Heydər Əliyev ədliyyə orqanlarının inkişafını daim diqqət mərkəzində saxlamışdır

"Ölkədə insan haqlarının etibarlı təminatına verilən müstəsna əhəmiyyətin daha bir bariz nümunəsi olaraq ümummilli lider tərəfindən 1998-ci ildə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalandı və insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı. İnsan haqları üzrə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirildi, pozulmuş hüquqların bərpasında mühüm rol oynayan müstəqil təsisat - Ombudsman institutu yaradıldı, ökəmiz insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu". "Olaylar" xəbər verir ki, bu fikirləri ədliyyə naziri Fikrət Məmmədov "Heydər Əliyev müasir məhkəmə-hüquq sisteminin banisidir" adlı məqaləsində qeyd edib. Bildirib ki, Ümummilli Liderin ən mühüm və tarixi addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur: "1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi, əfv və amnistiya institutlarının geniş tətbiqinə başlanılması, on minlərlə məhkumun bağışlanması ulu öndər Heydər Əliyevin yüksək humanizmini, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir. Hüquqi dövlət quruculuğunun Heydər Əliyev konsepsiyasında ədliyyə orqanlarının inkişafı da daim diqqət mərkəzində saxlanılmışdır. Xüsusi qeyd etmək istərdim ki, hələ sovetlər birliyində ədliyyə sisteminin təkmil bir struktur kimi sabit fəaliyyətinin təmin olunması məhz 1970-ci ilə - Ümummilli Liderin Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31