Türkiyə qlobal geosiyasi proseslərə ciddi təsir edə bilən dövlətə çevrilib - ÖZƏL

"Türkiyə hal-hazırda qlobal geosiyasi proseslərə ciddi təsir edə bilən dövlətə çevrilib və onun bu statusu qoruyub saxlayaraq inkişaf etdirməsi lazımdır".  "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə,Ərdoğan hakimiyyəti dövründə Türkiyə təbii olaraq çox işlər görüb: "Son 20 il ərzində istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də xidmət sahəsində olduqca böyük yol qət edilib. Aparılan islahatlar, həyata keçirilən layihələr isə göz qabağındadır. Ancaq görülmüş bütün bu işlərə baxmayaraq dünyanı cənginə almış iqtisadi böhran Türkiyədən də yan keçməyib, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, təbii fəlakət nəticəsində ölkənin alıtda birində yaşanan əlavə problemlər və s. səbəblər AKP hakimiyyətinin nüfuzuna müəyyən qədər zərbə vurur və bu amil də səsvermədə müəyyən rol oynayacaqdır". 

Yusif Bağırzadə hesab edir ki, indiki vəziyyətdə sosioloji sorğuların nəticələri "Cümhur İttifaqı" ilə "Millət ittifaqı" arasında xüsusi böyük fərq olduğunu göstərmir: "Məlumdur ki, həm cənab Ərdoğanın, həm də Kılıcdaroğlunun oturuşmuş elektorat bazası var və istənilən problem onların rəyini dəyişmir. Sosioloji sorğulardan məlum olur ki, hər iki namizədin və eləcə də onları dəstəkləyən siyasi partiyaların ayrı-ayrılıqda 40 faiz civarında oturuşmuş elektoratı var. Məhərrəm İncənin seçki marafonundan çəkilməsindən sonra onun səslərinin də əsasən iki namizəd arasında bölünəcəyi gözlənilir". 

Sadalananları nəzərə alaraq politoloq deyib ki, seçkilrədə ikinci turun olma ehtimalı böyükdür: "Biz təbii olaraq Azərbaycan-Türkiyə münasibətlərində, Türk dövlətlərinin bir araya gəlməsində və nəhayət 44 günlük Vətən müharibəsindəki qətiyyətinə görə qalib kimi Ərdoğanı görmək istəyirik. Amma istənilən halda son sözü türk milləti deyəcək və iradəsini seçkilərdə ortalığa qoyacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31