Heydər Əliyevin xarici siyasətinin Avropa istiqaməti: suverenliyi təmin edən inteqrasiya nümunəsi
11 May 2023 15:35 SiyasətUlu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyi və xalqın inkişafı ilə bağlı müqayisəedilməz xidmətləri zaman keçdikcə daha aydın görünür. Dahi Liderin fəaliyyəti çoxşaxəli olub və onun öyrənilməsi sonu olmayan bir prosesdir. Həmin fəaliyyətin müəyyən aspektlərini təhlil etmək çox vacibdir. O cümlədən Ulu Öndərin Avropa istiqamətində həyata keçirdiyi siyasətin həm Azərbaycanın suverenliyinin təmin edilməsi, müstəqilliyinin qorunması, həm də institusional olaraq daha da demokratikləşməsi və təkmilləşməsi baxımından əhəmiyyəti böyükdür. Bu prosesdə Ulu Öndərin uğurlu enerji strategiyası mühüm yer tutur. Biz həmin kontekstdə Heydər Əliyevin Avropa siyasətinin bir sıra məqamları üzərində dayanmağa çalışacağıq.
Böhrandan qurtuluş: Heydər Əliyev dühasının xilaskarlığı və quruculuğu
Ulu Öndər Heydər Əliyev tarixdə nadir hallarda meydana gələn siyasi liderlərdəndir. Bu dahi şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin memarı və xalqın Ümummilli Lideri kimi töhfələri əvəzsizdir. Yeganə dövlət xadimidir ki, həm sovet dövründə Azərbaycana rəhbərlik edib, həm də müstəqillik dövründə çox böyük uğurlu dövlət başçısı olub. Heydər Əliyev çox mürəkkəb daxili sosial-siyasi və iqtisadi, regional və qlobal geosiyasi şəraitlərdə Azərbaycanda müstəqil dövlət qurmağı bacarıb. Ulu Öndərin məhz milli, regional və qlobal miqyaslarda Lider kimi fəaliyyəti dünyanın yüksək inkişaf etmiş dövlətlərinin başçılarının belə heyrətinə səbəb olub. Onlar Ulu Öndər haqqında çox maraqlı fikirlər ifadə ediblər. Məsələn, Fransanın Prezidenti olmuş Jak Şirak deyib: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irslə fəxr edə bilər".
Azərbaycanın böyük lideri olan Heydər Əliyevi həm də regionun lideri kimi qəbul etmək olar. Dünya miqyasında da Ulu Öndərin ən uğurlu liderlərdən biri kimi qəbul edilməsi sirr deyildir. Ümummilli Liderin xarici siyasət kursunun bir sıra məqamları üzərində düşünəndə, yuxarıdakı qənaətlərin tam əsaslı olduğuna bir daha əmin oluruq.
İlk öncə onu qeyd edək ki, Heydər Əliyev Azərbaycanda, Cənubi Qafqazda, postsovet məkanında və Avropada çox mürəkkəb bir siyasi və geosiyasi şəraitdə Azərbaycana rəhbər olmağa xalq tərəfindən dəvət edildi. Həmin mürəkkəb, çətin və ziddiyyətlərlə dolu bir mərhələdə ölkəyə rəhbərlik etməyə müdriklik lazım idi. Lakin Azərbaycan xalqı Ulu Öndəri yaxşı tanıyırdı və tam əmin idi ki, ancaq Heydər Əliyev ölkəni xilas edə biləcək. Və Azərbaycan xalqı yanılmadı.
Fəaliyyətinin ilk günlərində Heydər Əliyev müstəqil dövlət quruculuğuna böyük aktivliklə başladı. Biz bu məqalədə əsas olaraq Ulu Öndərin xarici siyasətinin bir sıra məqamları üzərində dayanmağa çalışacağıq. Onu demək lazımdır ki, həmin dövrdə ölkənin xarici siyasəti çox ağır vəziyyətə salınmışdı. Əvvəlki iqtidarların bu istiqamətdə atdıqları səriştəsiz addımlar nəticəsində ölkə, faktiki olaraq, parçalanmaq həddinə gəlmişdi. Vəziyyətdən çıxış üçün mütləq xarici siyasətin prioritetlərini düzgün müəyyən etmək və praktiki aspektdə ardıcıl, düşünülmüş, məharətli addımlar atmaq lazım idi.
