Dahi şəxsiyyət və qüdrətli lider- HEYDƏR ƏLİYEV-100

Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.

           Heydər ƏLİYEV      
    Azərbaycan xalqının ümummilli lideri 

Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq.
İlham ƏLİYEV 
                                                                Azərbaycan Respublikasının Prezidenti 

Azərbaycanın tarixində müstəsna xidmətləri olan, yaddaşlarda silinməz iz buraxmış tarixi şəxsiyyətlərin içərisində müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar şəxsiyyət, xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. 
Heydər Əliyevi Ümummilli Lider səviyyəsinə yüksəldən əsas cəhətlərdən biri də onun Azərbaycanla, Azərbaycan xalqı ilə qırılmaz tellərlə bağlı olması idi. O, bu barədə deyirdi: "Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana, Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir". 
Azərbaycanı düşünmək, Azərbaycanla yaşamaq başlıca amalı olan Ulu Öndər Heydər Əliyevin Vətən sevgisinin sərhədi yox idi. Onun Vətəni üçün çalışmaq həvəsi, millətinə mümkün qədər çox fayda vermək istəyi sonsuz idi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə daim fəxr etmiş, dahi rəhbərin böyük qürur hissi ilə dediyi "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri hər bir azərbaycanlının qəlbində dərin iz buraxmış, iftixarla səsləndirdiyi şüara çevrilmiş və onun xalqına nə qədər bağlı, sədaqətli olduğunu bir daha isbatlamışdır. 
Azərbaycan çətin və ağır günlərdə sınaq qarşısında qalanda millətinin imdadına yetişən Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürmüş, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyərək hakimiyyət sükanının arxasına keçmiş, qısa müddətdə dövlətlə xalqın birliyini, yekdilliyini təmin etmişdir. Məhz müstəqil, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi dövləti yaratmaq, xilaskar kimi Ulu Öndər Heydər Əliyevə nəsib oldu. 
Həyatının bütün mənasını Azərbaycan xalqına və dövlətinə xidmətdə görən, Azərbaycanın müstəqilliyini dünyanın ən böyük neməti hesab edən Ümummilli Lider Heydər Əliyevin adı xalqının tarixinə və taleyinə qızıl hərflərlə yazılmışdır. Əsas məqsədi, amalı müstəqil, azad və firavan Azərbaycan dövlətini qurmaq olan, dövlət müstəqilliyinin dönməz və əbədi olduğunu daim çıxışlarında qətiyyətlə qeyd edən Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailliyəti - dövlət müstəqilliyimizi daim qoruyab saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". 
Azərbaycanın dövlət müstəqilliyi Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində qorundu və əbədiləşdirildi. 1995-ci ildə qəbul edilmiş və müəllifi məhz Ulu Öndər Heydər Əliyev olan ilk konstitusiyamız isə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu, hakimiyyət bölgüsünü və Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi. Ulu Öndərin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamlı və düşünülmüş daxili və xarici siyasət konsepsiyası nəticəsində əldə edilmiş uğurlar daha da inkişaf etdirildi, milli maraqlarımızın və mənafelərimizin etibarlı qorunması təmin olundu. 
Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndər demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Hələ ötən əsrin ortalarından başlayaraq Azərbaycanın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır. 
Ümummilli Lider sonralar o illəri xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır". 
Ümummilli Lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır.  Məhz Heydər Əliyev tərəfindən Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması, həmçinin respublikadakı vacib sahələrin milliləşdirilməsi istiqamətində işlərin görülməsi Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış bir proses idi.
İmperiyanın mövcudluğu dövründə milliləşmənin çox çətin olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: "DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Yavaş-yavaş mən də xalqımın, doğma millətimin mili hisslərini, milli şurunu oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkələnməyini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək istəyirdim". 
Azərbaycanın bir çox tanınmış ziyalıları dahi rəhbərimiz Heydər Əliyevin böyük fədakarlığı nəticəsində imperiya cəngindən qurtula bildilər. Məhz Ümummilli Liderimizin müstəsna təşkilatçılıq qabiliyyəti və hədsiz vətənpərvərliyi nəticəsində repressiyanın minlərlə qurbanı bəraət aldı. SSRİ dövründə bütün müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda dissident yox idi. Bu barədə Ümummilli Lider Heydər Əliyev deyirdi: "70-ci illərdə başqa yerlərdə çox dəbdə idi, qiymətləndirilirdi ki, DTK bir dissident tapıbdır. Amma biz qoymadıq ki, burada bir dissident olsun". 
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hərbi kadrlar hazırlayan təhsil müəssisəsini - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbi yaratmaqla Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilinə nail olmuşdu. Azərbaycan dövlətçiliyinin intellektual və hərbi potensialının formalaşdırılmasına yönəlmiş bu cəsarətli addımların əhəmiyyəti, müstəqil dövlət quruculuğundakı rolu əvəzsiz idi.
Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müdafiə qüdrəti artmış, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizlik əsasən təmin edilmiş, əhalinin sosial rifahı xeyli yaxşılaşmışdır. Aparılan uğurlu iqtisadi siyasət və islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək 30 illik işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməklə xalqımızın tarixinin şərəf və ləyaqət səhifəsini qızıl hərflərlə yazdı. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində dediyi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikri çox keçmədən öz təsdiqini tapdı.
Azərbaycan dövlətinin siyasi - iqtisadi inkişafı o qədər dinamik, xalqla iqtidar arasında yaranmış birlik o qədər sarsılmazdır ki, ölkəmizin qazandığı qələbələr, əldə etdiyi nailiyyətlər bundan sonra da davamlı olacaq. Xalqımız inanır ki, nə qədər Azərbaycan dövlətinin sükanı arxasında böyük siyasətçi və dövlət xadimi Ümummili Liderin layiqli davamçısı İlham Əliyev dayanır, o bütün sınaqlardan qələbə ilə çıxacaq, bütün çətinliklərin də öhdəsindən layiqincə gələcək, müstəqilliyimiz əbədi olacaqdır. 
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir: Mən, Heydər Əliyev qurucusu olduğu müstəqil Azərbaycanın vətəndaşıyam!
H.Zeynallı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31