Tarixdə adı millətinin, ölkəsinin adı ilə bərabər çəkilən böyük şəxsiyyətlər çox deyil

Ümummilli lider Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, adı xalqının, Vətəninin adı ilə qoşa çəkilir. Azərbaycan xalqı hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi.  Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycan xalqı Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək.

Ulu öndər hələ Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə sovet rejiminin  məhdudiyyətlərinə, müəyyən çərçivələrinə baxmayaraq, respublikamızın hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyətli işlər həyata keçirirdi. Bütün məqamlarda vaxt, zaman özü Heydər Əliyevi Azərbaycana rəhbər vəzifəyə gətirmişdir. Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi "Azərbaycan tarixinin Heydər Əliyev dövrü" kimi səciyyələndirilir. Heydər Əliyev birinci dəfə Respublika hakimiyyətinə gələrkən keçmiş İttifaq Respublikaları arasında Azərbaycan Respublikası ən aşağı yerlərdən birində dururdu. Qısa məqamda Heydər Əliyevin ən yüksək işgüzarlığı, intellektual səviyyəsinin imkanları vəziyyəti elə məqamlara gətirdi ki, Azərbaycan bir-birinin ardınca dəfələrlə keçici Qırmızı Bayraq ordeni aldı. Nəticədə Azərbaycan İttifaq Respublikaları arasında ən yüksək səviyyəyə ucaldı. Bir rəhbər olaraq Heydər Əliyev Azərbaycanın həyati əhəmiyyəti olan bütün sahələrinə, o cümlədən sənayenin, kənd təsərrüfatının, təhsil, mədəniyyət, səhiyyə sahələrinin inkişafına xüsusi diqqət göstərirdi.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.  

Ulu öndər Heydər Əliyevin talehi bir insanın ömrü yolu deyil o, Azərbaycanın tarixidir. Heydər Əliyev  hər an, hər gün, hər il tarixin yazıldığını unutmurdu. Zamanın tarixini də özü yazırdı. Öz gördüyü özünü təstiq edəcəyi tarixi hadisələri ilə birlikdə. Heydər Əliyev bu günün gələciyini bilirdi və vaxtı ilə uzaqgörənliklə söylədikləri bu gün artıq Azərbaycanın reallığıdır. "Biz Qarabağ məsələsini həll edəcəyik.Vaxt lazımdır.Heç kim torpaqlarımızı Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun."

Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

1993 - 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur.

Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili - "Heydər Əliyev İli"ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edir.

Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Bunlar artıq müxtəlif görkəmli şəxslər tərəfindən edilir və bundan sonra da daim ediləcəkdir. Çünki o dünya şöhrətli Azərbaycanlı, dövlət xadimi və böyük lider kimi adını tarixə yazmışdır. Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir. O, qüdrətli dövlət xadimi, sadə bir azərbaycanlı kimi könüllərdə özünə əbədiyyət qazanmışdır. O böyük insan özündən sonrakı nəsillərə düzgün bir yol qoymuşdur. Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan hər addımda daha da güclənir, qüdrətlənir. İndi hər birimizin qürur mənbəyinə çevrilmişdir.

"Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik". Ulu öndərin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının (YAP) ətrafında sıx birləşdi. Bu bir həqiqətdir ki, Azərbaycan gənclərinin hamisi olan Ümummilli liderin siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclərlə bağlı idi. Bu siyasət gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir.  

Həmidxan Almasov

Yardımlı rayon Bozayran kənd Tam Orta məktəbinin müəllimi