İran Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi istiqamətində addımlar atmalıdır

Dünya gündəmini zəbt edən və davam etməkdə olan iğtişaşlar İran hakimiyyətinin əsl üzünü bütün dünyaya göstərib. İranda iğtişaşların səbəbləri, vətəndaşları bu mərhələyə gətirən proseslər barədə politoloq Anar Əliyevlə həmsöhbət olduq.

- Güney Azərbaycanda zaman-zaman bir sıra iğtişaşlar baş verib. Bu gün baş verən iğtişaşlar bu zamana qədər baş verənlərin hansına bənzəyir?

- Azərbaycanın cənubunda biz zaman-zaman güneyli soydaşlarımızın mövcud İran rejiminə qarşı etirazlarını müşahidə etmişik. Xüsusilə də, elementar hüquqların pozulması, milli-mədəni dəyərlərin qorunması istiqamətində çağırışlara, molla rejiminin sərt və hüquqa zidd davranışlarına cavab olaraq İranda müxtəlif etniklər, eləcə də, İran xalqının 50%-ə yaxınını təşkil edən soydaşlarımız tərəfindən də etirazlar keçirilib və bu ayrı-seçkiliyin, irqçiliyin son verilməsinə tələblər səsləndirilib. Hesab edirəm ki, bu gün bütövlükdə İranda, eyni zamanda Cənubi Azərbaycanda baş verən iğtişaşlar da məhz zaman-zaman 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində baş verən həmin etiraz aksiyalarının bir növ davamıdır. Çünki çox təəssüf ki, özünü islam dövləti, hüquqi dövlət adlandıran İran dövləti və onun hakim qüvvələri, molla rejimi heç vaxt etirazçıları dinləməyib, xalqı narazı salan məsələri araşdırıb aradan qaldırmaq istiqamətində əməli addım atmayıb. Tam əksinə, etirazçılar cəzalandırılıb, yerindəcə boğulub, haqlı narazılıqlar heç bir halda özünün ədalətli həllini tapmayıb və məhz belə davranışlar, dini-etnik zəminli ayrı-seçkiliklər, xüsusilə də etniklərə, azərbaycanlılara qarşı təhqiramiz davranışlar, diskriminasiya siyasəti, eyni zamanda sosial problemlər, İran dövlətinin terrorçu mahiyyəti, bölgə dövlətləri daxilində terrorçu qruplar yaratmaq və həmin qrupların fəaliyyətinə milyardlarla vəsaitin xərclənməsi, öz vətəndaşları maddi problemlər içərisində yaşadığı halda on milyardlarla vəsaiti bölgə dövlətlərində terrorizm proseslərinə xərcləmələri İranın bütün əhalisi arasında, eləcə də dəyərli soydaşlarımız arasında narazılığı kuliminasiya nöqtəsinə çatdırıb və bu gün İranda aylardır davam edən etiraz aksiyası baş verib. Çox təəssüf ki, yenə də İranın molla rejimi baş verən hadisələrdən, xalq etirazlarından nəticə çıxarmaq istəmir, digər teokratik rejimlərin, diktatorların taleyindən nəticə çıxarmayıb və xalqa qarşı repressiv davranışlarını davam etdirir.

- Uzun zamandır İranda baş verən iğtişaşlar səngiyib. Buna səbəb nədir sizcə?

- Bəli, çox təəssüf ki, İranda ötən ilin sentyabr ayından başlayan xalq etirazları müəyyən qədər səngiməyə başlayıb. Hesab edirəm ki, bunun bir neçə çox ciddi səbəbi var. Bu heç də xalqın, etirazçıların qaldırdığı məsələlərin rejim tərəfindən həll edilməsi səbəbiylə deyil. Tam əksinə, molla rejiminin xalqa, dinc insanlara qarşı ən amansız üsullarla mübarizə aparmasının, etirazçıların gözünün qorxudulmasına istiqamətləndirilmiş repressiv davranışların nəticəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, mən hesab edirəm ki, bir cəmiyyətdə xalqın etirazı, iğtişaşlar o zaman inqilaba çevrilir ki, zəruri inqilabi şərait formalaşır. Bu ilk növbədə ölkə daxilində və ölkə xaricindən etirazçılara verilən dəstək ilə bağlıdır. Çox təəssüf ki, İranda iğtişaşların inqilaba çevrilməsinə həm İranın molla rejimi daxildən, həm də molla rejiminin dəstəkçiləri, Qərb dövlətləri, Amerika başda olmaqla mümkün qədər təzyiq etdilər, qarşısını almağa çalışdılar. İnqilabın yetişməsi üçün bir neçə zəruri şərtlər var ki, bunlar hələ ki, İranda özünü göstərmir.
Birincisi, xalq iğtişaşları tədricən kütləvi xarakter almalı və rejimin arxalandığı güc strukturlarının müəyyən bir qismi tədricən narazı qüvvələrin tərəfinə keçməlidir.
İkincisi, iğtişaşçılar tədricən təşkilatlanmalı və etiraz aksiyaları pərakəndə xaos halında deyil, təşkilati qaydada həyata keçirilməlidir.
Üçüncüsü, lider formalaşmalı və etiraz aksiyaları, etirazçılar həmin liderin ətrafında birləşərək, narazı kütləni inqilaba doğru aparmağı bacarmalıdır.
Digər vacib şərt isə, kənar qüvvələrin, xüsusilə də demokratikadan, insan haqlarından danışan, insan haqlarını, hüquqlarını heç bir halda heç bir dövlətin daxili işləri kimi qəbul olunmayacağını bəyan edən Qərb dövlətlərindən açıq dəstək nümayiş olunmalı idi. Çox təəssüf ki, biz Amerika başda olmaqla Qərb dövlətlərindən İran xalqına qarşı, İranda etiraz səsini qaldıran insanlara qarşı heç bir dəstək görmədik. Edilən dəstəklər isə yalnız öz simalarını qorumaq üçün bəyanat səviyyəsindən irəli getməyən söz yığını oldu, real dəstəyə çevrilmədi və bu səbəblərdən İranda müəyyən qədər xalq etirazları səngimiş oldu.

