Prezidentin müraciəti rəmzi xarakter daşımaqla bərabər, eyni zamanda önəmli mesajlarla yadda qaldı - ÖZƏL
10 May 2023 13:25 Siyasət"Prezident İlham Əliyev bu gün Şuşadan Heydər Əliyevin 100-cü ildönümündə etdiyi müraciət rəmzi xarakter daşımaqla bərabər, eyni zamanda önəmli mesajlarla yadda qaldı. Cənab Prezidentin vurğuladığı kimi məhz Qarabağ münaqişəsi Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra start götürdü və Azərbaycan xalqının başına gətirilən bəlalar məhz bu andan başladı".
Bu fikirləri "OLAYLAR"-a səsləndirən politoloq Vüqar Əhmədov deyib ki, həm erməni radikalları və millətçiləri, həm də Sovet rəhbərliyi Ulu Öndərin Azərbaycan sevgisindən çəkinirdilər: "Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəni siyasi və iqtisadi baxımdan toparlamağa, inkişaf mərhələsinə keçirməsi üçün illər lazım oldu. Lakin bütün bu illərdə Ümummilli Lider nəinki torpaqlarımızın qaydıcağına ümidini itirmədi, eyni zamanda xalqı da bu ümidlə yaşatdı. Şuşanın azad olunması isə Prezident İlham Əliyev tərəfindən Ulu Öndər qarşısında bu tarixi və müqəddəs missiyasının başa çatmasının elan edilməsi idi".
Vüqar Əhmədov deyib ki, güclü və sağlam təməllər üzərində qurulan bu siyasət öz bəhrəsini verdi, bundan sonra da Azərbaycan hansısa yad dəyərlər üzərində deyil, məhz xalqımızın illərdi formalaşdırdığı milli dəyərlərlə yaşayacaq və öz yoluna davam edəcək: "Eyni zamanda Azərbaycan öz multikultural dəyərlərini də qoruyub saxlayacaq. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrildi, eyni zamanda dünya birliyi tərəfindən sülhpərvər bir dövlət kimi tanındı. Bununla da Ulu Öndər siyasətinə sadiq qalan Prezident İlham Əliyev ölkəmizi inkişafa, sülhə, sabitliyə və yeni quruculuq mərhələsinə aparır".