Erməni təxribatının pərdəarxası məqamları

Qarabağda anti-terror əməliyyatının keçirilməsi aktuallaşır

İyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Cavab tədbirləri ilə düşmənin atəş nöqtəsi susdurulub. Məlumata görə, atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib. Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra ermənilər artilleriya qurğularından və zərbə PUA-larından istifadə etməklə Zəngilan istiqamətində döyüşə başlayıblar. Azərbaycan Müadfiə Nazirliyinin rəsmi məlumatına görə,  bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bəs, sözügedən təxribatın arxasında hansı qüvvələr dayanır? Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məlum idi ki, Ermənistan hərbi təxribatlara hazırlaşır. Təsadüfi deyil ki, ABŞ- da öz vətəndaşlarına Azərbaycanla sərhəd rayonlarına getməməyi çağırış etmişdi: "Ermənistanın bu hərbi əməliyyatlarına İran və Rusiya dəstək verir. May ayından başlayan ABŞ-ın  vasitəçiliyi ilə aparılan danışıqları Rusiya sıfıra endirdi. Xarici işlər nazirlərinin bu ayın 12 -də görüşünün baş tutmaması, məhz hərbi əməliyyatların başlanmasına gətirib çıxaracağı gözlənilən idi. Ermənistan tərəfindən Laçında NBM atəşə tutulması, ardınca hərbi əməliyyatlara başlaması planlaşdırılıb və ssenarisi Moskvada hazırlanıb. Nikol Paşinyanın Rusiya səfərindən sonra bu hərbi  təxribatların başlaması təsadüfi deyil. Ermənistanla yenidən danışıqlar prosesi payızda başlayacaq. Payıza qədər Azərbaycan Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməlidir".

Politoloq qeyd edib ki, Rusiya MDB ölkələrinə təzyiqləri artırır. Azərbaycan da bu qurumu tərk etməlidir: "Azərbaycan Xankəndində de-yure nəzarəti bərpa etdikdən sonra, həmçinin Ermənistanla sülh müqaviləsinin bağlanması ilə regionda geosiyasi mövqeyi əhəmiyyətli dərəcədə güclənəcək. Xüsusilə, Türkiyə ilə kordinasiyali fəaliyyət nəticəsində həm logistik, həm də iqtisadi inkişafa nail olacaq. Orta dəhlizin aktiv işə düşməsi və Zəngəzur dəhlizinin acilmasi ilə regionda yeni bir güc mərkəzi formalaşacaq. Mərkəzi Asiya ölkələri də bu geosiyasi və geoiqtisadi platformalarda yer alacaq. Ona görə də Azərbaycan  Rusiyanın Müstəqil Dövlətlər Birliyi(MDB) təşkilatından çıxmalıdır: "Rusiya çalışır ki, Qərbin təzyiqləri fonunda MDB-də aktiv iştirakını təmin etsin. Məhz bu istiqamətdə üzv ölkələrlə müqavilələr bağlayır. Hətta prezident V. Putin MDB-nin birgə məhsul ixrac etməsi və  MDB adında brendi məhsullar istehsal etməsini təklif kimi çıxış edib. Son aylarda Moskva aktiv şəkildə Avrasiya İttifaqı və MDB daxilində aktivləşməsi üzv ölkələrin müstəqilliyinə qarşıdır. Azərbaycan MDB-dən çıxmaqla öz müstəqilliyini gücləndirəcək və regionda iqtisadi-siyasi  əməkdaşlıq platforması qura bilər".

Politoloq hesab edir ki, Ermənistan tərəfindən Laçın yolunda NBM-nin atəşə tutması sülh danışıqlarını pozmaqdan ibarətdir: "Prosesin arxasında birmənalı olaraq Rusiya dayanır. Rusiyanın Ermənistanda agentura şəbəkəsinin belə bir təxribatlarını gözləməliyik. Məqsəd Qərbin vasitəçiliyini pozmaqdan ibarətdir. Ermənistanda rəvanşistlər birbaşa Kreml tərəfindən idarə olunur. Bu kimi silahlı təxribatlar həyata keçirilməsi Ermənistanın əleyhinə işləyir. Belə halda, Qarabağda  erməni silahlı  birləşmələrinə qarşı anti-terror əməliyyatları aparılması qaçılmazdır. Moskva tərəfindən himayə edilən və lojistikasi həyata keçirilən silahlı separatçılar Azərbaycan üçün təhlükə olaraq qalmaqdadır. Rusiya açıq şəkildə Azərbaycana qarşı silahli erməni separatizmini müdafiə və təchiz edir. Bunun qarşısını almaq üçün ABŞ və Avropa İttifaqı da Azərbaycanı tam dəstəkləyir. Vaşinqton Azərbaycana qanunsuz silahli erməni birləşmələrinə qarşı əməliyyatlar aparması üçün yaşıl işıq da yandırıb".