- Sizcə, Güney Azərbaycanda belə situasiya bir də nə vaxt yarana bilər?

- Hesab edirəm ki, İranda, Cənubi Azərbaycanda inqilabi situasiya tamamilə yatırılmayıb və etirazçıların yaz aylarından başlayaraq etiraz aksiyaları daha da güclü bir xarakter ala bilər. Bunun üçün isə bir neçə zəruri addımların atılması vacibdir. Bayaq da qeyd etdiyim kimi, etirazlar plansız şəkildə deyil, düşünülmüş və planlı şəkildə həyata keçirilməli, təşkilatlanma baş verməlidir və hərəkatın liderləri formalaşmalıdır. Beynəlxalq dəstəyin əldə olunması istiqamətində etirazçılara real praktik gedişlər, addımlar atılmalıdır və bu halda hesab edirəm ki, xalq etirazları inqilaba çevrilib, rejimin  dəyişdirilməsi ilə yekunlaşa bilər.

- 44 günlük Vətən Müharibəsində, ondan əvvəl və ondan sonra İran Azərbaycana qarşı düşmən münasibətini açıq-aşkar nümayiş etdirdi. Sizcə, bundan sonra Azərbaycan və İran arasında münasibətlər yumşala bilərmi? Bu hansı halda mümkündür?

- İran molla rejimi Azərbaycana qarşı aqressiv davranışını hər zaman sərgiləyib və heç vaxt bunu açıq şəkildə nümayiş etdirməkdən çəkinməyib. Çox təəssüf ki, müstəqilliyimizdən 30 il keçməsinə baxmayaraq İran rəsmi olaraq Azərbaycanı hələ də Bakı Respublikası adlandırır və çox təəssüf ki, Azərbaycanın müstəqilliyini özünün mövcudluğu üçün əsas təhdidlərdən biri kimi sayır. Böyük, bütöv, güclü Azərbaycan İranın yuxusunu ərşə çəkən böyük təhlükələrdən biri kimi qiymətləndirilib. Ona görə də, İran hər zaman Azərbaycanı zəiflətmək, gücdən salmaq, Azərbaycanın güclənməsinin qarşısını almaq üçün müxtəlif provakasyon və qonşuluq siyasətinə, tarixi, mədəni əlaqələrimizə, hüquq prinsiplərinə zidd davranışlar nümayiş etdirib. Ermənistana açıq dəstəyini nümayiş etdirib, işğalçını dəstəkləyib, işğalçının əldə etdiyi torpaqların və işğal faktının qorunub saxlanılmasına xidmət edən bütün dəstəyin hamısını nümayiş etdirib. Azərbaycanın Qarabağ bölgəsində separatçılığın qızışması, separatçı qüvvələrin özünün qorunub saxlanılmasına mümkün dəstəyini nümayiş etdirib və çox təəsüf ki, 44 günlük Vətən Müharibəsində biz İran rejiminin işğalçı Ermənistana açıq dəstəyini bir daha müşahidə etdik. Azərbaycanın qələbə ilə bitən 44 günlük Vətən Müharibəsindən sonra da İran çox təəsüf ki, bu fəaliyyətini, bu siyasətini dəyişmədi, Ermənistanın sərhədlərini özünün qırmızı xətti elan etdi. Qarabağda müsəlman, islam abidələrini dağıdan, təhqir edən, alçaldan bir rejimi, toplumu özünün dostu, qardaşı elan elədi. Onların maraqlarının müdafiəsini özünün fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirdi. Eyni zamanda, bütün vasitələrdən istifadə etməklə, Qarabağdakı separatçı qüvvələrə İran nəqliyyat, yük vasitələri ilə müxtəlif yüklərin, xüsusilə də silahların daşınması istiqamətində addımlar atdı. Bunlar azmış kimi, Azərbaycanla təhdid, təzyiq yolu ilə danışa biləcəyini düşünərək, Azərbaycana qarşı açıq təzyiqlərə yol verməyə başladı. Sərhədlərimiz boyunca terrorçu SEPAH qruplaşmasına aid təlimlərin keçirilməsinə çalışdı və Azərbaycanın bu təzyiqlər qarşısında geri çəkilməyəcəyini gördükdən sonra, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu təşkil etdi və çox təəssüf ki, bir əməkdaşımız orda şəhid oldu. Bütün bunlar onu göstərir ki, bəli, İran öz terrorçu, aqressiv mahiyyətindən irəli gələn davranışını hər zaman Azərbaycana qarşı sərgiləyib və bundan sonra da Azərbaycanla İran arasında münasibətlərin əvvəlki dost, mehriban qonşuluq səviyyəsinə qaytarılması perspektivini mən təsəvvür etmirəm. Amma İran nəhayət ki, Azərbaycanla bu yollarla danışmağın mümkün olmadığını, təqiblərlə Azərbaycanı nəyəsə məcbur edə bilməyəcəyini qəbul etməli və mehriban qonşuluq davranışlarının alternativinin olmadığını başa düşməli və bu istiqamətdə də Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi istiqamətində addımlar atmalıdır. Yalnız bu halda Azərbaycanla İran arasında mövcud diplomatik xaos aradan qalxa bilər və münasibətlərdə müəyyən yumşalmalar yarana bilər.
Ümumiyyətlə, İran düşünməlidir ki, bütün Ermənistan xaric bütün qonşuları ilə düşmən münasibət sərgiləmək artıq həmin qonşuların deyil, İranın problemidir. Bu artıq qonşuluq münasibətləri ilə bağlı məsələdə İranın nə qədər səhv, yalnış münasibətdə, davranışda olduğunu göstərir və o, bundan nəticə çıxarmalıdır.

