Beşinci görüş: Şarl Mişelin təşəbbüsləri, Azərbaycanın nikbinliyi və Ermənistanın yaratdığı şübhələr
19 May 2023 11:00 SiyasətAzərbaycan və Ermənistan liderləri arasında növbəti üçtərəfli görüşün nəticələrinin ekspertlər tərəfindən təhlili davam etməkdədir. Müxtəlif fikirlərə rast gəlinir. Qiymətləndirmələr də fərqlidir. Bu mənzərədən, bütövlükdə, Brüssel formatının geosiyasi mahiyyəti ilə bağlı təhlillərin aparılması aktuallığı da aydın görünür.
Brüssel formatı: ənəgəlləri aşa biləcək perspektiv mövcuddurmu?
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli formatda keçirilən görüşlərin səmərəli olub-olmaması ilə bağlı ekspert dairələrinin müzakirələri səngimir. Əlbəttə, istənilən halda dinc danışıqların baş tutması müsbət haldır. Hələ XVIII əsrdə məşhur alman filosofu Qotfrid Leybnits deyirdi ki, "gəlin, hər şeyi oturub danışaq"!
Bununla yanaşı, siyasətdə bir məsələni sonsuza qədər aparmağın da bir faydası yoxdur. Ənənəvi Brüssel formatına ekspertlər məhz ikinci fikir işığında baxmağa çalışırlar. Bu zaman bir sıra faktorları vurğulamaq lazım gəlir. Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın liderləri - İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən növbəti, sayca beşinci görüş çərçivəsində müzakirələrin müəyyən nəticə verdiyi və Azərbaycanın siyasi iradəsini tam ifadə etdiyi birmənalı etiraf edilir.
Azərbaycan dövlət başçısı İlham Əliyev Ş.Mişellə təkbətək görüşündə Brüssel formatının bərpa olunmasından məmnun olduğunu açıq ifadə edib. Bu bağlılıqda Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, regionda davamlı sülh və təhlükəsizliyin, sabitliyin təmin olunmasına yönəlmiş səylərini yüksək qiymətləndirib.
Azərbaycan Prezidentinin bu qiymətnlədirməsi, təbii ki, son dərəcə əhəmiyyətlidir. Dövlət başçısının Brüssel formatının bərpasından razı qalmasının əsasları vardır. Ekspertlər vurğulayırlar ki, burada başlıca yerlərdən birini erməni tərəfin dördüncü görüş ərəfəsində qəbul etdirməyə çalışdığı müəyyən məqamların Ş.Mişel tərəfindən kənara qoyulması ilə bağlıdır. Bu sırada Laçın yolu ilə bağlı söhbətin getməməsi vacib məqamdır. Azərbaycanda yaşayan ermənilər üçün təhlükəsizlik və hüquqi məsələlərin "Dağlıq Qarabağ" inzibati bölgüsü olmadan Azərbaycanın öz vətəndaşları ilə müzakirə edilməli olduğu kimi qəbul edilməsi də əhəmiyyətli faktordur.
Bundan başqa, Azərbaycan Prezidentinin sərhədlərin qarşılıqlı surətdə tanınması, delimitasiya və demarkasiyanın aparılması üçün əməli addımların atılması zərurəti ilə bağlı şərtləri də qəbul edilib. O cümlədən Naxçıvana yolun açılması məsələsinin ayrıca bənd kimi nəzərdən keçirilməsi danılmaz surətdə müsbət haldır.
Bütün bu məqamlar Azərbaycanın dövlət başçısının siyasi-diplomatik məharəti və tam olaraq milli maraqlar müstəvisində fəaliyyətinin məntiqi nəticəsidir. İlham Əliyev, faktiki olaraq, Brüssel formatı çərçivəsində növbəti dəfə N.Paşinyan və havadarlarına üstün gəldi. Azərbaycan Prezidentinin tarixi ədaləti, müasir regional reallıqları və beynəlxalq geosiyasi mənzərənin məntiqini nəzərə alaraq yürütdüyü normallaşma siyasəti öz səmərəsini verməkdədir. Bu baxımdan Brüssel formatının bərpası, əlbəttə, müsbət haldır.
