Erməni tərəfi məğlubiyyətlə barışmaq istəmir - ÖZƏL
12 May 2023 12:29 Siyasət"Həlledici hesab olunan görüşlər öncəsi təxribatların olması adət etdiyimiz haldır. Bunları artıq on illərdir o qədər görmüşük ki, öncədən proqnoz edən bütün əlaqədar şəxslər tezliklə təxribat olacağını deyirlər və bu, belə də olur". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ermənilərin son təxribatını şərh edərkən səsləndirib. O bildirib ki, Vaşinqton görüşündən sonra təxribat olacağı proqnoz edilirdi:
"Brüsseldə bu görüşlərin dövlət rəhbərləri səviyyəsində davam edəcəyi xəbəri yayılan kimi təxribat baş verdi. Təxribatın kimin tərəfindən və ya kimlərin təhriki, nə məqsədlə edilməsi sualı hər zaman aktual olsa da, hesab edirəm ki, əsas bu təhriklərə tərəflərdən birinin və ya hər ikisinin uymasıdır. Görünən odur ki, üçüncü tərəflərin maraqları münaqişə tərəflərindən ən azı birinin istəyi ilə üst-üstə düşür. Təbii ki, tərəflər bunda qarşı tərəfi günahlandırır".
Politoloq deyib ki, Rusiyanın məqsədi bu təxribatlarda məlumdur: "İstiqrarsızlıq mühiti olduğunu göstərməklə onun regionda qalmasının vacib olduğunu göstərmək istəyir. Erməni tərəfi isə görünən odur ki, məğlubiyyətlə barışmaq istəmir. Hər edilən xırda vədə inanıb ümumi şəraitdə nəsə dəyişiklik etmək istəyir, amma hər dəfə zərbə alıb yerinə oturdulur. Ancaq hər dəfə də yenidən eyni işi təkrarlayır. Bunu niyə etdiyi hesab edirəm ki, əsas sualdır. Məsələ ondadır ki, Ermənistan hər dəfə məğlub olsa da, göstərmək istəyir ki, öz taleyində onun da sözü önəmlidir və onun fikirləri də qəbul edilməlidir. Ancaq Azərbaycanın təzyiqləri, hədələri qarşısında daha da küncə sıxılan Ermənistan bu küncdən çıxmaq üçün şeytanla belə razılaşmaya getməyə hazır olduğunu göstərmək istəyir".
Politoloq hesab edir ki, Azərbaycan və Türkiyə Ermənistanı onlara inanmağın əsas çıxış yolu olduğunu görüşlərdə başa salmalıdır: "Ermənistanda bizə inam yaranmalıdır. Ümid az olsa da, bunu etmək lazımdır".