Ümummilli lider Heydər Əliyev xalqımıza üç böyük miras qoyub - HEYDƏR ƏLİYEV - 100

"Əziz xatirəsini böyuk ehtiramla və minnətdarlıqla yad etdiyimiz ümummilli lider Heydər Əliyev xalqımıza üç böyük miras qoyub. Bunlardan biri də dövlət müstəqilliyi ilə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli deyib. Bildirib ki, 1991-ci ildən adı formal müstəqil dövlətlər sırasında yer alan Azərbaycan milli suverenliyini - əsl müstəqilliyini məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əldə etdi. Azərbaycan dövləti öz resurslarının sahibinə çevrildi, respublikamız beynəlxalq münasibətlər sistemində milli-strateji maraqları əsasında təmsil olunmağa başladı. Azərbaycan adı müstəqil siyasət yürüdən dövlətlər sırasında layiqli yerini tutdu. Beləliklə, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin müstəqillik zirvəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik bir dövlətin mənəvi-siyasi ömrünü əks etdirən anlayışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpası 32 ilə yaxın zaman müddətini əhatə etsə də, qət edilən zəngin və şərəfli yola, qazanılan tarixi nailiyyətlərə nəzər saldıqda belə bir qənaətə gəlmək olur: Azərbaycan zaman etibarilə gənc, mahiyyət və keyfiyyətcə kamilliyə, müdrikliyə çatmış müstəqil dövlətdir. Bu, Heydər Əliyev ideyalarının reallaşdırılması sayəsində mümkün olub: "İkincisi zəngin mənəvi-siyasi irs, yaxud Heydər Əliyev ideyaları: Heydər Əliyevin zəngin dövlətçilik irsi, heç şübhəsiz, milli sərvət və mütərəqqi dəyər, dövlətçilik konsepsiyasıdır. Heydər Əliyev ideyaları həm XX, həm də XXI əsrdə Azərbaycan dövlətçiliyinin mənəvi-siyasi əsaslarını təşkil edən dəyərlər sistemidir. Üçüncüsü isə siyasi varislikdir. Ümummilli lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişafı, dayanıqlı sabitliyi təmin etmiş oldu. 31 dekabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah və tərəqqi ilə bağlı söz verən cənab İlham Əliyev xalqımıza vədlərini, ata vəsiyyətini yerinə yetirdi. O, inkişafın milli modelini yaratdı, daha güclü Azərbaycan quruculuğuna müvəffəq oldu".

Onun sözlərinə görə, bu gün Ulu Öndərin ruhu şad, xalqımızın alnı açıqdır. Çünki Azərbaycan tərəqqi yolunda, Zəfər marşındadır: "Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə - möhtəşəm Qələbəyə imza atdı! İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. Daha güclü Azərbaycan naminə parlaq gələcəyə gedən yol Qarabağın işğaldan azad edilməsindən, Zəfər təqvimindən və Zəngəzur dəhlizindən keçir. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq. Başqa sözlə, tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir - Böyük Qayıdışa start verilib. Müstəqillik və bütövlükdə dövlətçilik tariximiz iki tarixi Qayıdışla əlamətdardır:

- 1993-cü ilin iyun ayında Heydər Əliyevin Qayıdışı - Azərbaycanın xilası və tərəqqi yoluna çıxması;

- Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə qazanılmış möhtəşəm Qələbə - tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə - hərbi-siyasi əsarətdən xilas edilmiş yurd-yerlərimizə Böyük Qayıdış. Heydər Əliyev 1993-cü ildə Naxçıvandan Bakıya QAYIDARAQ Azərbaycanın Qurtuluşunu təmin etdi. İlham Əliyev isə QAYIDIŞDAN başlanan Qurtuluş sayəsində təməli qoyulan Zəfər yolu ilə Azərbaycanı Şuşa zirvəsinə, Qarabağ məqamına yüksəltdi - xalqımızın Böyük QAYIDIŞ arzusunu reallaşdırdı!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31