Azərbaycan dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməkdə davam edir

Qoşulmama Hərəkatına üzvlülük Azərbaycana nə verib?

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq təşkilatın üzvü olmaqla yanaşı, həmin təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması baxımdan vacib təşəbbüslərlə çıxış edib. Belə beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır ki, hazırda ölkəmiz sözügedən quruma sədrlik edir. Məlumat üçün qeyd edək ki, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Qoşulmama Hərəkatının daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak edib. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət edib, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab verib. Beləliklə Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılıb. Azərbaycanın sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədilə 2011-ci ildə QH-yə qoşulması və qısa müddət ərzində Hərəkatın liderlərinin yekdil qərarı ilə QH sədri seçilməsini təsadüfi hesab etmək olmaz. Azərbaycan QH-na üzvlülük və onun sədri qismində ieəli sürdüyü  qlobal əhəmiyyətli təşəbbüslər üzv dəvlətləri belə bir seçim etməyə sövq edib.

Etiraf edilməlidir ki, Qoşulmama Hərəkatı Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində bir sıra mühüm addımlar atıb. Belə ki, 09-10 may 2012-ci il tarixlərində Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasında Yekun Sənədin qəbulu zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də daxil edilib və QH üzv dövlətləri Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə dəstək ifadə edib. 30-31 avqust 2012-ci tarixlərində İran İslam Respublikasının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşü keçirilib. Sammit zamanı qəbul olunmuş Yekun Sənədin 391-ci maddəsində dövlətlər münaqişənin məhz Azərbaycan Respublikasının "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində" həllinə dəstəyi ifadə ediblər.  28-29 may 2014-cü il tarixlərində Əlcəzairdə keçirilən  QH-nin XVII nazirlər iclasında QH üzv dövlətləri nazirlər iclasının yekun sənədinin 421-ci bəndində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüflərini və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini ifadə ediblər.  4-6 aprel 2018-ci il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq dövr Nazirlər Konfransının yekun sənədində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüf və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək ifadə edilib.18-21 iyul 2019-cu il tarixlərində Venesuelanın Karakas şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər səviyyəsində növbəti iclası keçirilmişdir. İclasın yekununda qəbul edilmiş Karakas Yekun Sənədi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı əvvəlki sənədlərdə əksini tapmış dəstək mövqeyini bir daha təkrarlanıb.

25-26 oktyabr 2019-cu il tarixlərində keçirilmiş Bakı Sammiti zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə  baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalması və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə edib və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll etmək üçün danışıqları davam etdirməyə çağırış edib. Bununla əlaqədar olaraq, dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulamış və təsdiq etmişdir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklər. Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində "Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma "seçkilər"lə bağlı Kommunike" qəbul edib. Sənəddə ərazilərin güc yolu ilə ələ keçirilməsinin qəbuledilməz olduğu vurğulanaraq, heç bir dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni olaraq hesab etmədiyi bir daha təsdiqlənir. Kommunikedə Hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident və parlament seçkiləri"ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan edilir. QH üzv dövlətlərin QH-nin Bakı Zirvə Görüşünün yekun sənədinin 662-ci bəndinə istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair dəstəklərini bir daha ifadə edir.

9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilmiş QH üzv dövlətlərinin xarici işlər nazirlərinin video-konfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, yəni 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün tədbirin gündəliyinə ayrıca "Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum" başlıqlı bənd daxil edilmiş və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilib. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslər arasında itkilərlə müşayiət olunan toqquşmaların bərpasından narahatlıq ifadə etmiş, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə prinsipial dəstəklərini bir daha bildirərək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulamışdır. Bəyannamədə üzv dövlətlər Hərəkatın prinsipial mövqeyi əsasında Azərbaycan Respublikası ilə həmrəyliklərini bildirib. Həmçinin, 19 oktyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri keçirilib, TŞ sədrinin məsələ ilə bağlı bəyanatının layihəsi müzakirəyə çıxarılıb, lakin Azərbaycan tərəfinin TŞ-də qeyri-daimi üzv olan QH dövlətləri ilə öncədən apardığı işin və danışıqların nəticəsi olaraq, ölkəmizin mövqeyinə zidd olan və münaqişə barədə TŞ qətnamələrinə istinadı əks etdirməyən həmin bəyanat layihəsinin qəbulunun qarşısı alınıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31