Həştərxan vilayətində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbirlərə start verilib - FOTO
28 Fevral 2023 12:46 SiyasətRusiyanın Həştərxan vilayətində vilayət Qubernatorunun müavini - Həştərxan Vilayəti Qubernatorunun Administrasiyasının rəhbəri Pavel Pautovun sədrliyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbirlərin hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən Heydər Əliyev adına 11 nömrəli tam orta məktəbin direktoru Tatyana Tixomirova bu münasibətlə keçirilən ilk tədbir-təhsil ocağının foyesində yerləşdirilmiş Həştərxan-Bakı şəhər rəsm müsabiqəsi iştirakçılarının sərgisi haqqında məlumat verib. Qeyd edib ki, uşaqlar fırçalar və akvarellərin köməyi ilə çoxmillətli Azərbaycanın və Həştərxan vilayətinin adət-ənənələri, Həştərxanın və Bakının görməli yerləri haqqında təsəvvür yaratmağa çalışıblar.
"Heydər Əliyev Fondunun sayəsində rahat və müasirləşən məktəbdə oxuduğum üçün fəxr edirəm. Bizim oxumağımız, idmanla, yaradıcılıqla məşğul olmağımız üçün hər cür şərait yaradılıb. Azərbaycandan olan dostlar hər zaman bizim əziz qonaqlarımızdır," - deyə müsabiqənin iştirakçısı, Heydər Əliyev adına 11 nömrəli məktəbin VIII sinif şagirdi Sofiya Senyuta bildirib.
Xatırladaq ki, Heydər Əliyev adına 11 nömrəli məktəbin ən yaxşı müəllim və şagirdləri yay tətilində dəfələrlə Azərbaycanda istirahətdə olublar. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2022-ci ildə məktəbə səfəri zamanı koronavirus pandemiyasına qədər mövcud olan xoş ənənənin bərpa olunmasını - ən fərqlənən şagird və müəllimlərin Bakıya ekskursiya ilə mükafatlandırılmasını təklif edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında Həştərxan vilayətinin nümayəndə heyətinin Bakıya səfəri zamanı dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə qubernator İqor Babuşkinə Azərbaycan-Həştərxan gənclərinin birgə forumunun keçirilməsini təklif edib. Qarşılıqlı razılığa əsasən, forum bu ilin aprel ayında Azərbaycanın Abşeron rayonunda keçiriləcək.
Təşkilat Komitəsinin iclasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş şəhər şeir müsabiqəsinin yekunları barədə də məlumat veriblər. Müsabiqənin təşkilatçıları Həştərxan vilayətinin Təhsil və Elm Nazirliyi, "Həştərxan şəhər dairəsi" bələdiyyə qurumunun administrasiyası və Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbidir. 25 qiraətçi gənc rus və Azərbaycan klassik şairlərinin əsərlərini, eləcə də Heydər Əliyev, Rusiya və Azərbaycan, xalqlar dostluğu haqqında öz şeirlərini səsləndiriblər. Bəzi şeirlər Azərbaycan dilində ifa olunub.
V.N.Tatişşev adına Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Angelina Fadina 100 illiklə bağlı universitetdə keçiriləcək tədbirlər barədə məlumat verib. Təşkilat komitəsinin üzvü, "Azərbaycan Mədəni və İqtisadi Əməkdaşlığa Yardım Mərkəzi" Həştərxan regional ictimai təşkilatının idarə heyətinin sədri Ədalət Hüseynov isə "Həştərxan-24" regional televiziya kanalında verilişin əlamətdar tarixə həsr olunmasını təklif edib.



