Müstəqil Azərbaycanın əsas ideyası, azərbaycançılıq
19 May 2023 09:00 Siyasətİstiqamət: Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Sovetlərin dağılması, müstəqil respublikaların elan edilməsindən sonra siyasi terminimizə bir çox yeni sözlər, ifadələr əlavə edildi. Azərbaycançılıq ideologiyası termini də bu qəbildən idi. Əslində Azərbaycançılıq ideologiyasının dolayı yolla, loru dildə desək pərdə arxasında yayılması, onun insanların şüurlarında hakim olması prosesi elə sovetlərin zamanında gedirdi. Necə ki, müstəqillik illərində bu termini, Azərbaycançılıq ideologiyasını bizlərə, cəmiyyətin şüuruna ümummilli lider Heydər Əliyev çatdırdı, eləcə də sovetlərin zamanında bunun dolayı yolla yayılmasını məhz ulu öndər həyata keçirirdi. Ulu öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, eləcə də Moskvada Siyasi Büroda çalışdığı dövrdə yüzlərlə azərbaycanlı gəncin ali təhsil almaq üçün SSRİ-nin nüfuzlu universitetlərinə göndərilməsi əslində elə gizli yolla da olsa Azərbaycançılıq ideologiyası idi. Eləcə də Azərbaycanın tanınmış ədib və yazarlarının yubileylərinin müntəzəm olaraq qeyd edilməsi də bu ideologiyanın formalaşmasına xidmət edən amillərdən idi.
Müstəqillik illərindən sonra, daha doğrusu ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması ilə Azərbaycançılıq ideologiyasının yayılmasında yeni bir mərhələ başladı. Bu baxımdan 2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi xüsusi qeyd olunmalıdır. Həmin qurultayda çıxışı zamanı Heydər Əliyev Azərbaycançılıq ideologiyasına diqqət çəkərək deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Dünya Azərbaycanlılarının Birinci Qurultayı müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir ideologiya, Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, bu ideologiyanı yaşatması və təbliğ etməsi baxımından diaspor tariximizdə mühüm və əlamətdar hadisə hesab olunurdu. Həmin qurultay həm də ona görə əhəmiyyətli idi ki, dövlət birbaşa Azərbaycançılıq ideologiyasının yayılması, onun vüsət almasında diasporla, xaricdə yaşayan soydaşlarımızla paralel, bərabər işləyirdi. Diaspor təşkilatlarında bir əminlik, arxayınlıq yaradırdı ki, Azərbaycançılıq ideologiyasının təbliğində, onun yayılmasında Azərbaycan dövləti diasporun, xaricdəki soydaşlarımızın arxasındadır, onlara dayaqdır. Bu baxımdan ümummilli lider deyirdi: "Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünə layiq yer tutmasını istəyirik. Azərbaycanlı, bizim həmvətənimiz, həmyerlimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir".
Məhz həmin qurultaydan sonra Azərbaycançılııq ideologiyasının dünyanın dörd bir yanında daha geniş yayılması istiqamətində diasporumuz daha fəal olmağa, səmərəli fəaliyyət göstərməyə başladı. Məhz Ulu öndərin tapşırıq və tövsiyələrindən sonra qəsa müddət ərzində görülən işlər, ortaya qoyulan fəaliyyət Azərbaycançılıq ideologiyasının daha geniş yayılmasına imkan yaratdı. Getdikcə bu ideologiya genişlənir, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın fəaliyyətinə yeni bir rəng qatır, onu irəli aparırdı.
Ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə leksikonumuza gətirdiyi və dillər əzbərinə çevirdiyi Azərbaycançılıq ideologiyası Ulu öndərdən sonra da hər bir azərbaycanlını öz ətrafında birləşdirən bir ideologiya oldu. Təsadüfi deyir ki, bu gün həmin ideologiya cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Bu mənada Azərbaycan Respublikasının Prezident İlham Əliyev azərbaycançılıq ideologiyası barədə deyirdi: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim
dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır". Yaxud bir başqa çıxışında dövlət başçısı Azərbaycançılıq ideologiyasının zəruriliyi, onun azərbaycanlıları öz ətrafında birləşdirən amil kimi dəyərindən bəhs edirdi: "Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi. Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti olaraq bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir".
Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclasında qəbul edilən "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"nda da Azərbaycançılıq ideologiyasına xüsusi yer verilmişdi. Belə ki, sözügedən Xartiya Xartiyada azərbaycançılıq ideologiyası ilə bağlı ayrıca maddə mövcuddur. Bu maddədə bildirilir ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir