Böyük güclərin Ermənistandan geosiyasi alət kimi istifadə etmələri Azərbaycanın maraqlarına cavab vermir - ÖZƏL
12 İyun 2023 10:03 Siyasət"Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın Zəngəzur dəhlizinin açılması ilə bağlı iyunun ikisində apardıqları 9 saatlıq danışıqların uğurlu bitdiyi xəbər verilsə də, bu uğurun nədən ibarət olmasına yanaşmada ziddiyyət var. Rusiya rəsmisi cəmisi 2-3 məsələdə, o sıradan da dəmir yolunun haradan keçəcəyində fikir ayrılığının qaldığını bildirir. Ermənistan tərəfin son açıqlamasında "yolların 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndinə uyğun olaraq qarşılıq prinsipi əsasında tərəflərin yurisdiksiyası və suverenliyi altında fəaliyyət göstərəcəyi" qeyd edilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, açıqlamalarından belə görünür ki, deyəsən Ermənistanda sözü gedən bəyanatın 9-cu bəndində nələr əksini tapdığından xəbərsizdirlər: "Bu, öz yerində, amma o bəyanatsız belə Şahin Mustafayevin dediyi kimi Zəngəzur dəhlizi əslində Rusiya sərhədçilərinin kontrolunda olmalıdır. Və bunu haylar hələ üçtərəfli bəyanatdan çox-çox qabaq 1992-ci ildə Rusiya Federasiyası ilə bağladıqları sazişdə öhdələrinə götürüblər. Üçtrəfli bəyanat saziş deyil, orada əksini tapan bəzi bəndlərə məsələn, qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasına Rusiya özü belə əməl etmədiyindən Ermənistan da nələrdənsə boyun qaçıra bilər. Amma hər iki ölkə arasında 1992-ci ilin 30 sentyabrında imzalanan Ermənistandakı Rusiya Sərhəd Qoşunlarının statusu haqda sazişin 3 və 10-cu maddəsi onlara manevr üçün heç bir əl yeri qoymur. Çünki orada Rusiya Sərhəd Qoşunlarına keçmiş SSRİ Sərhəd Qoşunlarının bütün yetkiləri verilirb. Yəni təkcə İranla Türkiyə sərhədləri deyil, həmən sərhədlər boyunca nəqliyyat və kommunikasiya xətlərinə kontrolu da "Böyük Ermənistan", "miatsum" xülyasıyala yaşayanlar Rusiyaya təslim ediblər.
Mqer Qriqoriyan düz deyir, Zəngəzur dəhlizinə hansı ölkənin sərhədçilərinin nəzarət edəcəyi doğrudan da, elə Rusiya və Ermənistanlıq məsələdir. Başqasının torpağına göz dikənlər sözü gedən anlaşma, eləcə də Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Ermənistan Respublikasında yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin statusu haqda 21 avqust 1992, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Rusiya Federasiyasının Ermənistan Respublikasındakı hərbi bazası haqda 16 mart 1995-ci il sazişlərinə uyğun olaraq öz torpaqları üzərində suverenliklərini çoxdan itiriblər. Həm də əgər sonunci sazişin müddəti 2044-cü ilə qədərdirsə, Rusiya Sərhəd Qoşunlarının Ermənistanda nə qədər qalacağını olsa-olsa Ukraynadakı savaşın necə bitəcəyi müəyyənləşdirəcək. Çünki bu saziş müddətsizdir. Beləliklə, Azərbaycanın Baş nazirnin müavini Şahin Mustafayev əslində Ermənistandakıların təkzib və qıcığına səbəb olacaq heç nə deməyib, reallığı dilə gətirib.
O, başqa məsələdir ki, Azərbaycan rəsmləri qarşı tərəfdən fərqli olaraq törədiləcək maneçilikləri nəzərə alıb da indiyədək bitməmiş danışıqların detalları haqda konkret nəsə deməkdən çəkinib. Detallara varmayacam, ancaq orasını deyim ki, əgər Şahin Mustafayev indi konkretliyə varmağa, Zəngəzur dəhlizinin Rusiya sərhədçilərinin kontrolu altında olacağını bildirməyə ehtiyac duyubsa, Ermənistan tərəfi Nikol Paşinyanın mayın 25-də Moskvada ediyi kimi süni səs-küy qaldırmaqdansa oturub fikirləşməlidir ki, bəlkə, burada məqsəd elə onlara dəstəkdir. Çünki, paradoksal görünsə də, biz Ermənistanın nə qədər mümkündür, bir o qədər müstəqlil olmasını istəyirik. Və bu istəyimizdə də oradakı siyasətçilərin çoxundan daha səmimiyik, ən azı ona görə ki, böyük güclərin Ermənistandan geosiyasi alət kimi istifadə etmələri Azərbaycanın da maraqlarına cavab vermir".