Qoşulmama Hərəkatı Azərbaycan rəhbərliyi ilə yarandığı tarixdən ən məhsuldar dövrünü yaşayır
3 Mart 2023 15:38 SiyasətQoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatıdır. Azərbaycanın bu qruma qoşulma səbəblərindən biri də təşkilata üzv ölkələrin sayının çoxluğundan və təsirindən istifadə edərək ermənipərəst dövlətlərin beynəlxalq təşkilatlarda ölkəmizə qarşı çıxara biləcək haqsız qərarlarının qarşısını almaq, beynəlxalq məsələlərin müzakirəsi üçün geniş bir platformadan uğurla istifadə etmək idi.
Azərbaycan 2011-ci ildən təşkilata üzv olsa da, qısa müddətdən sonra sədrlik etməyə başladı. Həmin dövürdən sonra təşkilatın yekun sənədlərində Ermənistanın işğalçılıq siyasəti pislənilmiş, münaqişənin məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həll edilməsinin vacibliyi qeyd edilmişdi.
Ölkəmiz 2019-cu ildən Hərəkata rəhbərlik edir və təşkilat Azərbaycanın rəhbərliyi ilə yarandığı tarixdən ən məsuldar dövrünü yaşayır. Azərbaycanın sədrliyi COVID-19 pandemiyasının yayılmasına və onunla mübarizəyə təsadüf etsə də, bu müddətdə irəli sürdüyü təşəbbüslər yekdilliklə dəstəkləndi və beynəlxalq əməkdaşlıq imkanları yaratdı. COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması, 4 may 2020-ci il tarixində sammit səviyəli görüşünün keçirilməsi, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi, BMT-nin İnsan Hüquqları Şurasında, Baş Assambleyasında "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addımlar təşkilatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib.
Rəhbərliyi müddətində Azərbaycan Hərəkatın təsisatlanması istiqamətində də mühüm addımlar atıb. Təşkilatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin 4-5 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin, 2021-ci ilin 28 noyabr ayında isə Parlament Şəbəkəsinin əsası qoyulub. Azərbaycan rəhbərliyi müddətində 2021-ci ilin 11-12 oktyabr tarixlərində Serbiyanın Belqrad şəhərində Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri, Bakı şəhərində "QH-nın təkamülündə Afrika irsi" mövzusunda konfrans, eyni zamanda QH tarixində ilk dəfə üzv ölkələrindən gənclərin iştirakı ilə QH Modeli Simulyasiya Təlimləri təşkil edilib. Ölkə başçısının Sərəncamı ilə təşkilata daxil olan ölkələrin onlarla gəncinə hər il Azərbaycanda təqaüdlə təhsil almaq imkanları yaradılıb.
Bütün bunlar Azərbaycanın liderlik qabiliyyətinin, təşkilat daxilində inteqrasiyanın, əməkdaşlığın inkişafında, dünyada qlobal problemlərin həllində oynadığı rolun göstəricidir. Elə buna görə də Hərəkata rəhbərliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, üzv ölkələrin qərarı ilə Azərbaycanın sədrliyi 2023-cü ilin sonuna qədər artırılmışdı.
Hərəkatın 2021-ci ildə Serbiyanın Belqrad şəhərində keçirilən 60-cı ildönümündə Prezident İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə təşkilat ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdir. Elə ona görə də martın 2-də ölkəmizdə QH-nin sammit səviyyəli görüşü baş tutdu. Bu görüşün Bakıda keçirilməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Sammitdə Prezident İlham Əliyev konseptual xarakterli çıxış edərək həm Hərəkatın gələcək siyasi xəttini müəyyən etdi, həm də yeni dünya düzəni, dünyanın müasir təhlükəsizlik arxitekturası barədə fikirlərini səsləndirdi. Eyni zamanda təşkilatın sədri İlham Əliyev, özünü dünyaya demokratiyanın, insan hüquqlarının qoruyucusu kimi göstərməyə çalışan Fransanın müstəmləkə siyasətini davam etdirməsini pisləyərək, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
Yeni dünya düzəninin tələblərinə cavab verməyən, yaradılma məqsədi dünyada sülühün və təhlükəsizliyin təmin edilməsi olan BMT-nin tənqid edilməsi, haqsızlığa və ayrı seçkiliyə məruz qalan onlarla dövlətin, milyardlarla insanın haqq səsi idi. Artıq heç kimə sirr deyil ki, dünyadakı münaqişələrin arxasında BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələr dayanır. Həmin ölkələr bu gün bir-biri ilə müharibə halındadırlar. Yəni bu qrum dünyada sülhə qarant yox, təhlükədir. Ona görə BMT dünyada sülhün təmin edilməsi sahəsində öz legitimliyini itirib. BMT-nin bir çox strukturu, əsasən də Təhlükəsizlik Şurasının tərkibi dəyişməli, çoxüzlü siyasətdən əlçəkilməli, dünyada və regionunda sülhün təmin olunmasında aktiv iştirakçı olan Türkiyə kimi ölkələr, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar həmin qrumlarda təmsil olunmalıdırlar. Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı qlobal gücə çevrilərək, dünyada sülhə, insan hüquqlarının inkişafına, ədalətin bərqərar olmasına böyük töhfələr verərək, təşkilatın gələcək inkişafının da təməlini qoymuş olur.
Yalçın Hacızadə
AVP sədrinin müavini, politoloq