Azərbaycan və Türkiyə qardaşlığının böyük gələcəyi var
17 İyun 2023 13:32 Siyasət"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Olaylar.az-a Azərbaycan və Türkiyənin tarixi və indiki münasibətləri haqqında danışıb.
-Aydın bəy, Azərbaycan və Türkiyənin beynəlxalq arenada qardaşlığını sübut etməsi və başqa ölkələrə qarşı olan birgə siyasəti haqqında danışaq.
-Türkiyə-Azərbaycan qardaşlığı tarixi köklərə dayanır. Bu qardaşlıq iki xalqın alın yazısıdır. Çünki, hər iki xalq, dövlət üçün başqa alternativ yolları da yoxdur. Dünyada Türkiyə və Azərbaycana qarşı düşmən mövqeyində dayanan dövlətlərin belə qardaşlığımıza zərrə qədər olsun şübhəsi yoxdur. Dünyada başqa dövlətlər arasında münasibətlərə bir sıra şərhlər, şübhələr duyulduğu halda Türkiyə və Azərbaycan qardaşlığına hansısa politoloqdan pərdəarxası mənalara malik şərh görmək mümkün deyil. Bizim dostluğumuz görünüşdə necədirsə, mahiyyətcə də eynidir. İki dövlətin münasibətləri dünya dövlətlərinə örnəkdir. Tarixi köklərimiz humanitar əlaqələrə, dil birliyinə, dəyərlərə, din birliyinə söykənir. Onları zədələmək, qırmaq mümkün deyil. Təsadüfi deyil ki, 70 illik SSRİ əsarəti zamanında güya Türkiyə və Azərbaycan xalqları başqa millətlərə aiddir kimi fikirləri yeritməyə çalışsalar da, bunu bacarmadılar.
SSRİ dağıldıqdan sonra gediş-gəliş yaranan kimi bu xalqların bir-birinə nə qədəe bağlı, vəfalı olduğu bir daha ortaya çıxdı. Ona görə də biz bu gün qardaşlığın sübutundan yox, uzun və uğur dolu yolundan danışmalıyıq.
Dünyada din, etnik kökən baxımından bir-birilə yaxın olan dövlətlər çoxdur. İyirmidən çox ərəb dövləti, xeyli sayda müsəlman ölkəsi, Koreya dövlətləri, bir zamanlar var olan Almaniya dövlətləri, Afrika ölkələri buna nümunədir. Ancaq, heç birinin münasibətlərini Azərbaycan və Türkiyə münasibətləri ilə müqayisə etmək mümkün deyil.
Ərəb ölkələri eyni dindən və kökdəndirlər. Amma, indi iki elə bir ərəb ölkəsi tapmaq mümkün deyil ki, münasibətləri qardaşlıq səviyyəsində olsun. Bizim qardaşlığımızın böyük gələcəyi var. Və buna heç kimin şübhəsi yoxdur.
Hər iki dövlətin xüsusilə son 30 ildə dövlət rəhbərləri və siyasi elitası arasındakı münasibətlərinin yüksək səviyyədə olması da həlledici faktordur.
Süleyman Dəmirəlin dövründən indiyə qədər hər iki ölkə liderlərinin münasibətləri ideal səviyyədədir. Süleyman Dəmirəl ilə Heydər Əliyevin münasibəti kimi İlham Əliyevlə də Ərdoğanın münasibətləri daim artan və dinamik xətlə inkişaf edir. Nəticələr də ortadadır. Dünyanın heç bir yerindən Türkiyə qədər Azərbaycana dəstək görmədik. Azərbaycanın bu gün yeritdiyi siyasət Türkiyənin maraqlarına o qədər uyğundur ki, birgə addımları müəyyən edir.
90-cı illərdə olan münasibətləri indiki münasibətlə müqayisə etmək düzgün olmazdı. İndiki münasibətlər o dövrdə qoyulan təməllərin üzərində dayansa da, xeyli inkişaf edib və şaxələnib. 90-cı illər və yeni əsrin ilk 10 illiyində rəsmi olaraq Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığından danışa bilirdik. Ancaq son 15 ildə münasibətlər strategiyaya çevrildi. Bu isə Ərdoğan və İlham Əliyevin yürütdüyü siyasət və həmin siyasətin uzlaşmasından yarandı. Təkcə Şuşa bəyannaməsi ilə iki ölkənin münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Türkiyə - Azərbaycan qardaşlığı təkcə iki ölkə üçün əhəmiyyətli deyil, bütün regionda sülhü, təhlükəsizliyi təmin edən faktordur.
