləri Təşkilatı və "Türk NATO-su"na aparan yol
22 İyun 2023 16:16 SiyasətCənubi Qafqazla bağlı geosiyasi proseslər xeyli intensivləşib. Ekspertlər Hindistan-Fransa-İran-Ermənistan hərbi-siyasi alyansından bəhs edirlər. Bu alyansın faktiki olaraq pozucu fəaliyyət göstərmək niyyəti artıq hamıya məlumdur. Hindistan və Fransa üçün bu, Ermənistana yeni silahlar verməklə onu sülh və normallaşma prosesindən yayındırmaqdan ibarətdir. Doğrudan da, rəsmi İrəvanın ritorikası son vaxtlar xeyli radikallaşıb və daha qeyri-konstruktiv xarakter alıb. Lakin məsələ bununla bitmir. İndi ekspertlər Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqından bəhs edirlər. Bu alyans ermənilərin qatıldığı hərbi qruplaşmadan fərqli olaraq sabitliyə, sülhə, əməkdaşlığa və birgə təhlükəsizlik modeli yaratmağa xidmət edir. Bunu Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan əlaqələrini əhatə edən məsələlərin mahiyyəti sübut edir. Bütün bu məqamların fonunda Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi ittifaqının geosiyasi mahiyyəti və funksiyası üzərində geniş dayanmağa ehtiyac görürük.
İki səfərin ortaq məqsədi: geniş geosiyasi məkanda yeni alyansın yaranışı
Artıq dünya ictimaiyyəti Azərbaycanın uğurlarına alışıb. 44 günlük müharibədə qazanılan Qələbədən sonra rəsmi Bakının Cənubi Qafqazda və onun hüdudlarından kənarda atdığı siyasi, geosiyasi və təhlükəsizliklə əlaqəli addımlar konkret müsbət nəticələrini verməkdədir. Bunların fonunda indi dünya dövlətləri regional əməkdaşlıq və təhlükəsizliyin təminini ilk olaraq Azərbaycanın fəaliyyəti ilə əlaqələndirirlər.
Bunlara görədir ki, dünya ekspertləri Rəcəb Tayyib Ərdoğanın və Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərlərini regional miqyasla yanaşı, dünya əhəmiyyətli hadisələr kimi şərh etməkdədirlər. Həmin kontekstdə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi ittifaqı - "Qarabağ alyansı"ndan bəhs edilməsi olduqca əlamətdardır.
Məsələ ondan ibarətdir ki, son zamanlar rəsmi İrəvan fəaliyyət istiqamətini və xarakterini dəyişməyə cəhdlər göstərir. Ermənistan rəhbərliyi Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir sıra müddəalarını şübhə altına alır, Qərbin müəyyən dairələrinin qərəzli oyunlarına uyğun addımlar atır, paralel olaraq, silahlanmanı yeni səviyyəyə yüksəldir. Bunun fonunda ekspertlər indi Hindistan-Fransa-İran-Ermənistan alyansından bəhs edirlər ki, burada başlıca məqam Hindistan və Fransanın Ermənistanı silahlandırmasından ibarətdir.
Həmin tendensiyanın fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın artıq münasibətlərin normallaşması prosesinin qeyri-müəyyənlik mərhələsinə qədəm qoyduğu və buna görə də Ermənistanın silahlanmanı gücləndirməsi haqqında sayıqlaması erməni revanşizminin yenidən baş qaldırması ehtimalının artdığını göstərir. Onu deyək ki, N.Paşinyanın sülh müqaviləsinin imzalanmasının qeyri-müəyyənləşməsini ABŞ-Rusiya qarşıdurması ilə əlaqələndirməsi xüsusi məna kəsb edir. Bu o deməkdir ki, rəsmi İrəvan yenə də vaxtı uzadaraq özü üçün münasib bir zamanı gözləməyə çalışır. Amerika və ya Rusiyanın qalib gəlməsindən sonra isə onlardan istifadə edib, öz məkrli planlarını reallaşdırmağa cəhdlər göstərəcək.
