Azərbaycanın müstəqil dövlətlər üçün daha bir nümunəsi: beynəlxalq təşkilatlarda fəaliyyətin mexanizmləri
9 Mart 2023 18:38 SiyasətMöhtəşəm başlanğıc: beynəlxalq təşkilatlarla əlaqələrin praqmatik və səmərəli təşkili
Hər bir müstəqil dövlət üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq prinsipial əhəmiyyət daşıyır. Müasir tarixi mərhələdə dünya miqyasında siyasi fəaliyyət, faktiki olaraq, qloballaşıb. Ayrıca seçilmiş elə bir dövlət yoxdur ki, beynəlxalq təşkilatlarla əlaqəsi olmasın və ya bu əlaqə olmayanda uğur əldə edə bilsin. Burada beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərmək məqamı da ciddi təsirə malikdir. Beynəlxalq hüquq isə beynəlxalq təşkilatlarla sıx bağlıdır. Yuli Sezar demişkən, "möhtəşəm başlanğıcları fikirləşib tapmaq yox, birbaşa işə girişmək lazımdır"!
Ulu Öndər Heydər Əliyev bütün bu səbəblərdən Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətinə xüsusi önəm verirdi. Heydər Əliyevin səyləri ilə 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın BMT, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatlarda iştirakı yeni səviyyəyə yüksəldi. BMT-nin yüksək tribunasından Ümummilli Lider Azərbaycanın müstəqil dövlət kimi siyasətinin mahiyyətini, məqsədlərini, strateji hədəflərini, dövlətçiliyin başlıca prinsiplərini açıqladı. O zamandan bu yana Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti iki aspektdə sürətlə inkişaf etməkdədir.
Birincisi, Azərbaycan əməkdaşlıq etdiyi beynəlxalq və regional təşkilatların sayını durmadan artırır. Hətta yeni regional əməkdaşlıq və təhlükəsizlik təşkilatlarının (əlaqələndirmə platformaları da buraya daxildir) yaradılması ideyasını da irəli sürür.
İkincisi, Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatlardakı fəaliyyətini koordinasiyalı şəkildə inkişaf etdirir və dərinləşdirir. Konkret faktlar hər iki istiqamətdə aparılan siyasətin uğurlarını təsdiq edir.
Öncə vurğulayaq ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq fəaliyyətində müasir diplomatiyanın bütün imkanlarından maksimum faydalanır. Təsadüfi deyildir ki, məhz Azərbaycan diplomatiyasının ustalığı sayəsində ölkəmiz davamlı olaraq müxtəlif təşkilatlarda (məsələn, Qoşulmama Hərəkatında) sədrliyə layiq bilinir və bu proses getdikcə genişlənir. Bir sıra təşkilatlarda isə Azərbaycan təşəbbüskar üzv kimi aktiv fəaliyyəti ilə seçilir. Nümunə kimi Türk Dövlətləri Təşkilatını göstərə bilərik. Bu faktlardan siyasi baxımdan vacib olan bir nəticə çıxara bilərik.
Yəni Azərbaycan müstəqil dövlət quruculuğu çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın siyasəti ilə diplomatiyasını harmoniya səviyyəsinə yüksəldə bilib. Bu, müasir ziddiyyətli geosiyasi mənzərə şəraitində asan həll edilən məsələ deyildir. Bundan başqa, Azərbaycan üçün əlavə çətinliklər yaradan regional prosesləri də nəzərə almaq lazımdır. Ermənistanın təcavüzkar siyasəti və onun havadarları tərəfindən ədalətsiz olaraq dəstəklənməsi ölkəmizin beynəlxalq aləmdə təklənməsinə aparıb çıxarırdı. Heydər Əliyev siyasi kursu və diplomatik məharəti ilə beynəlxalq təşkilatlardakı fəaliyyətə elə məzmun verdi ki, Azərbaycan dövləti üçün mənfi çalarları olan bu tendensiya dayandı. Sonra isə Azərbaycanın lehinə olan proseslərin başlamasını motivasiya etdi.
Vurğulanan aspektdə Azərbaycan diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin tarixi ədalət prinsipi üzrə həlli istiqamətində atdığı sistemli, əsaslı və davamlı addımları ayrıca vurğulamaq gərəkdir. BMT, Avropa İttifaqı, ATƏT, NATO, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və başqa təşkilatlarda Ermənistanın təcavüzkarlığını pisləyən, onun aradan qaldırılmasını tələb edən sənədlər qəbul edildi. Bu, Azərbaycan rəhbərliyinin beynəlxalq təşkilatlarda dövlətimizin fəaliyyətini qurmaq baxımından çox uğurlu addımı idi.
Burada siyasi əhəmiyyətli başqa bir məqamı da vurğulamaq yerinə düşərdi. Biz qeyd etdiyimiz uğurları təmin edən siyasi kursu nəzərdə tuturuq. Məsələ ondan ibarətdir ki, Azərbaycan özünün sosial-iqtisadi, mədəni, hərbi-müdafiə, enerji, nəqliyyat, logistika və s. imkanlarını uğurla genişləndirməklə dünya miqyasında etibarlı, dayanıqlı və sivil münasibətlər qurmağa üstünlük verən dövlət imicini formalaşdırdı. Bunun üçün Prezident İlham Əliyev sistemli və əhatəli şəkildə çox müxtəlif sahələrdə yeni layihələr və proqramların həyata keçirilməsinə nail oldu.