Bunun üçün Ulu Öndər realpolitik ruhlu siyasətə üstünlük verdi. O zaman postsovet məkanının müstəqillik qazanmış digər respublikalarında neoliberal siyasət dəbdə idi. Ancaq təcrübə göstərdi ki, Heydər Əliyev haqlıdır: xarici siyasəti mövcud geosiyasi vəziyyətə uyğun qurmaq səmərəlidir və konkret nəticələr verə bilər. Heydər Əliyev xarici siyasətin prioritetləri siyahısında Avropa istiqamətinə məhz konkret və ciddi praktik aspektləri olan fəaliyyət xətti kontekstində məzmun verdi. Ulu Öndər bununla bağlı ifadə edib: "Konkret nəticə nöqteyi-nəzərindən Avropa İttifaqı ilə əməkdaşlıq başqa beynəlxalq təşkilatlara nisbətən daha da nəticəlidir".
Deməli, Heydər Əliyev Azərbaycanın xarici siyasətində realpolitik çərçivəsində konkret nəticəyə hesablanmış dərin, düşünülmüş siyasəti əsas götürdü. Bu kursun verdiyi nəticələri qısa şəkildə vurğulamaq yerinə düşərdi.
Azərbaycan-Aİ: Ulu Öndərin enerji strategiyası və Avropaya inteqrasiya
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş" imzalandı. Bu saziş 1999-cu il iyulun 1-də qüvvəyə mindi. Bununla Ulu Öndər Azərbaycanın Avropa istiqamətində yeritdiyi xarici siyasət kursunu ikitərəfli münasibətlərin hüquqi bazası üzərində qurdu. Sənəd-sazişin imzalaması mərasimində Heydər Əliyev, faktiki olaraq, yığcam şəkildə Azərbaycanın strateji məqsədini də ifadə etdi. Ulu Öndər bəyan etdi: "Azərbaycan Avropa ölkələri arasında inteqrasiya proseslərinin gələcəyinə böyük ümidlər bəsləyir və bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak edəcəkdir".
Bununla Azərbaycan-Aİ münasibətləri iki aspektdə daha konkret məzmun almağa başladı. Birincisi, tərəflər arasında münasibətlərin yaradılması və inkişaf etdirilməsi mexanizmi formalaşdı. İkincisi, Azərbaycan-Aİ münasibətlərinin inkişafına real olaraq təkan verildi. O cümlədən Azərbaycanın Avropa ilə əlaqələrində institusional səviyyədə qarşılıqlı münasibətlər tərəflərin, obrazlı desək, inteqrasiyası müstəvisinə keçdi.
Burada siyasi əhəmiyyətli iki özəlliyi vurğulamaq lazımdır. Birinci özəllik ondan ibarətdir ki, başqa postsovet məkanı ölkələrindən fərqli olaraq, Azərbaycanın Avropaya inteqrasiyası heç bir halda bir tərəfin digərinə institusional birləşməsi anlamını vermir. Azərbaycan Aİ-nin demək olar ki, əsas əməkdaşlıq proqramlarında iştirak edir. Bu proqramlar siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, enerji, ekoloji, idarəetmədə şəffaflaşma, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrini əhatə edir. Azərbaycan Aİ-nin Yeni Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində Brüssellə sıx əməkdaşlıq etməkdədir. Nəqliyyat-logistika və enerjidaşıyıcılarının istismarı, daşınması, istifadəsi sahəsində sıx və geniş əməkdaşlıq mövcuddur. Ancaq bütün bunlar heç bir halda Azərbaycanın milli maraqlarından, milli təhlükəsizliyin və suverenliyin təminindən kənara çıxmır və çıxa bilməz.
