İsveçrə tipli ilk Cümhuriyyət parlamentimiz - Nəsiman Yaqublunun möhtəşəm araşdırması
25 May 2023 11:10 SiyasətAzərbaycan Cümhuriyyəti dövründə idarəçilik sistemi parlamentli forma idi və ondan kənarda heç bir fəaliyyətə dəstək verilmirdi.Parlamentdə ciddi müzakirələrdən sonra qanun layihələri reallaşırdı.Yəni, qanunverici orqanla icraedici orqan bir məclis hökuməti təşkil edərək olkəni idarə edirdilər.Azərbaycan məclis hökuməti modeli isə tam parlamentar hökumət modeli idi. Bu əslində İsvecrə tipli parlament demokrtatiyası idarəetmə sistemi idi. Həmin dövrdə dünyada müxtəlif demokrtaik idarəçilik sistemləri mövcud olsa da Cümhuriyyət Qurucuları İsveçrə tipinə üstünlük verirdilər.Və bu idarəetmə sistemi tez bir zamanda özünü doğrultdu.Lakin maraqlısı Cümhuriyyət Qurucularının dünyanın müxtəlif demokratik idarəçilik sisteminə bələdçiliyi və İsveçrə tipini dərindən mənimsəməsi, 23 aylıq müddətdə(daha doğrusu 17 aylıq müddətdə- parlamentin mövcudluq dövrü) onu həyata tətbiq edə bilmək qabiliyyət və istedadlarında idi.
İlk olaraq 1918-ci ilin noyabrın 20-də Bakıda keçirilən Azərbaycan Milli Şurasının iclasında Parlamentin yaradılması qərara alındı. Azərbaycan Milli Şurası bununla əlaqədar ayrıca qanun qəbul etdi.
Azərbaycan Cümhuriyyəti Parlamentin çağırılması ilə əlaqədar Milli Şura adından M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci ilin noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" müraciətnamsəi dərc olundu.
Müraciətnamədə yazılırdı: "...Şurayi-Milllinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildə çıxarıb dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 üzvlük bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq parlament irəlidə ümumi seçki üsulu ilə Azərbaycan Müəssislər Məclisi toplaşana qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək..."
Azərbaycan Cümhuriyyəti dövründə əhalinin sayının 2.750.000 olduğu qeyd edilirdi. Buna müvafiq hər 24 min nəfərdən bir nümayəndə olaraq müsəlmanlar − 80, ermənilər − 21, ruslar − 10, almanlar − 1, yəhudilər − 1 nümayəndə parlamentə göndərə bilərdilər.
Parlament 120 nəfərdən ibarət olmalı idi.
Qeyd edilirdi ki, müsəlmanlardan 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər kimi parlamentə cəlb edilirlər.
Qeyd edilirdi ki, Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nümayəndə olmalı idi. Qanunda parlamentə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət Cəmiyəti tərəfindən 2 nümayəndə nəzərdə tutulmuşdu.
1919-cu ilin sonlarında parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupun 96 deputat tərəfindən təmsil olunurdu.
Parlamentin açılışı 1918-ci ilin dekabrın 3-nə təyin olunsa da, baş tutmadı. Bakıdakı rus və erməni milli şuraları parlamentin açılmasına hərtərəfli mane olurdular. Eyni zamanda general Tomsonla danışıqların aparılması və qəzalardan deputatların gələ bilməməsi (bəzi mənbələrdə həmin günün Peyğəmbərin doğum gününə − Mövlud bayramına təsadüf etməsi də bildirilir) səbəbindən Parlamentin açılşı dekabrın 7-nə keçirildi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyaları
I. Müsavat və Bitərəflər fraksiyası (38 nəfər)
II. İttihad fraksiyası(13 nəfər)
III. Əhrar fraksiyası(5 nəfər)
IV. Sosialistlər fraksiyası (13 nəfər)
V. Bitərəflər (3 nəfər)
VI. Müstəqillər( 4 nəfər)
VII. Sol müstəqil (1 nəfər)
VIII. Slavyan - Rus İttifaqı fraksiyası (5 nəfər)
IX. Milli azlıqlar fraksiyası(4 nəfər)
X. Erməni fraksiyası (5 nəfər)
XI. Daşnaksütyun fraksiyası (6 nəfər)
Parlamentin komissiyaları
Azərbaycan Parlamentində 11 komissiya fəaliyyət göstərirdi.Həmin komissiyalar aşağıdakılar idi: 1. Müəssislər Məclisini çağırmaq komissiyası; 2. Maliyyə-büdcə komissiyası; 3. İşçi komissiya; 4. Təsərrüfat quruculuğu komissiyası; 5. Mandat komissiyası; 6. Redaksiya komissiyası; 7. Hərbi komissiya; 8. Aqrar komissiya ; 9. Sorğu komissiyası; 10. Qanunvericilik təklifləri komissiyası; 11. Ölkənin istehsalat gücünün istifadəsi komissiyası.
Azərbaycan Parlamentinin 17 aylıq fəaliyyəti dövründə 270-ə qədər qanun layihəsi müzakirəyə çıxarıldı və onlardan 230-u qəbul edildi.
Azərbaycan Cümhuriyyəti parlamentində 23-dən çox ixtisasca hüquqşunas olan insanlar fəaliyyət göstərirdi.
Azərbaycan Parlamentinin son iclası 1920-ci ilin aprelin 27-də keçirildi.