Azərbaycanda İKT-nın inkişafı sahəsində böyük uğurlar qazanılır

İstiqamət: informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Müstəqil Azərbaycanda bütün sahələrdə dinamik inkişaf getdiyi kimi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində də ciddi naliyyətlər əldə edilib. Ölkəmizdə telekommunikasiya sahəsində əldə olunan nailiyyətlər yeni texnologiyaların tətbiqinə əlverişli şərait yaradıb. Belə ki, əhaliyə internet xidmətlərinin göstərilməsində ciddi uğurlar qazanılıb. Azərbaycanda  internet istifadəçilərinin sayı ildən-ilə artmaqda davam edir. Eləcə də dövlət və özəl qurumlar fəaliyyətini elektronlaşmış sistem əsasında həyata keçirməkdədir. Xüsusən, dövlət qurumları arasında onlayn fəaliyyət günün tələbinə çevrilib. Başqa sözlə, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafına da müsbət təsir göstərib. MDB məkanında daha çox ölkəmizdə İKT-nin inkişafı ilə bağlı mühüm addımlar atılıb. MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. Artıq ölkəmizin istənilən yaşayış məntəqəsində yüksək sürətli, eləcə də genişzolaqlı internetə çıxış imkanı əldə olunub. Beləliklə, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilib. Ulu öndərin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirib. Prezident İlham Əliyev də respublikamızda İnformasiya Kommunikasiya Texnologiyalarının  inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Bu baxımdan ölkədə İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamların imzalanması təqdirəlayiqdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə İKT-nin inkişafı ilə bağlı mühüm işlər görüldüyünü önə çəkərək demişdir: "Bu gün İKT sahəsində görülən işlər ölkələrin gələcəyini müəyyən edəcəkdir. Kim ki, o sahədə bilikli və bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi daha da güclü olacaqdır. Təbii sərvətlər gec-tez tükənir. Bizim üstünlüyümüz ondadır ki, bu, vardır və biz o imkanlardan səmərəli istifadə edirik. Ancaq eyni zamanda, bu kapitalı "insan kapitalına" investisiya kimi qoyuruq".

Hazırda ölkəmizdə müasir informasiya texnologiyalarının tətbiqi ilə "Bulud hesablama" layihəsi həyata keçirilməkdədir ki, bununla da dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturunun qurulması və standartların formalaşdırılması üzrə tədbirlərin əlaqələndirilməsi təmin ediləcək. "Bulud hesablama" texnologiyası çoxsaylı kompüter və serverlərə, onlarda yerləşdirilmiş tətbiqi proqramlara, proqram platformasına və ya infrastruktura hər növ qurğudan məsafədən çıxışı təmin edir. Məlumat üçün qeyd edək ki, "AzInTelecom" MMC tərəfindən həyata keçirilən "Hökumət buludu"nun yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində yer alıb. Fərmana əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin "Hökumət buludu"ndan istifadəni təşkil etməli, Data Mərkəzində və "bulud" texnologiyasına əsaslanan "bulud" xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və aparılması, elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etməlidir. Fərman əsasında "Hökumət buludu (G-cloud) Konsepsiyası" təsdiq edilib. Konsepsiyada qeyd edilib ki, 2000-ci ildən ötən dövr ərzində informasiya texnologiyaları üzrə xidmət və ya avadanlığın satın alınması, məlumat təhlükəsizliyinin təmin edilməsi, enerji sərfiyyatı və şəxsi heyət xərclərinin azaldılması sahəsində aparılmış araşdırmalar kompüter resurslarından istifadəyə bir mənbədən xidmət edən tor hesablama texnologiyasını (grid computing) və yerləşdirmə (hosting) xidmətlərini ortaya çıxarıb. Lakin bu texnologiyalardan istifadə təşkilatların fəaliyyətinin artan ehtiyaclarının ödənilməsində yetərli dərəcədə səmərəli olmadığı üçün hesablama xidmətlərinin kənar mənbələrdən cəlb edilməsi (outsorsinq) ilə istifadəsinin mümkünlüyü və data mərkəzlərinin sənaye miqyasında xidmət göstərməsi "bulud hesablama" texnologiyasının meydana gəlməsinə zəmin yaradıb. "Bulud hesablama" texnologiyası çoxsaylı kompüter və serverlərə, onlarda yerləşdirilmiş tətbiqi proqramlara, proqram platformasına və ya infrastruktura hər növ qurğudan məsafədən çıxışı təmin edir.

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən "Hökumət buludu"na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir. Artıq Səhiyyə Nazirliyi İT sistemlərini qismən "Hökumət buludu"na köçürür. Belə ki, fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.Səhiyyə Nazirliyi "Hökumət buludu"na miqrasiya çərçivəsində "AzInTelecom" MMC-nin təqdim etdiyi bulud infrastrukturu (IaaS - Infrastructure as a Service) xidmətini əldə edib. Nazirlik informasiya sistemlərini qismən "AzInTelecom" MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.İlkin mərhələdə Səhiyyə Nazirliyinin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib. Həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi hazırlanıb. Səhiyyə Nazirliyi məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS - Backup as a Service) bulud xidmətindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə "AzInTelecom" MMC nazirlik mütəxəssislərini "Veeam" platforması ilə təmin edib.Nazirlik, həmçinin Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə ayrılmış "Qaynar xətt" üçün "AzInTelecom" MMC-nin İP telefoniya xidmətindən yararlanıb və "Qaynar xətt"ə daxil olan zənglərin Rezervlənmə xidmətinə bağlı olaraq idarə edilməsi həyata keçirilir.Dövlət qurumlarının "Hökumət buludu"na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur."AzInTelecom" MMC Azərbaycan və Cənubi Qafqaz regionunda "TIER III" Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, "ISO 20000", "ISO 22301" və "ISO 27001" sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir. Ümumilikdə Azərbaycanda XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, habelə iqtisadiyyatda mühüm yer tutan informasiya və kommunikasiya məhsulları sektorunun yaradılması işində ciddi nailiyyətlərin əldə olunması onu deməyə əsas verir ki, ölkəmiz iqtisadi cəhətdən qüdrətli dövlətdir. Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət informasiya kommunikasiya texnologiyalarının müasir tələblər səviyyəsində inkişafına hərtərəfli imkan yaradır.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31