Ermənistan sülh müqaviləsinin imzalamasına məcbur edilməlidir
19 May 2023 10:16 SiyasətMayın 14-də Brüsseldə keçirilən növbəti üçtərəfli danışıqları bir sıra cəhətlərdən Azərbaycan üçün əhəmiyyətli hesab olunur. Danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr edirdi, lakin bu ifadə qəbul olunmayıb. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Alma-Ata Bəyannaməsinə istinad var. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan görüşün yekununda Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Bu o deməkdir ki, Paşinyan və Ermənistan Azərbaycanın ən azı 86.6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyıb.Digər vacib məqam Laçın yolu ilə bağlıdır. Mişelin bəyanatında Laçın yolu və Laçın yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin (NBM) qoyulmasına dair heç qeyd yoxdur. Bu məqam belə deməyə əsas verir ki, Azərbaycanın NBM-i öz suveren ərazisində yaratması hər kəs tərəfindən anlayışla qarşılanır, yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Ermənilərin yalançı blokada və NBM isterikası artıq beynəlxalq aləm tərəfindən ciddiyə alınmır. Mişelin bəyanatında yalnız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə vurğu etməsi, Bakının bu qrup insanla açıq dialoqundan danışması göstərir ki, artıq Qarabağdakı erməni əhali nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan vətəndaşları sayılır. Buna uyğun olaraq da heç bir statusdan, hətta beynəlxalq mexanizmlərdən belə söhbət gedə bilməz. İndi əsas odur ki, Qarabağdakı erməni əhali, nəhayət, bunu anlayıb, müvafiq addımlar atsın. Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsi Mişelin bəyanatının növbəti vacib bəndi hesab olunmalıdır. Aİ Prezidentinin bəyanatından aydın olur ki, Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş var. Mişel bəyan etdi ki, kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər.
Millət vəkili Əliabbas Salahzadə qeyd edib ki, bu günədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair keçirilən görüşlərin hər biri ölkəmizin diplomatik uğurlarının davamlılığını təmin edir: "Hər bir görüşdə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstəyi nümayiş etdirən qərarlar qəbul edilib. Yenidən bərpa edilən Brüssel görüşü də ölkəmizə dəstəyi ifadə edən məqamlarla yadda qaldı. Belə ki, tərəflər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Sərhəd məsələlərində irəliləyiş və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi. Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldi, eyni zamanda, 1991-ci ilin "Alma-Ata Bəyannaməsi"nə, Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşlə bağlı mətbuata açıqlamasında bildirdi ki, Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəlindi. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin görüşlə bağlı bəyanatında da Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğu vurğulandı". Millət vəkili bildirib ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərimizin normallaşdırılmasına dəstək verən səyləri alqışlayır, beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirir: "Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələb kimi qarşıya qoyur. Əsas məsələ beynəlxalq səylərin reallıqda öz əksini tapmasıdır. Bunun üçün Ermənistana dəstək dayandırılmalı, sülh müqaviləsinin imzalamasına məcbur edilməlidir. Əksər dünya gücləri bu addımı atmaqla, eyni zamanda, etimad mühitinin formalaşmasına öz töhfələrini verərlər".
Alim