Bunlarla yanaşı, məsələnin digər tərəfi də mövcuddur. Biz, Brüssel formatı təşəbbüskarlarının və rəsmi İrəvanın öz vədlərində nə dərəcədə səmimi ola biləcəklərini nəzərdə tuturuq. Bu məsələ haqqında obyektiv təsəvvür əldə etmək üçün müzakirələrin tarixçəsindən bir sıra məqamları xatırlayaq.
Brüssel formatı çərçivəsində öncəki görüşlərdə də müəyyən müsbət nəticələr əldə olunub. Məsələn, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyaların yaradılaraq konkret fəaliyyət göstərməsi. Lakin Ermənistan tərəfi əldə olunan razılığa əməl etmədi. Bir nümunə də Fransanın qatı ermənipərəst mövqeyi ilə seçilən prezidenti E.Makronun Brüssel formatında görüşlərə qatılmaq cəhdləridir. Yalnız Azərbaycan Prezidentinin qətiyyətli, hüquqi və ədalətli mövqeyi sayəsində bu, baş tutmadı. Lakin çox təəssüf ki, Brüsselin də rəsmi və ya qeyri-rəsmi dəstəyi ilə ermənilərin E.Makronla yanaşı, Almaniyanın kansleri O.Şoltsun da görüşlərdə iştirakını təmin etmək cəhdləri davam edir.
Beşinci Brüssel görüşündən son fakt. Ş.Mişel mətbuata açıqlamasında deyib: "Liderlər Brüsseldə növbəti dəfə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin II Zirvə toplantısı çərçivəsində görüşəcəyik. Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək Avropa Siyasi Birliyinin III Sammiti çərçivəsində daha bir görüşə dəvət etmək niyyətindəyəm". Deyəsən, məsələ ətrafında "kollektiv Qərb" deyilən daha bir format meydana gəlir.
Ədalətli və təmkinli Azərbaycan: Ermənistan və havadarlarının tərəddüdləri fonunda
Təbii ki, Azərbaycan bu formatdan da imtina etmir. Çünki İkinci Qarabağ müharibəsinin qalibi kimi rəsmi Bakı istənilən formatda danışıqlara açıqdır. Prezident İlham Əliyev xüsusi bəyan edib ki, Azərbaycan yalnız dinc danışıqlar və diplomatik təşəbbüslər yolu ilə getməkdə davam edəcəkdir! Ancaq təcrübə göstərir ki, E.Makron və O.Şolts səmimi sülhyaratma missiyasından bir qədər uzaqdırlar. Onlar dolayısı ilə rəsmi İrəvanın haqsız tələblərinin qəbul edilməsi ilə məşğuldurlar. Bu isə sülh yolunda vaxt itirmək deməkdir. Çünki Azərbaycan haqlı və ədalətli mövqeyindən zərrə qədər də geri çəkilmək niyyətində deyil. Bu kontekstdə Brüssel niyə Makron-Şolts tandeminin müzakirələrdə iştirakına "yaşıl işıq" yandırır. Şübhələr qalmaqdadır!
Bu kontekstdə iki mühüm məqamı vurğulamaq istərdik. Onlardan biri Vaşinqtonun Brüssel formatına münasibəti, digəri isə Azərbaycan rəhbərliyinin nikbin mövqeyini saxlaması ilə bağlıdır. ABŞ xarici siyasət idarəsinin sözçüsünün müavini Vedant Patel məsələ ilə bağlı keçirdiyi brifinqdə bildirib: "Məlumdur ki, ABŞ bu danışıqların (Azərbaycan-Ermənistan müzakirələri nəzərdə tutulur - müəllif) tərəfi olmayıb. Lakin Arlinqtonda evsahibliyi etdiyimiz danışıqların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru atılan mühüm addımlardır. Nəticə etibarilə, bu görüşlər bizə Azərbaycanla Ermənistan arasında davamlı sülhün mümkün olduğu qənaətinə gəlməyə imkan verir".
Bu fikirlərdən ekspertlər belə nəticə çıxarırlar ki, Vaşinqton Brüsseldə keçirilən beşinci görüşü Vaşinqton danışıqlarının davamı kimi qəbul edir. Belə olduqda, V.Patelin məntiqində ziddiyyət vardır. Çünki, əgər ABŞ tərəf tutmursa, niyə mümkün variantlar sırasından məhz Avropanın təşəbbüsü ilə keçirilən danışıqları dəstəkləyir və hətta Brüssel formatına Vaşinqtondakı danışıqların davamı kimi baxır?