Digər tərəfdən, rəsmi İrəvan müstəqil olmadığını bir daha nümayiş etdirmiş olur. Çünki ümidini ABŞ və ya Rusiyaya bağlamaqla müstəqil davranmadığını göstərir. Bu da başqa mənfi fəsadlarla yanaşı, Ermənistanın həmişə kimlər tərəfindənsə regional maraqlara və geosiyasi proseslərə qarşı istifadə edilə biləcəyini təsdiqləyir.
Ermənistanın növbəti səbatsızlıq və qeyri-konstruktivlik xəttinə keçməsi təbii olaraq Azərbaycanın adekvat tədbirlər görməsini zərurətə çevirir. Məhz bu aspektdə də Azərbaycan-Türkiyə-Pakistan hərbi müttəfiqliyinin gündəmə gətirilməsi tamamilə təbiidir. Bu müttəfiqliyin arxasında həm tarixi həqiqətlər, həm də müasir mərhələdə təhlükəsizlik məsələləri dayanır. Bunun əyani sübutu İkinci Qarabağ müharibəsində Azərbaycan, Türkiyə və Pakistanın əlaqələrinin xarakteridir. Türkiyə və Pakistan həmin dövrdə Azərbaycana güclü mənəvi və siyasi dəstək verdilər.
Ekspertlərin fikrinə görə, indi yeni bir mərhələ başlayır. Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin Bakıya səfərləri zamanı müzakirə olunan məsələlər bu tezisi irəli sürməyə imkan verir. Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı bütün sahələrdə əməkdaşlıq müzakirə olundu, regional əməkdaşlıq və təhlükəsizliyə aid aktual məqamlar nəzərdən keçirildi. Zəngəzur dəhlizinə İranın mane olduğu açıq vurğulandı.
Azərbaycanla Türkiyənin həmin istiqamətdə əməkdaşlığı daha da gücləndirəcəyini ifadə edən fikirlər səsləndirildi. Bunlarda başlıca məqsəd kimlərəsə qarşı birləşmək deyil, Avrasiya miqyasında ortaq layihələri reallaşdırmaq və bütün aspektlərdə təhlükəsizliyi təmin etməkdən ibarətdir. O cümlədən enerji, nəqliyyat, logistika, ticarət, texnologiyalar, təhlükəsizliyin müxtəlif aspektləri ilə əlaqədar ortaq fəaliyyət göstəriləcək. Təbii ki, burada hərbi əməkdaşlıq ilk sırada yer alır.
Müzakirə olunan məsələlər sırasında yeni enerji və nəqliyyat layihələri və onların təhlükəsizliyi xüsusi yer tutur. Bizim üçün məsələnin maraqlı tərəfi eyni məntiqlə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin qarşılıqlı əlaqələri müzakirə etmələri oldu.
TDT-Pakistan oxu: yeni geosiyasi konfiqurasiya və əməkdaşlıq formulu
Azərbaycan və Pakistan ticari-iqtisadi, hərbi, nəqliyyat-logistika istiqamətləri ilə yanaşı, alternativ və bərpaolunan enerji üzrə də əməkdaşlığa diqqət yetiriblər. Pakistan tərəfi 10 min meqavat günəş enerjisi potensialına malik olduqlarını ifadə edərək bu sahə üzrə geniş əməkdaşlıq imkanlarından bəhs edib. "Yaşıl enerji" məsələsinin Azərbaycanla Pakistan arasında müzakirəsi yalnız maliyyə-iqtisadi və enerji məzmunu kəsb etmir: bu məsələ birbaşa təhlükəsizliklə bağlıdır. Onun isə Azərbaycan-Pakistan əlaqələri kontekstində iki aspekti mövcuddur.
Birinci aspekt yeni İpək yolu layihəsi çərçivəsində Orta dəhlizin işləməsinin təminidir. Pakistan Çinlə yaxşı münasibətləri olan böyük dövlət kimi yeni İpək yolunun fəal iştirakçısıdır. Buraya həm nəqliyyat, həm də logistika daxildir. Eyni zamanda, bərpaolunan enerjinin Avropaya nəqli məsələsi aktualdır. Bu bağlılıqda Azərbaycan-Pakistan əməkdaşlığı faktiki olaraq Çinin Xəzər-Qara dəniz hövzəsi, Aralıq dənizi məkanlarında irəli sürdüyü layihənin həm həyata keçməsində, həm də təhlükəsizliyinin təminində aparıcı rol oynaya bilər.