Həmin təşəbbüslər cəmiyyətin bütün sferalarını - sosial, siyasi, geosiyasi, iqtisadi, mədəni və s. sferaları əhatə edir ("Sülh istəyirsənsə, müharibəyə hazırlaş" - Y.Sezar). Bu bağlılıqda "Bakı prosesi", yeni neft-qaz layihələri və marşrutları, regional əməkdaşlıq formatları, tranzit-logistika mərkəzləri, nəqliyyat dəhlizləri, alternativ və bərpaolunan enerji layihələri, təhlükəsizlik formatları, yeni əməkdaşlıq platformalarının təklif edilməsi, qlobal layihələrin reallaşmasında regional faktorun faydalılığı aspektində nəzərə alınmasına nail olmaq və s. kimi təşəbbüsləri vurğulaya bilərik.
Uğurların davamı: Azərbaycan daha güclü mövqeyə çıxır
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi layihələr, yeni regional üçtərəfli və dördtərəfli əməkdaşlıq platformaları və təhlükəsizlik formatları ("3+3", Azərbaycan-Gürcüstan-Ermənistan əməkdaşlıq formatı və s.) olmasa idi, Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti indiki səviyyədə səmərəli və məhsuldar ola bilməzdi. Deməli, beynəlxalq təşkilatlarla əlaqələri təmin edən siyasi xətlə müstəqil güclü dövlət quruculuğu kursu və konkret proyektlərin reallaşdırılması xəttinin sintezi yüksək səviyyədə faydalı və nəticəlidir! Konfutsinin bir kəlamı burada yerinə düşür: "Üç şey heç zaman geri qayıtmır - zaman, söz, imkan!".
Bu bağlılıqda Azərbaycanın BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında sədrliyi, aktiv fəaliyyəti, təşəbbüskar diplomatiya pozisiyası böyük maraq doğurur. Belə ki, 2011-ci ilin oktyabr ayında BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticəsində Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi (müvəqqəti) üzv seçildi.
Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti isə sözün həqiqi mənasında müstəqil dövlətin, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatı olan nüfuzlu təşkilatda uğurlu fəaliyyətinin təzahürüdür. Məsələ ondan ibarətdir ki, qısa müddətdə Azərbaycan 120 üzvü olan bir təşkilatda nəinki mövqeyini möhkəmlətdi, hətta sədr seçildi və sədrliyi təşkilat özü uzatdı. Çünki İlham Əliyev çox səmərəli fəaliyyəti ilə bu beynəlxalq təşkilatı, faktiki olaraq, qlobal geosiyasətin təsirli oyunçusuna çevirə bildi.
Məhz Azərbaycan Prezidentinin uğurlu addımları ilə Qoşulmama Hərəkatı pandemiya dönəmində öz fəallığını və dünya üçün faydalılığını nümayiş etdirə bildi. Azərbaycan Prezidenti inkişaf etmiş dövlətlərin pandemiya dövründə peyvəndlərin paylanmasında ədalətsiz davranmalarını açıq ifadə etdi. Bu baxımdan Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş zirvə toplantısını xüsusi qeyd etmək lazımdır. Həmin ilin dekabr ayında isə Azərbaycanın təşəbbüsü əsasında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi də mühüm hadisə kimi qəbul edilməlidir.
Bütün bunlar Qoşulmama Hərəkatını Azərbaycana siyasi dəstəyini gücləndirməyə sövq etdi. Bu təşkilat 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasında fəallıq göstərdi.
Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti kontekstində Türk Dövlətləri Təşkilatındakı (TDT) fəaliyyəti mütləq vurğulamaq gərəkdir. Azərbaycan həmin təşkilatda 2019-2021-ci illərdə uğurla sədrlik edib. Türk dövlətlərinin əməkdaşlığının genişlənməsi və dərinləşməsində çox fəal mövqe tutan Azərbaycan Prezidenti davamlı olaraq təkmilləşdirici və inkişafı sürətləndirən təklifləri ilə diqqət mərkəzində olub.
Eyni zamanda, Azərbaycanın dövlət başçısı TDT çərçivəsində əməkdaşlıq modeli ilə qlobal əməkdaşlıq modelləri arasında uyğunluğu təmin edəcək proqramlar irəli sürüb. Orta Dəhliz layihəsinin reallaşmasında türk dövlətlərinin nəqliyyat, logistika, enerji proyektləri, regional təhlükəsizliyin təmini və s. istiqamətlərdə əməkdaşlığın yeri, statusu və rolunu müəyyən edən tezislər ifadə edib.
Bunlarla yanaşı, Azərbaycanın Avropa İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri də ayrıca qeyd edilməlidir. Belə ki, 2022-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində iştirak edib. Həmin il oktyabrın 6-da Prezident İlham Əliyevin Praqada "Avropa siyasi birliyi" liderlərinin zirvə toplantısında iştirakı postmünaqişə reallıqlarının təqdimatı baxımından səmərəli olub.
Beləliklə, Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı müstəqil dövlətlər üçün bir nümunədir. Konkret və səmərəli siyasi-diplomatik fəaliyyəti ilə ölkə rəhbərliyi böyük uğurlar əldə edib, nəticələrə nail olub. Şübhə yoxdur ki, bundan sonra da həmin istiqamətdə fəallıq davam edəcəkdir!
Kamal Adıgözəlov