Bu tezisi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan-Aİ əlaqələrinin məzmunundan aydın görə bilərik. Məlumdur ki, bu Proqrama daxil olan ölkələrdən yalnız Azərbaycan tam müstəqilliyi təmin edən qarşılıqlı faydalı şərtlər daxilində Brüssellə münasibətlər qurub. O cümlədən Azərbaycan enerjidaşıyıcılarının Avropaya çatdırılmasında bərabərhüquqlu fəal tərəfdaş kimi iştirak etməkdədir.
Bu, böyük tarixi nailiyyətdir və onun bazasını Ulu Öndər Heydər Əliyev yaradıb. Konkret olaraq, Heydər Əliyevin enerji strategiyası regional və qlobal miqyasda Azərbaycanın həm yerini möhkəmlədib, nüfuzunu yüksəldib, həm də, bütövlükdə, müstəqil dövlət kimi inkişafında mühüm rol oynayıb. Ulu Öndər enerji strategiyasının əsasını keçən əsrin 90-cı illərindəki fəaliyyəti ilə yaradıb.
Bu prosesdə "Əsrin müqaviləsi"nin böyük rol oynadığını bütün dünya etiraf edir. Həmin müqavilə dünyanın ən böyük enerji şirkətlərinin Azərbaycana yolunu açdı. Eyni zamanda, sonrakı mərhələlərdə Azərbaycan neft və qazının Avropaya çatdırılması marşrutlarını müəyyən etməyə imkan verdi və bu, bir neçə variantda həyata keçdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Əruzum, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi layihələr Ulu Öndərin uğurlu enerji strategiyasının birbaşa bəhrələridir. Bu prosesi Heydər Əliyev elə qurub ki, həm bir sıra dövlətlərin milli təhlükəsizliyi təmin edilir, həm Avropanın müxtəlif institutları və beynəlxalq təşkilatlarla əlaqələr inteqrasiya istiqamətində durmadan inkişaf edir, həm də Azərbaycanın müstəqil dövlət kimi suverenliyi təmin edilir.
Hazırda Heydər Əliyevin əsasını qoyduğu Aİ siyasəti böyük uğurla Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir. Ekspertlər bu kontekstdə Heydər Əliyevin layiqli siyasi varis yetişdirə bilməsinin əhəmiyyətini ayrıca vurğulayırlar. Həqiqətən də, Prezident İlham Əliyev XXI əsrin ən uğurlu siyasi liderlərindən biri kimi Avropa İttifaqı istiqamətində enerji, nəqliyyat-logistika və digər sahələrdə olduqca əhəmiyyətli nailiyyətlərə imza atıb.
Həmin sırada İlham Əliyevin Aİ ilə həm Cənubi Avropa (İtaliya, Bolqarıstan, Yunanıstan və s.), həm də Şərqi Avropa (Rumıniya, Macarıstan, Polşa və s.) istiqamətlərində əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini vurğulamaq zəruridir. Azərbaycan Prezidenti yeni enerji və nəqliyyat-logistika infrastrukturunun Cənubi Qafqaz-Avropa məkanında əlaqələndirilməsi layihələrinin təşəbbüskarı və əsas reallaşdırıcılarından biridir. Konkret olaraq, Cənub Qaz Dəhlizini, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) yaradılmasını və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycanı əhatə edən "Həmrəylik Halqası" adlanan əməkdaşlıq formatını nümunə kimi göstərə bilərik.
Əlbəttə, bu və digər nailiyyətlərin kökündə Ulu Öndərin Aİ istiqamətində formalaşdırdığı xarici siyasət kursu və onun əsasında Aİ-yə inteqrasiyanın fəlsəfəsi dayanır. Prezident İlham Əliyev Ulu Öndərin xarici siyasət kursunu kreativ olaraq inkişaf etdirir. Etiraf edək ki, bu, Avrasiya məkanı üçün yeganə nümunədir. Şübhə yoxdur ki, həmin istiqamətdə Azərbaycan yeni-yeni zirvələr fəth edəcəkdir!
Kamal Adıgözəlov