Siyasi şərhçi Asif Nerimanli hesab edir ki, Ermənistanın Laçın postunda və Zəngilan istiqamətində təxribat hücumu eyni planın tərkib hissəsidir. Və əsas prosesin Zəngəzur dəhlizi ətrafında baş verdiyi görünür: "İrəvan Laçında post qoyulmasını Zəngəzur dəhlizində də eyni rejimin - sərhəd-keçid məntəqəsinin qurulması-tətbiq ediləcəyi prinsipinə görə qəbul etdi, lakin Bakı "Laçın dəhlizi"ndə istədiyinə nail olandan sonra Zəngəzur dəhlizi məsələsini arxa plana keçirmədi. Türkiyə və Rusiyanın bu məsələdə eyni mövqedən çıxış etməsi bizim əlimizi gücləndirən amildir: "Moskvada sonuncu görüşün nəticəsindən də belə görünür ki, İrəvana yalnız terminologiyadan imtina etmək vədi verilir. Dəhliz ifadəsindən imtina olunur, lakin "maneəsiz keçid" təmin olunmalıdır. Baş nazir müavinlərinin üçtərəfli görüşündə də bu mövqe dəyişməz qaldı. Türkiyədə seçkilərin başa çatmasından sonra Ərdoğan Bakıya ilk səfərində Zəngəzur dəhlizi yenidən gündəmə gəldi, bunun reallaşması istiqamətində daha intensiv işləməklə bağlı müzakirələr aparıldı.Bu situasiyada Ermənistan Laçında postu ləğv etmək və Zəngəzurdan "maneəsiz keçid" verməmək prioritetini seçib, indiyə qədər bunu ritorika ilə dilə gətirirdilərsə, görünür artıq praktiki müstəvidə hərəkətə keçirlər. Beynəlxalq müstəvidə Laçın postu ilə bağlı Bakıya təzyiq cəhdlərinin nəticə verməməsi fonunda atəşin açılmasının birdən çox hədəfi ola bilər. Beləliklə Postda indiyə qədər təmin edilən təhlükəsizlik şəraitini pozurlar, təxribatla postda hərəkəti dayandırırlar. Bu, Qarabağa kənar müdaxilənin qarşısını almaq baxımından Bakının istifadə edə biləcəyi amil olmaqla yanaşı, erməni əhalisinin postdan istifadəsinin arxa plana keçirilməsi baxımından Ermənistana, Rusiyaya və separatçılara sərf edən məqamdır, çünki ermənilərin postdan istifadəsi onlarla təmasların qurulmasına və təbii reinteqrasiyaya şərait yaradır. Postun bağlanmasını beynəlxalq müstəvidə Bakıya təzyiq üçün istifadə edə bilərlər ki,  bu da İrəvana Zəngəzur dəhlizi ilə bağlı mövqeyini gücləndirmək, ruslara və separatçılara erməni əhalisi ilə azərbaycanlıların təmaslarının qarşısını almaq üçün lazımdır. Laçın postunun atəşə tutulmasından sonra Zəngilanda- Zəngəzur dəhlizi istiqamətində təxribat hücumlarının da "dəhliz planı"na qarşı praktiki müstəvidə atılan addım olduğu bəllidir. Ötən ayın sonunda bu istiqamətdə erməni diversiya qrupunun hücumu da buna hesablanmışdı və hələ o zaman yazırdıq ki, "bu, ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq və mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsi ola bilər". Diqqətçəkən məqamlardan biri də Ərdoğanın Bakı səfərindən sonra Zəngəzur dəhlizinə problem yaradan ölkənin ölkənin İran olduğunu açıqlaması idi. Təxribat hücumlarında Rusiyanın maraqları olduğu kimi, İranın da bu və ya digər formada iştirakı istisna edilməməlidir. Burada Rusiya ilə İranın maraqlarının uzlaşdığı və toqquşduğu məqamlar maraqlıdır: hər iki tərəfin Laçın postunda maraqları uzlaşır, Zəngəzur dəhlizində toqquşur; bölgədə İranın Ermənistana dəstəklə "dəhliz planı"nı təxirə salmaq istədiyi, Moskvanın isə Bakının adekvat addımlarının İrəvana "dərs olması" və rusların dayanacağı "maneəsiz keçid"in önünün açılacağı perspektivinə hesablanan mürəkkəb oyun gedir".

Onun sözlərinə görə, Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinə hücumundan sonra postdan istifadə dayandırılıb və məlumatlara görə, İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər açılmayacaq: "İrəvanın bunu edəcəyi çətin görünür və rəsmi Bakı bu müddətdə Qarabağdakı erməni əhalisinin təminatını öz üzərinə götürmək istiqamətində addımlar ata bilər. Bu, Qarabağa "humanitar yardım" adı altında müdaxilənin qarşısının alınması və reinteqrasiya prosesinin irəliləməsi baxımından əhəmiyyətli olardı. Qarabağda mümkün antiterror əməliyyatı öncəsi Rusiya öz oyununu oynamağa başlayıb. "Ria Novosti"nin ABŞ-ın Qarabağdakı separatçılara "reinteqrasiya görüşlərindən imtina ediləcəksə, Bakı antiterror əməliyyatına başlayacaq" xəbərdarlığına dair tirajladığı informasiya Moskvanın prosesi idarə etmək gedişi olaraq görünür. Rusiya ABŞ-ı ittiham edir, o cümlədən, "günah keçisi" olaraq separatçıların qondarma "xarici işlər naziri" Kazaryanı göstərir. Reinteqrasiya və bunun ABŞ vasitəçiliyi ilə həyata keçirilməsi Moskvanın Qarabağdakı maraqlarına ciddi zərbədir, bu baxımdan, infotəxribatlarla prosesi baltalayır. Lakin başqa məqam da diqqətdən yayınmamalıdır: ABŞ xəbərdarlıq etsə belə, separatçıların reinteqrasiya prosesinə razılaşacaqları çətin görünür və mövcud vəziyyətdə, xüsusilə son təxribalar fonunda antiterror əməliyyatı daha aktual görünür. Bakı anti-terror əməliyyatı keçirmək qərarı veribsə, rusların bu cür infotəxribatları bunun qarşısını ala bilməyəcək. Bu baxımdan, rusların infotəxribatı daha çox özünü "sığortalamağa" bənzəyir. Mümkün antiterror əməliyyatında "Bakını buna sövq edən Vaşinqtondur" deyə bilmək üçün istinad nöqtələri yaradırlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31