Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu Ulu Öndərin adı ilə bağlıdır - HEYDƏR ƏLİYEV - 100
10 May 2023 15:53 Siyasət"Bu gün müasir müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiramla və minnətdarlıqla yad edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili İmamverdi İsmayılovun sözlərinə görə, Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir: "Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı Ulu Öndərin adı ilə birbaşa bağlıdır. Buna görə də, ölkəmizin taleyində elə bir hadisə yoxdur ki, orda Heydər Əliyevin adı olmasın. Və buna görə də deyə bilərəm ki, hərtərəfli tərəqqinin təməlində, həmçinin ölkəmizin müstəqilliyini əldə edərək qoruyub saxlanılmasında, müasir Azərbaycan dövlətinin tarixində Ulu Öndərin özünəməxsus yeri var. Həyatı bir tarix olan bu dahi şəxsiyyət haqqında günlərlə, aylarla yorulmadan danışmaq olar. O cümlədən, bu gün əminliklə demək olar ki, Ulu Öndərin ruhu şaddır. Çünki, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən qeyd etdi ki, mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edib, xalqımız Ulu Öndər tərəfindən əsası qoyulan quruculuq və inkişaf yolunda gələcəyə inamla addımlayır".