- Güneydə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində addımların atılması üçün Güney Azərbaycan İcması yaradıldı. Sizcə, bu icma fəaliyyətini hansı istiqamətdə aparmalıdır ki, Azərbaycan və İran münasibətlərində yumşalma olsun?

- Azərbaycanın cənubunda milyonlarla soydaşımıza qarşı İran dövləti, onun molla rejimi tərəfindən hər zaman ayrı-seçkilik, hüquqlarının pozulması siyasəti həyata keçirilib. Onların elementar hüquqları hər zaman tapdalanıb. Öz dillərində təhsil, mətbuat, formalaşdırma imkanları tanınmayıb. Mümkün qədər azərbaycanlıların digər etniklər arasında assimilyasiya olunması istiqamətində siyasət həyata keçirilib. Azərbaycanlılara qarşı sərt irqçilik və diskriminasiya siyasəti reallaşdırılıb. Bunun nəticəsidir ki, çoxlu sayda insanlarımızda artıq azərbaycanlı, türk olmalarına baxmayaraq, farslaşma elementləri özünü göstərməyə başlayıb. Azərbaycanın bir çox yaşayış məskənlərinin adları məqsədli şəkildə, bilərəkdən dəyişdirilib. Azərbaycana qarşı yalnız milli-etnik zəminli terror həyata keçirilməyib, həm də davamlı şəkildə ekoloji terror həyata keçirilib. Məsələn, Urmiya gölünün quruması istiqamətində İran molla rejiminin cinayətkar fəaliyyəti buna əyani bir nümunədir. Məhz cənubdakı soydaşlarımızın pozulan elementar hüquqlarının qorunması istiqamətində Güney Azərbaycan İcmasının yaradılması hesab edirəm ki, çox düzgün və zamanında atılmış addımdır.
Mən hesab edirəm ki, bu icma yalnız İran-Azərbaycan arasında münasibətlər normallaşması istiqamətində fəaliyyət göstərməyəcək. Həm də molla rejiminin fəaliyyətinin nəticəsində elementar hüquqları pozulan soydaşlarımızın hüquqlarının qorunması və təmin olunması istiqamətində də hüquqi müstəvidə fəaliyyətini davam etdirəcək və molla rejimi nəhayət ki, hüquq müstəvisində məcbur ediləcək ki, etdiyi cinayətləri, qanunsuz davranışlarını dayandırsın və fəaliyyətində qanunun, dinimizin tələbləri yerinə yetirilsin.
Hesab edirəm ki, bu proseslərin müsbət nəticələnməsinin vacib elementi nəhayət ki, İranın molla rejiminin və onun cinayətkar liderinin etdiyi əməllərə bir daha yenidən baxması, etiraz edən vətəndaşların dinlənilməsi və onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində addımların atılmasından keçir. Bir ölkənin lideri, hakimiyyəti xalqını, etirazçıları dinləmirsə, onlarla yalnız repressiya, işgəncə üsulları ilə danışırsa, o artıq həmin rejimin, hakimiyyətin sonu deməkdir. Bundan İranın molla rejimi nəticə çıxarmalıdır. Əks halda, geriyə dönüş mümkün olmayacaq və bu proseslərin yekununda qəzəbli xalq kütlələrinin qarşısında indiki molla rejimi və bu rejimə xidmət etmiş şəxslər dayanmış olacaq.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31