İki ölkə bu gün bir sıra regional, qlobal layihələrin müəllifidir. Avropanın enerji təhlükəsizliyi bu gün iki ölkənin qardaşlığı üzərində dayanıb. Bu qardaşlıq hansısa ölkəyə, birliyə qarşı çevrilməyib. Özünümüdafiə, dünyada sülhün keşiyində durmaq, iki xalqın rifahını müdafiə etmək məqsədi güdür.
Buna görə də iki ölkənin qardaşlığına dünyanın bir çox yerlərindən dəstək var. İki ölkənin müttəfiqliyi Ukraynada, Suriyada, ərəb dünyasında olan qarşıdurmaların yumşaldılmasına öz təsirini göstərir. İki dövlət eyni mövqeyi tutur, eyni prinsiplərə söykənir.
-Şuşa bəyannaməsi nəyə görə ümumtürk qələbəsi sayılır?
-Şuşa bəyannaməsi təkcə Azərbaycan və Türkiyə diplomatikasının yox, bütün türk dünyasının mənafelərinə uyğun nəticədir. Təkcə Azərbaycanın hədəflərinə yox, bütün türk dünyasının hədəflərinə uyğundur. Buna iki istiqamətdən yanaşmaq lazımdır. Birincisi bəyannamə türk dünyasının iki ən qüdrətli dövlətinin münasibətlərini strateji müttəfiqliyə yüksəltdi. 1994 və 2010-cu ildə imzalanan dostluq, hərbi əməkdaşlıq, ikitərəfli yardım müqavilələrinə uyğun olaraq münasibətlərin təməli atıldı. Bu dövrdə münasibətlərimiz hələ strateji əməkdaşlıq səviyyəsinə çatmamışdı.
Şuşa bəyənnaməsindən sonra regiondakı problemlərin həll olunmasında iki dövlətin müttəfiqliyi rəsmiləşdi.
İkincisi Şuşa bəyannaməsində türk dünyasının mənafeyinə uyğun məsələlər ortaya qoyulub. Bunlar inteqrasiyanın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, TÜRKSOY, türk fondu kimi təşkilatların işinin struktulaşdırılması kimi məsələlərdir. Şərq, Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin gücləndirilməsi, Zəngəzur dəhlizinin açılmasının təyin olunması üçün birgə fəaliyyət göstərilməsi, Naxçıvana yolun açılması və.s kimi məsələlər ətrafında işlər öz əksini tapıb.
Türk dünyası mücərrəd coğrafi məkanda yerləşmir. Ağıla ilk Türkiyə, Azərbaycan, daha sonra mərkəzi Asiyanın türkdilli dövlətləri, hələ müstəmləkə olan türkdilli xalqlar gəlir. Həmin nəqliyyat dəhlizləri birbaşa türkdilli coğrafiyada önəmli roy oynayır.
Şuşa bəyannaməsi türkdilli xalqların taleyində hələ gələcəkdə çox böyük nəticələr ortaya qoyacaq. Bəyannaməni oxuduqca türkdilli dövlətlərin mənafeyinə uyğun gələcək səslənir.
-Ərdoğanın prezident seçkilərindən sonra Azərbaycana səfəri oldu. Səfər zamanı hansı mühüm məsələlərə toxunuldu ?
-Ərdoğanın prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi özü bir mesajdır. Bu hər iki dövlət rəhbərinin bir-birinə münasibətdə ənənələrə sadiq olduğunu göstərir. Elə İlham Əliyev də seçkilərdən sonra ilk səfərini Türkiyəyə edirdi. Ənənə pozulmursa, o deməkdir ki, müttəfiqlik də heç zaman pozulmayacaq. Ərdoğanın Bakıda etdiyi çıxışlar, görüşlər diqqəti cəlb etdi. Bölgəmizin taleyi üçün Vətən müharibəsindən sonrakı prosesləri dilə gətirmək olduqca önəmli idi. Bu sırada Zəngəzur dəhlizini xüsusilə vurğulamaq lazım idi. Ərdoğanın Zəngəzur dəhlizinin açılması yolunda əsas maneənin nə olduğunu söyləməsi hədəfləri dəqiq göstərir. Eyni zamanda hədəflərin aradan qaldırılması üçün nələrin lazım olduğunu vurğulayır. İndiyə qədər biz əngəl olaraq erməni lobbisini nəzərə alırdıqsa, məlum oldu ki, dəhlizin açılmaması üçün İran da heç də onlardan geri qalmır. Ərdoğan İranın apardığı bu siyasətin həm də onun özünə ziyanlı olduğuna eyham etdi. Dəhlizin açılmasının regiondakı dövlətlərlə birgə İranın da faydasına olacağı vurğulandı.
Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin Şərq-Qərb nəqliyyat dəhlizinin daha rəvan, bütün potensialı ilə işləməsini təmin etmək deməkdir.
Azərbaycanın və Türkiyənin hərbi sənayesinin gücləndirilməsi baxımından verilən mesajlar olduqca önəmli idi. Bu, Vətən müharibəsindən sonra münasibətlərin yeni mərhələyə daxil olmasının nümayişi idi. Müharibədən öncə biz iki ölkənin hərbi müttəfiqliyindən danışmağa çətinlik çəkirdik. İndi isə bu birlik real fakt kimi ortaya çıxıb. Hər iki dövlətin hərbi qüvvəsi başqa ölkəyə qarşı yox, öz təhlükəsizliyini təmin etmək üçün cəmləşib.
-Böyük zəlzələ faciəsindən sonra Türkiyəyə mərhələli şəkildə hansı dəstəkləri verdik və verməyə davam edirik?
- Böyük zəlzələ faciəsindən sonra biz Azərbaycan və Türkiyə qardaşlığının hansı səviyyədə olduğunu gördük. Bəzən insanlarımız yalnış ifadələr səsləndirirlər. Guya zəlzələdən sonra iki ölkə arasında münasibətlər güclənib. O qədər insan ölməzdən, evsiz qalmazdan əvvəl güclü deyildimi?
Bu cür faciələr qardaşlığımızın nə qədər sarsılmaz, möhkəm olduğunu göstərdi. Azərbaycan ilk gündən faciə bölgəsində oldu, insanlara yardım əlini uzatdı. Xilasedicilər konkret işlət gördülər. İnsanlar üçün lazımı olan yetəri qədər yardım göstərildi. Hətta, İlham Əliyev türkdilli ölkələrin Şuşaya təyin edilən görüşünün Ankarada keçirilməsini təklif etdi. Bu da həmin anda türk dövlətlərinin kollektiv şəkildə Türkiyəyə dəstək olmasına şərait yaratdı.
-Azərbaycan xalqında Ərdoğana qarşı rəğbət nələrdən sonra yaranıb?
-Ərdoğan Azərbaycanda xalqın mütləq əksəriyyəti arasında böyük etimad qazanıb. Azərbaycanda Ərdoğana olan rəğbətə səbəb Türkiyədə də xalq tərəfindən sevilməsidir. Çünki, azərbaycanlılar lider cəmiyyət münasibətlərinin nəyə söykəndiyini çox yaxşı bilirlər.
Digər tərəfdən Ərdoğanın Azərbaycan xalqına və dövlətinə olan fəal münasibəti məsələdə xüsusi yer oynayır. O, hakimiyyətə gələn gündən Qarabağ məsələsində Azərbaycanın yanında olub. Ermənistan dəfələrlə sərhədlərin açılmasını gündəmə gətirsə də, Ərdoğanın sayəsində məsələ bağlandı. O, Qarabağ məsələsi həll olunmayana qədər sərhədin açılmasından söhbət getməyəcəyini dilə gətirdi. 2009-cu ildə Ermənistanın çox çalışdığı sülh protokollarının ləğv edilməsi Ərdoğanı Azərbaycan xalqına sevdirdi.
Vətən müharibəsi zamanı Ərdoğanın ardıcıl bəyənatları, dəstək çıxışlar Azərbaycan xalqı tərəfindən unudulmayacaq. O, özünü təkcə Türkiyə yox, Azərbaycan xalqının da problemlərini həll edən lider kimi aparır. Azərbaycanı beynəlxalq təhlükələrə qarşı müdafiə edir.
Müharibəni Azərbaycan təkbaşına aparsa da, Türkiyənin diplomatik dəstəyi məsələnin həllində vacib rol oynadı. Bunun nəticəsində Ermənistan bölgəyə başqa təhlükəli qüvvələri cəlb edə bilmədi. Hazırda işğaldan azad edilən torpaqlarımızın yenidənqurma işlərində Türkiyə mühüm rol oynayır.
Əfsanə Kamal