Heydər Əliyev öz siyasətində hər zaman humanizm prinsiplərinə xüsusi önəm verib - ÖZƏL - HEYDƏR ƏLİYEV -100

"Heydər Əliyev İli" çərçivəsində daha bir önəmli və əlamətdar tarixi hadisəyə şahidlik edirik. Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən 801 nəfər azadlığa qovuşdu, yüzlərlə ailəyə sevinc bəxş olundu".

"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə,   heç şübhəsiz, əfv olunanlar dövlətin onlara inam və etibarını hiss edir, ictimaiyyətin nümayəndələri humanizm nümunəsi olan bu addımı yüksək dəyərləndirirlər: "Diqqətçəkən xüsusi məqam budur ki, "Heydər Əliyev İli" çərçivəsində imzalanan Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Bunun mühüm sosial əhəmiyyəti ilə yanaşı, böyük rəmzi mənası var. Çünki Ulu Öndər Heydər Əliyev öz siyasətində hər zaman humanizm prinsiplərinə xüsusi önəm verib. Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Müstəqil respublikamızda 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Xalqımızın Ümummilli Liderinin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlət başçısının öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır. Bir sözlə, Heydər Əliyev siyasəti yaşayır, Ulu Öndərin əbədiyaşar ideyaları Azərbaycan xalqına xoşbəxt, firavan və parlaq gələcək vəd edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31