Rusiya təşəbbüskarlığını artıracaq - ÖZƏL
8 May 2023 13:39 SiyasətBu gün Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri başlayır. Səfər çərçivəsində erməni baş nazirinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.
Paşinyanın Rusiya səfəri ilə bağlı fikirlərini bölüşən "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı deyib ki, erməni baş nazirinin Rusiyaya dəvət edilməsində məqsəd Bakı ilə İrəvan arasında olacaq mümkün təmaslarda Moskvanın əsas fiqur rolunu oynamasına nail olmaqdır:
"Rusiya bütün halda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşiqnton görüşündən razı deyildi. Bu ölkə İkinci Qarabağ müharibəsindən sonra çalışıb ki, heç bir kənar qüvvə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesində iştirak etməsin və vəziyyət yalnız öz təsir dairəsində saxlanılsın. Ona görə də Vaşinqton görüşündən sonra yenidən bu istiqamətdə təşəbbüskarlığını artırıb".
Arzuman Muradlı ehtimal edir ki, yaxın vaxtlarda Rusiya Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə görüşün keçirilməsinə təşəbbüs göstərib, onu reallaşdıracaq.