Burada söhbət ancaq səmimi olaraq tərəflər arasında sülh yaradılmasında ortaq fəaliyyətdənmi gedir, yoxsa hansısa geosiyasi və siyasi kontekst mövcuddur? Biz bu sualı niyə aktual hesab edirik?
Səbəbi onunla bağlıdır ki, regionun digər böyük geosiyasi oyunçusu Rusiya Qərbin bu addımlarına kəskin reaksiya verib. M.Zaxarova, D.Peskov və başqa yüksək səviyyəli rəsmi şəxslər Qərbi əsassız müdaxilələrdə ittiham edərək açıq bəyan ediblər ki, 2020-ci ilin noyabrında qəbul edilmiş üçtərəfli bəyanatın müddəalarından kənarda hüquqi cəhətdən heç bir normallaşmadan söhbət gedə bilməz.
Deməli, faktiki olaraq, Cənubi Qafqaz geosiyasi-hərbi aspektdə üç böyük geosiyasi gücün arasında qala bilər: ABŞ-Aİ-Rusiya! Bunu çətin ki, müsbət hal kimi qiymətləndirmək mümkün olsun. Həm də belə bir vəziyyətin yaranmasının kökündə yalnız Rusiyanın deyil, həm də Qərbin (əsas olaraq ABŞ, Fransa və Almaniyanın) addımları durur. Bu mənada da Ş.Mişelin müsbət təşəbbüslərinə kölgə salınmış olur. Üstəlik, Brüssel formatının özünün də arxa planda hansısa xüsusi geosiyasi niyyətə xidmət etdiyi şübhəsi yaranır.
Bütün bunlara rəğmən, rəsmi Bakının təmkinli və nikbin mövqeyinin tam əsası mövcuddur. Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin müəyyən etdiyi normallaşma prosesinin tələblərinə əməl etməyə çalışır. Dövlət başçısının mövqeyini ifadə etməyə çalışan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın əvvəlində Böyük Britaniyanın "The Financial Times" qəzetinə verdiyi açıqlamada vurğulayıb ki, Azərbaycan Şarl Mişelin vasitəçiliyinə müsbət yanaşır, çünki Aİ-nin gizli planları yoxdur.
Bundan başqa, bütövlükdə, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya məsələsinin həlli, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və yekunda sülh sazişinin imzalanmasını təmin etmək üçün iki istiqamətdə - Qərb və Rusiya istiqamətlərində danışıqlar aparılır. Azərbaycan hər iki formatda görüşlərdə iştiraka razılıq verir. Bununla Bakı Moskva, Vaşinqton və ya Brüsseldə görüşlərin keçirilməsində çeviklik nümayiş etdirir. Səbəbi ondan ibarətdir ki, rəsmi Bakı nəticə əldə etmək üçün prosesin mümkün qədər inklüziv olmasına üstünlük verir. Buna görədir ki, Hikmət Hacıyev xüsusi vurğulayır: "Rusiya regionda sülh quruculuğunda effektiv iştirak edə bilər. Eyni zamanda, Rusiyanın Ukraynadakı müharibə ilə çox məşğul olduğu aydındır"!
Təəssüf ki, Ermənistanın siyasi xəttində bu cür konkret və müsbət mövqe hələ də yoxdur. Oradan fərqli fikirlər eşidilir. Məsələn, N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyir, J.Liparidyan rəsmi İrəvanın Qarabağın Azərbaycana məxsus olduğunu konkret əməldə göstərməli olduğunu deyir, V.Oskanyan isə "Paşinyanı durdurmaq lazımdır!" fəryadını qoparır.
Başqa erməni siyasiləri də fərqli fikirlər söyləyirlər. Belə çıxır ki, Ş.Mişelin ciddi müsbət təşəbbüsləri fonunda Qərbin və Rusiyanın müəyyən siyasi dairələri və Ermənistanın şübhəli addımları Brüssel formatına da kölgə salır, onun səmərəliliyini şübhə altına alır! Azərbaycan isə bunların fonunda öz müstəqil, ədalətli, beynəlxalq hüquqa uyğun və haqlı mövqeyini təmkinlə qoruyur, diplomatik fəallığını daha da artırır!
Kamal Adıgözəlov