Buradan Azərbaycan-Türkiyə-Pakistan hərbi müttəfiqliyinin "Qarabağ alyansı" adlandırılmasının da bir səbəbi aydın olur. Konkret olaraq, Bakı ilə İslamabad Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminində ortaq fəaliyyət göstərə bilərlər. Buraya, təbii ki, Qarabağda hər hansı təxribata qarşı birgə fəaliyyət də daxildir.
İkinci aspekt Pakistanın faktiki olaraq Türk Dövlətləri Təşkilatı (TDT) ilə sıx əməkdaşlığa başlaması ilə əlaqəlidir. Çünki İslamabadın bərpaolunan enerjinin nəqlini və Orta dəhliz vasitəsilə ticari-iqtisadi əlaqələri reallaşdırması TDT-yə üzv ölkələrin coğrafiyası üzərindən reallaşdırıla bilər. Bu da öncədən Bakı-İslamabad münasibətlərində TDT faktorunun ciddi rol oynaması deməkdir.
Burada iki variant ola bilər. Birincisi, Pakistan TDT-nin strateji müttəfiqi statusunu ala bilər. İkincisi, Pakistan TDT-yə tam üzv ola bilər.
İkinci variant daha real və faydalı görünür. Çünki bu halda TDT etnik mənsubluğa görə yaranmış təşkilat çərçivəsindən çıxır və sıralarına digər dövlətləri də qata biləcəyini sübut edir. Bu mənada TDT Avropa İttifaqı modelini yeniləmiş olur. Təbii ki, geosiyasi aspektdə TDT həm də Aİ ilə rəqabət apara bilər.
Digər tərəfdən, Pakistan Azərbaycan və Türkiyə ilə hərbi müttəfiqliyini genişləndirərək TDT səviyyəsinə yüksəldə bilər. Bu halda da "Türk dünyasının NATO-su" - "Türk NATO-su" yarana bilər. Hərbi-təhlükəsizlik sahəsində bu cür hərbi təşkilatın perspektivləri olduqca yüksək görünür. Çünki Pakistan nüvə dövləti, Türkiyə isə NATO-nun ikinci böyük gücü, hərbi-texnoloji sahədə parlayan ulduzudur. Bundan başqa, Pakistanın demoqrafik potensialı yüksəkdir. Onun TDT ilə hərbi alyansa girməsi geniş geosiyasi məkanda təhlükəsizliyin təmininə ciddi yardım edə bilər.
Beləliklə, Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqı faktiki olaraq iki istiqamətdə geosiyasi-təhlükəsizlik və əməkdaşlıq proseslərini motivasiya edə bilər. Onlardan birinci istiqaməti Qarabağ məsələsinə görə Cənubi Qafqazda pozucu fəaliyyət göstərmək niyyətində olan istənilən hərbi alyansı neytrallaşdırmaq qüdrətində olmaq təşkil edir. Azərbaycan, Türkiyə və Pakistanın İsrail və Böyük Britaniyanı da nəzərə almaqla buna gücləri çatar.
İkinci istiqamət isə daha geniş geosiyasi məkanda TDT-Pakistan birliyinin həm əməkdaşlığı, həm də təhlükəsizliyi təmin etmək imkanının meydana gəlməsi ilə bağlıdır.
Proseslərin bu cür gedişi bütövlükdə Avrasiyada geosiyasi və enerji xəritəsini yeniləyə bilər. Bu prosesdə isə türk dövlətləri və Pakistan aparıcı rol oynaya bilərlər. Bununla meydana faktiki olaraq yeni qlobal güc çıxmış olur.
Eyni zamanda, Ermənistanın pozuculuq fəaliyyətinə sona qoyula bilər. Azərbaycan-Türkiyə-Pakistan hərbi müttəfiqliyinin mövcud olduğu bir məkanda Ermənistanın heç bir şansı qalmır. Hətta onun havadarlarının belə imkanları çox məhdudlaşır. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqı bu ölkələrin sərhədləri ilə məhdudlaşmayıb geniş bir geosiyasi və coğrafi məkanı əhatə edir.
Kamal Adıgözəlov