"Torpaqlarımızı erməni barbarlığının kökünü kəsib, çiçəkləndirmək üçün azad etmişik"- ÖZƏL

"Prezident İlham Əliyevin Şuşada xalqa müraciəti bir sıra yeni hadisələr, yeni nüanslarla əlamətdar oldu. Prezidentin bu müraciətində xüsusilə Şuşada son günlər ərzində atılan yeni addımlarla tanış olduq. Eləcə də 1991-1992-ci illərdən başlayaraq indiyə qədər Azərbaycanla əlaqəli olan bir sıra maraqlı hadisələri, bu müddət ərzində Azərbaycanın inkişafının maraqlı təhlilini ortaya qoydu. Məruzədən öyrəndik ki, bu günlər ərzində Şuşada bir sıra əhəmiyyətli mədəni, sosial təyinatlı obyektlərin təməli qoyuldu. Tikintisi başa çatan infrastruktur obyektlərinin açılışı oldu. Bu yeniliklər bir daha sübut edir ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra verdiyi bəyanatlara sadiqlik nümayiş etdirir. Çünki, biz işğal altında olan torpaqlarımızı ermənilərdən onlar kimi viran vəziyyətdə saxlamaq üçün geri almamışıq. Torpaqlarımızı erməni barbarlığının kökünü kəsib, çiçəkləndirmək üçün azad etmişik".

Bu sözləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru  Aydın Quliyev deyib.

Çıxışda verilən mesajların mahiyyəti bundan ibarət idi. Digər tərəfdən 90-cı illərdən bu yana Azərbaycanın inkişafının nələrə söykəndiyi ilə bağlı analitik hesabat xarakterli fikirlər səsləndi. Prezident, Heydər Əliyevin Naxçıvandan başlayaraq Azərbaycan üçün etdikləri ilə bağlı sırf faktaloji məsələlərə söykənmədi. Çünki, onun Azərbaycan üçün etdiklərini saymağa praktik olaraq vaxt yetməz. İlham Əliyev faktlardan bəhs etməkdən çox, Azərbaycanın bu illər ərzində siyasi, sosial-iqtisadı, daxili və xarici inkişafının sxemlərini təqdim etdi. Biz bu çıxışdan Heydər Əliyevin prezidentliyi dövründən İlham Əliyevin prezidentliyinə qədər Azərbaycanın öz iqtisadiyyatını, ordusunu, beynəlxalq inteqrasiyasını hansı modellər əsasında həyata keçirdiyini öyrəndik. Ayrı-ayrılıqda hər birindən geniş şəkildə danışmaq mümkündür. Prezidentin çıxışını diqqətlə dinlədiyimiz zaman heç bir şübhə yeri qalmır ki, Azərbaycanın müxtəlif sahələr üzrə inkişafının konkret sxemləri mövcuddur. Heydər Əliyev tərəfindən əsası qoyulan sxemlər illər ərzində özünü doğrultdu. Bizimlə oxşar vəziyyətdə olan başqa dövlətlər bu modellərdən nümunə kimi istifadə etsələr, onlarda da müsbət nəticə olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31