İşğaldan azad edilmiş ərazilərdə yaşayış üçün lazım olan bütün infrastruktur yaradılır
12 May 2023 12:20 Siyasətİstiqamət: işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
İkinci Qarabağ müharibəsində tarixi qələbə qazanan Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərimizə sakinlərin qaytarılması məsələsini hədəf kimi qarşısına qoyub. Mübaliğəsiz qeyd edilməlidir ki, artıq əbədi və əzəli torpaqlarımızda vətəndaşların məskunlaşması üçün xeyli işlər görülüb. Xatırladaq ki, 30 illik işğal dövründə ermənilər tərəfindən bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılaraq milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyata əhəmiyyətli dərəcədə zərər vurulub. Nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda həmin ərzilərin yenidən qurulması və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarlması istiqamətində ciddi aş aparılır. Məlumat üçün qeyd edək ki, bu məqsədlə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sözügedən sərəncamın icrası məqsədilə işağldan azad edilmiş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilir. Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası dövlətin prioritet məsələlərindən hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirakı də fikrimizi bir daha təsdiq etmiş oldu. Belə ki, artıq yeni yaşayış massivi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır. Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.
Ardınca dövlət başçısı və xanımı Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlini qoyublar. Məlumat üçün qeyd edək ki, ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq.Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.
Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə təkcə yaşayış binaların tikilməsilə kifayətlənməyərək paralel olaraq orada məskunlaşacaq sakinlər üçün sosial və iaşə obyektlərinin, nəqliyyat-kommunikasiyaların inşaası da aparılır. Belə ki, ağdam rayonunda 960 şagird yerlik məktəb inşaa ediləcək ki, həmin məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq. Xatırladaq ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir. Bundan başqa, Ağdam şəhərində tikiləcək inzibati binanın təməli qoyulub. Sözügedən inzibati bina beş mərtəbədən ibarət olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın birinci mərtəbəsində rayon statistika idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət şöbəsi, Məşğulluq Mərkəzi (DOST mərkəzi), Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı və arxiv olacaq.İkinci mərtəbədə 7 iclas otağı, 8 açıq ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı, iki hissəyə bölünə bilən ziyafət zalı yaradılacaq. Dördüncü və beşinci mərtəbələrdə də ofislər, görüş, iclas və digər otaqlar olacaq. İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.
Öz doğma yurdlarına qayıdacaq sakinlərin normal yaşayışını təmin etmək məqsədilə nəqliyyat kommunuikasiya tikintisinə də diqqət yetirilir. Artıq Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisinə başlanılıb və onun başa çatdırılması ilə əlaqədar ciddi iş aparılır. Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir və elektrikləşdirilməyib. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib. Dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platforma, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılıb. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir. Sözügedən tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə-Təzəkənd hissəsində işlərin 80 faizi icra edilib. Təzəkənd-Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir. Kompleks vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək. Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur. Göründüyü kimi hazırda məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün lazım olan bütün infrastruktur yaradılır. Təkcə Ağdam şəhərində deyil, eləcə də işğaldan azad olunuş bütün ərazilərimizdə quruculuq-abarlıq işləri həyata keçirilir. Məqsəd isə vətəndaşlarımızın öz döğma yurdlarına qayıdışını təmin etməkdir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir