Rusiyanın xarici siyasətinin yeni konsepsiyası: fövqəldövlət iddiası fonunda prioritetlər
27 Aprel 2023 15:13 SiyasətBu il martın 31-də Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyası qəbul olunub. Ekspertlər onu bir neçə aspektdə təhlil edirlər. Şimal qonşumuzun yeni konsepsiyada irəli sürdüyü müddəalar və onların kontekstində xarici siyasətin prioritetlərinin mahiyyəti əhəmiyyət kəsb edir. Bütün hallarda Rusiya böyük və güclü dövlətdir. Onun Cənubi Qafqaz istiqaməti də daxil olmaqla, dünyanın müxtəlif regionları üzrə tutduğu siyasi xətt ciddi surətdə nəzərə alınmalıdır. Həmin məqamları aydın dərk etmədən, konkret olaraq, Moskvanın Azərbaycan siyasətini adekvat anlaya bilmərik. Bunları nəzərə alaraq, Rusiyanın xarici siyasət konsepsiyasının başlıca məqamlarını, o cümlədən Azərbaycanla bağlı qismini təhlil etməyə ehtiyac duyduq.
Dünyaya supergüc iddiası mövqeyindən baxış: liderlik uğrunda rəqabətin növbəti mərhələsi?
Ekspert dairələri Rusiyanın xarici siyasətinin yeni konsepsiyasını müxtəlif aspektlərdə təhlil etməkdədirlər. Həmin sənədin məzmunundan tutmuş semantik özəlliklərinə qədər geniş analizi aparılır. Bu, təsadüfi deyildir. Çünki yeni konsepsiya həm Rusiyanın dünya miqyasında iddia etdiyi məqsədləri, həm də Moskvanın bu məqsədlərə çatması mexanizmlərini, siyasi-diplomatik kursunun mahiyyətini ifadə edir.
Bizim üçün maraqlı olan cəhətlərdən biri Rusiyanın yeni xarici siyasət konsepsiyasında "yaxın xaric" adlandırılan və Azərbaycanın da daxil olduğu məkanda Kremlin siyasi xəttinin ümumi məqamlarının yer almasından ibarətdir. Lakin Cənubi Qafqaz və o cümlədən Azərbaycanla əlaqəli Moskvanın nəzərdə tutduğu siyasəti adekvat dərk etmək üçün öncə bütövlükdə yeni sənədin fəlsəfəsi, geosiyasi məqsədi, xarici siyasətin prioritetləri və bütün bu istiqamətlərdə məqsədə çatmaq üçün nəzərdə tutulan fəaliyyət mexanizmləri ümumi səviyyədə təhlil edilməlidir. Beləliklə, Rusiyanın yeni xarici siyasət konsepsiyasını geosiyasi və siyasi olaraq ümumi necə xarakterizə etmək olar?
Öncə onu vurğulayaq ki, rusiyalı alimlər və ekspertlər sənədin geniş təhlilini aparmaqdadırlar. Sənədin ümumi xarakteristikası və burada qarşıya qoyulan məqsədlərin məzmunu göstərir ki, Rusiya xarici siyasət konsepsiyasını fövqəldövlət, supergüc statusu əsasında qurmaq niyyətindədir. Burada iki geosiyasi məqam özünü göstərir. Birincisi, Rusiya qlobal miqyasda liderliyə iddia edən və müstəqil davranmağa çalışan güc mərkəzi kimi özünü təqdim edir. İkincisi, bunu sadəcə xarici siyasi-diplomatik fəaliyyət faktoru ilə məhdudlaşdırmır, əksinə, ayrıca "ölkə-sivilizasiya" səviyyəsində "rus dünyası" yaratmaq iddiası ilə reallaşdırmağı nəzərdə tutur.
Konsepsiyanın mətn kimi dili (semantikası), strukturu və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi mexanizmləri bu iki məqsədi qarşılıqlı əlaqədə həyata keçirməyə xidmət edir.
Belə çıxır ki, əsasən Qərb siyasi, diplomatik, ekspert dairələrinin və mətbuatının təqdim etməyə çalışdığı kimi "Rusiya çökür" tezisini Kreml nəinki qəbul etmir, hətta Qərbə meydan oxuya biləcək, ondan heç asılı olmayan daha güclü Rusiya yaratmaq iddiasındadır. Moskva Çin və Hindistana da geosiyasi rəqibi kimi baxsa da, bu ölkələrə onlardan asılı olmayan və hətta geosiyasi müstəvidə diqtəedici güc ola biləcəyi kontekstində yanaşır. Həmin tezis də bir sıra ekspertlərin "Rusiya Çindən asılı vəziyyətə düşür" kimi tezisinin Kreml üçün əhəmiyyətli olmadığı anlamını verir. Bunları konsepsiyanın "Ümumi müddəalar" bölməsindəki bəndlərin məzmunundan görmək mümkündür.
Birinci bənddə qeyd olunur ki, konsepsiya Rusiyanın strateji məqsədləri və milli maraqlarını nəzərə almaqla "strateji planlaşdırma sənədidir". Sənəddə Rusiyanın milli təhlükəsizlik strategiyasının "ayrı-ayrı müddəaları konkretləşdirilir". Bunun üçün isə 1993-cü ildən bu yana ilk dəfə olaraq konsepsiyaya "dövlət-sivilizasiya" anlayışı daxil edilir. Yəni Rusiya qarşısına qoyduğu yeni xarici siyasət konsepsiyasının hüquqi, siyasi, geosiyasi faktorlarla yanaşı, tarixi-sivilizasiya əsası olduğu fikrini də ifadə edir.
Sənəddə "dövlət-sivilizasiya" anlayışının maraqlı məzmunu verilir. Bu anlayışa aşağıdakı faktorlar daxil edilir: "minillik müstəqil dövlətçilik təcrübəsi", "keçən dövrlərin mədəni irsi", "Avropa mədəniyyəti və Avrasiyanın digər mədəniyyətləri ilə dərin tarixi əlaqələrin mövcudluğu", "ümumi ərazidə müxtəlif xalqların, etnik, dini və dil qruplarının harmoniyada yanaşı yaşamasının əsrlərlə təmin edilməsi", "geniş Avrasiya və Avro-Sakit okean fövqəldövlətinin yaranması", "rus xalqı və başqa xalqların birləşməsinin rus dünyasının mədəni-sivil ümumiliyini təşkil etməsi".
Burada əvvəlki konsepsiyalarda belə yer almayan iki müddəa diqqəti çəkir: onlardan biri Rusiyanın "dövlət-sivilizasiya", digəri isə geniş bir ərazidə Avrasiyanı və Avro-Sakit okean məkanını əhatə edən özünəməxsus "dövlət-sivilizasiya" kimi təqdim edilməsi ilə bağlıdır. Yəni Rusiya sadəcə sıradan bir "dövlət-sivilizasiya" deyil, bütövlükdə Avro-Sakit okean ərazisini ehtiva edən özünəməxsus kültür-sivilizasiya özəlliklərinə malik dünyadır (konkret olaraq: "rus dünyasıdır").
Regional prioritetlər: çoxqütblü dünya modeli müstəvisində
Bu cür təqdimat hazırda Rusiya xarici siyasətinin bir ziddiyyətini əks etdirir. Belə ki, bir tərəfdən, Kreml son illər ardıcıl olaraq "Amerikan müstəsnalığı" ideyasının zərərli olduğunu vurğulayır, dünyanı çoxqütblü təsəvvür etdiyini və burada kimsənin başqasından üstün olmadığını söyləyir və bu aspektdə də "Qərb dünyası"nı yaratmağın zərərli olduğundan bəhs edir, digər tərəfdən isə, özünün müstəsnalığından, çox geniş bir ərazidə kültür-sivilizasiya olmağa iddialılığından və "rus dünyası" yaratmaqdan danışır. Bununla Moskva, faktiki olaraq, özünün dünya hegemonluğu iddiasını ortaya qoyur və onu tarixi, mədəni, geosiyasi, kültür və sivilizasiya aspektlərində əsaslandırmağa çalışır.
Məsələnin tarixi aspekti ondan ibarətdir ki, Rusiyanın xalqların "harmoniya şəraitində" yaşadığı kimi təqdim etməyə çalışdığı məfhum, əslində, işğalçı siyasət nəticəsində özgələrinin ərazilərini tutması nəticəsində yaranmış və daxili ziddiyyətləri olan bir prosesdir. Məsələn, Azərbaycan xalqı Rusiya-Qacar İmperiyası savaşı nəticəsində ikiyə parçalanıb və bu hal indi də qalmaqdadır. Belə şəraitdə hansı harmoniyadan danışmaq ədalətlidir? Çar Rusiyası və SSRİ dövründə ayrı-ayrı xalqların repressiyalara məruz qalmaları, ərazilərin süni olaraq bölüşdürlməsi, deportasiyalar, soyqırımları "xalqların harmoniyasına" hansı dərəcədə müsbət təsir edir? Nəhayət, müxtəlif dini, mədəni, etnik kökə sahib insanların hamısını "rus dünyası"nda birləşdirmək cəhdinin tarixi, mədəni, sivilizasiya, dil və geosiyasi əsası mövcuddurmu?
Həmin səbəbdən Rusiyada yaşayan və "yaxın xaric" adlandırdıqları ərazidə yaşayan xalqların bir-birinə və ayrılıqda rus xalqına münasibəti birmənalı deyildir. Bu reallığı nəzərə almadan xarici siyasət qurmağın perspektivli olacağı və reallaşa biləcəyi şübhə doğurur.
Ancaq Rusiya özünün təbii və insan ehtiyatlarını, beynəlxalq mövqeyini, hərbi gücünü nəzərə alaraq "güclərin qlobal balansını və çoxqütblü beynəlxalq sistemin yaradılmasını" təmin etmək niyyətindədir və həmin kontekstdə özünün "qlobal və regional məsuliyyətini dərk edir".
Bununla sənədin ikinci hissəsinə məntiqi keçidin əsası qoyulur. Konkret olaraq, Rusiya qlobal güc kimi dünya və regional miqyaslarda fəaliyyət mexanizmlərini müəyyənləşdirir. Burada da öncəki konsepsiyalarda olmayan diqqətçəkici tezislərə rast gəlinir. Yeni sənəddə "Müasir dünya: əsas tendensiyalar və inkişaf perspektivləri" bölməsində Moskvanın mövqeyinin ümumi xarakteristikası verildikdən sonra "Rusiya Federasiyasının xarici siyasətinin regional istiqamətləri" müəyyən edilir.
Ekspertlər burada ilk olaraq diqqəti yeni konsepsiyada regionların prioritetlər üzrə sıralanmasına yönəldirlər. Qeyd olunur ki, 2013-cü və 2016-cı illər konsepsiyalarında "regional prioritetlər ayrıca bölmələr kimi seçilməyib, onlar ümumi tekstdə dalbadal verilib". Hər iki konsepsiyada regionların ardıcıllığı eynidir.
Yeni sənəddə isə situasiya başqa cür təqdim olunur. Regionlar fərqli şəkildə sıralanıb formulə edilir. Burada regionlar aşağıdakı kimi sıralanır: "yaxın xaric", Arktika, Avrasiya kontinenti, Çin, Hindistan, Asiya-Sakit okean regionu, İslam dünyası, Afrika, Latın Amerikası və Karib hövzəsi, Avropa regionu, ABŞ və digər anqlosaks dövlətləri, Antarktida.
Regionların prioritetlər üzrə bu cür düzülüşünü ekspertlər adi hal kimi nəzərdən keçirmir, onları, faktiki olaraq, Rusiyanın müxtəlif istiqamətlərdə xarici siyasətinin yığcam ifadəsi adlandırırlar. Bununla bağlı analizlərə rast gəlinir.
Bizcə, məhz bu prioritet düzənin kontekstində Rusiyanın xarici siyasətinin yeni konsepsiyasında Azərbaycan, Gürcüstan, Ermənistan, İran və Türkiyənin yeri məsələsini təhlil etmək olar. Məsələ ondan ibarətdir ki, yeni konsepsiyada regionların prioritetlik sıralamasında "yaxın xaric" adlandırılan və Cənubi Qafqazın da daxil olduğu məkan ilk sırada yer alıb. Bu o deməkdir ki, Rusiya bu regiondakı dövlətlərə, o cümlədən Azərbaycana daha çox diqqət yetirməyə çalışacaq. Eyni zamanda, Moskva "İslam regionu"na daxil etdiyi Türkiyə və İranla da münasibətlərinə qlobal reallıqlar müstəvisində baxmağa çalışacaq. Bu, bütövlükdə regionumuz üçün mürəkkəb və riskli situasiya yarada bilər.
Cənubi Qafqaz "Zaqafqaziya" kimi: Kreml nəyi nəzərdə tutur?
Rusiya üçün "yaxın xaric" adlandırdığı məkanda yerləşən dövlətlər daha çox prioritet təşkil edir. Bu kateqoriyaya Azərbaycan, Gürcüstan və Ermənistan da daxildirlər. Lakin "yaxın xaric" bu dövlətlərlə məhdudlaşmır və sənəddəki təqdimatdan da görünür ki, artıq Moskva ayrı-ayrı "yaxın xaric" ölkələrinə deyil, bütövlükdə geosiyasi məkana fokuslanıb. Yəni, məsələn, Ermənistan Kreml üçün artıq ayrıca deyil, bütövlükdə Cənubi Qafqaz kontekstində əhəmiyyət daşıyır.
Ekspertlər bunu İrəvanın ənənəvi geosiyasi statusdan çıxması və Rusiyanın ona daha geniş məkanda yanaşması kimi qiymətləndirirlər. Buradan Ermənistanla bağlı bir neçə nəticə çıxarmaq olar.
Birincisi, Rusiya Ermənistana əvvəlki məntiqlə havadarlıq etmək fikrində deyil. İkincisi, Moskva Ermənistanı artıq özünün fövqəldövlət maraqlarının yalnız bir fraqmenti olaraq görür - ona xüsusi imtiyaz vermək fikrində deyil. Üçüncüsü, artıq Kreml Ermənistan məsələsini Azərbaycan və Gürcüstan məsələləri ilə daha dərin və geniş miqyasda əlaqələndirmək fikrindədir.
Bu üç yeni faktor daxilində belə bir proqnoz vermək olar ki, Rusiya İrəvanı nəinki əldən vermək niyyətində deyildir, hətta onu böyük məqsədlərindən daha çox asılı vəziyyətə salmaqda qərarlıdır. Bu zaman Moskva İrəvana əlavə imtiyaz tanımır: hər şey Rusiyanın fövqəlgüc statusunun təmin edilməsinə xidmət etməlidir!
Azərbaycanla bağlı yeni siyasi məqam özünü göstərməkdədir.
Əvvəla, Rusiya artıq Azərbaycanı regionun aparıcı dövləti kimi qəbul edir.
İkincisi, Bakı ilə Moskva strateji müttəfiq kimi münasibətlərini inkişaf etdirəcəklər.
Üçüncüsü, bunlar Azərbaycana da xüsusi imtiyaz vermək anlamına gəlmir. O cümlədən Qarabağ msəsələsində Moskva Azərbaycanın müttəfiqi kimi deyil, bu regionda özünün hegemonluq maraqlarına uyğun olan geosiyasi mövqedən çıxış edəcəkdir.
Bu məqam özünü Ermənistanla münasibətlərin tənzimlənməsində və Zəngəzur dəhlizinin reallaşmasında da göstərməkdədir. Təsadüfi deyildir ki, Rusiya Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsini yaratmasına sərt reaksiya verib. Bu məqamda Moskvanın Vaşinqton və Parisdən bir fərqi görünmür.
Bundan başqa, Moskva Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına da qeyri-adekvat reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərindən belə anlaşıldı ki, əsas olanı Rusiyanın qoyduğu şərtlərdir və onlardan kənarda heç bir şərti Kreml nəzərdən keçirmək fikrində deyildir.
Gürcüstana münasibətdə də Rusiya heç bir güzəşt haqqında düşünmür. Əksinə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinə dəstəkdən bəhs edir. Eyni zamanda, Tbilisinin Qərbə istiqamətlənmisini "dost olmayan ölkələrlə yaxınlıq edənlər cəzalandırıla bilərlər" kimi qiymətləndirir. Bu o deməkdir ki, yeni konsepsiyada Gürcüstan üçün geosiyasi risk sayıla biləcək məqamlar mövcuddur.
Bütün bunların fonunda İran və Türkiyəyə "İslam dünyası" regionunun dövlətləri kimi yanaşılması düşündürücüdür.
Birincisi, İran və Türkiyə Azərbaycan, Ermənistan, Gürcüstan kontekstindən ayrılır. Həm də Cənubi Qafqaz İslam dünyasından daha əhəmiyyətli sayılır (Moskva üçün). İkincisi, İran və Türkiyə ilə münasibətlər Avropa və ABŞ-dan daha əhəmiyyətli qəbul edilir.
"İslam regionu": İran və Türkiyə Rusiyanın fövqəlgüc iddiası kontekstində
Bu isə o deməkdir ki, Rusiya Türkiyə və İrana da özünün fövqəlgüc statusu müstəvisində baxır və onlarla münasibətləri ümumi dostluq və ya qonşuluq kateqoriyası ilə deyil, özünün qlobal maraqlarının təmin edilməsinin bir fraqmenti olaraq görür. Həmin aspektdə, ekspertlərin vurğuladığı kimi, İranın Rusiya üçün "inam", Türkiyənin isə "qarşılıqlı faydalı əməkdaşlıq" müstəvisində əhəmiyyət kəsb etməsi vəziyyəti elə də dəyişmir. Yəni Kreml bütün bu ifadələrə ancaq özünün fövqəlmaraqları kontekstində baxır.
Belə bir yanaşma onu əks etdirir ki, Rusiya Cənubi Qafqazda nəinki Türkiyə, hətta İranla rəqabətini sərtləşdirə bilər. Konsepsiyada Cənubi Qafqazın "Zakavkazye" kimi verilməsini ekspertlər bu cür qiymətləndirirlər. Onların izahına görə, "Zakavkazye" termini Cənubi Qafqazın "Rusiyanın olması" anlamında işlədilir.
Bütün bunlarla yanaşı, ekspertlər Avropa və Amerikanın region olaraq son sıralara salınmasına diqqət çəkirlər. Bu məsələ sənəddə Çin və Hindistanın adlarının xüsusi qeyd edilməsi fonunda Moskvanın geosiyasi yön dəyişməsi kimi qiymətləndirilir. Bütövlükdə Rusiyanın istiqamətini Qərbdən Şərqə çevirdiyindən bəhs edirlər. Amerika və Avropanın Rusiya üçün geosiyasi əhəmiyyətinin arxa plana atılmasının qlobal mənası ciddidir.
Bu, hər şeydən öncə o deməkdir ki, Henri Kissincerin ifadə etdiyi "yeni soyuq müharibə ABŞ-la Çin arasında başlayır və o, daha təhlükəlidir" tezisinə korrektə etmək lazım gələcək. Çünki Rusiya özünün yeni xarici siyasət konsepsiyasında Avropadan başlayaraq Sakit okeana qədər geniş bir geosiyasi məkanda hegemonluğa (liderlik mənasında) iddiasını ortaya qoyub. Bu isə Rusiyanın qlobal səviyyədə informasiya, siyasət, ideologiya savaşlarında aktiv iştirak edəcəyi deməkdir. Yəni "soyuq müharibənin" iki deyil, ən azı üç tərəfi vardır!
Belə bir vəziyyət dünya miqyasında siyasət, düzən və təhlükəsizliyin təmini məsələlərinin yeni təhdidlərlə üzləşə biləcəyini göstərir. Təbii ki, bu risklər Cənubi Qafqazdan yan keçməyəcəkdir. Xüsusilə ona görə ki, konsepsiyada "yaxın xaric" və İslam dünyası regionları əhəmiyyətli sayılır. Gözləmək olar ki, bizim region yeni geosiyasi "zəlzələlərə" düçar ola bilər. Bunun önlənməsi mexanizmləri isə hələlik müşahidə edilmir.
Beləliklə, Rusiyanın xarici siyasətinin yenilənmiş konsepsiyası Moskvanın geosiyasi iddialarını ortaya qoyur. Moskva dünyanın liderlərindən biri olmaq iddiasını həyata keçirməkdə israrlıdır. Həm də artıq yeni səviyyədə. Bu səviyyənin geosiyasi kontekstdə iki özəlliyini vurğulaya bilərik.
Birincisi, Rusiya dövlətlərlə münasibətlərinə əsas olaraq regional və qlobal təşkilatlarla münasibətlər kontekstində baxır. Bu, Kremlin dünya hegemonluğu xəttini yeritməyə başladığını göstərir. Təsadüfi deyildir ki, yeni konsepsiyada dövlətlərin adları az, təşkilatların adları isə çox çəkilir: BRICS, ŞƏT, MDB, AİB, KTMT, "Rusiya-Hindistan-Çin" formatı və s.
İkincisi, Moskva hər hansı digər geosiyasi gücün yanında dayanmaq niyyətində olmadığını nümayiş etdirir. Bu mövqe sənəddə Avrasiya və Avro-Sakit okean miqyasında belə Rusiyanın dayanıqlı "dövlət-sivilizasiya" olması fikrində öz ifadəsini tapıb.
Bütün bunlardan yekun nəticə kimi Avrasiya məkanında böyük güclərin rəqabətinin daha da kəskinləşəcəyi tezisini çıxara bilərik. Şübhəsiz ki, Azərbaycan rəhbərliyi hər bir geosiyasi və siyasi tendensiyanı çox dərindən izləyir və onlara uyğun düşünülmüş, ardıcıl siyasət formalaşdırır. Bunu mövcud təcrübə təsdiq edir!
Kamal Adıgözəlov