Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılmışdır.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyindən verilən məlumatda ölkənin müxtəlif xəbər saytlarında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri barədə məlumat verilmişdir.

Məqalələrdə Heydər Əliyevin uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və siyasi müdrikliyi ilə tam bir dövlətçilik dahisi olduğu bildirilir. Azərbaycanın dövlət müstəqilliyinin bərpa etdiyi ilk illərində Ermənistanın hərbi təcavüzünə məruz qaldığı, suveren ərazilərinin 20%-nin işğal edildiyi, etnik təmizləmə nəticəsində kütləvi şəkildə qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi bir zamanda məhz Heydər Əliyevin səyləri ilə məhv olmaq təhlükəsindən qurtulduğu qeyd olunmuşdur.

Ümummilli liderin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi bildirilmiş, habelə onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, o cümlədən beynəlxalq miqyasda ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılmışdır.

Məlumatlarda Heydər Əliyevin daxili siyasətinin Azərbaycana sabitlik gətirdiyi, xarici siyasətinin isə çoxsaylı dost və tərəfdaşlar qazandırdığı və Bolqarıstanın da bu dövlətlərdən biri olduğu göstərilmiş və bu əlamətdar tarixdə Heydər Əliyevin xatirəsinin bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən dərin hörmət və ehtiramla anıldığı qeyd edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31