Avropa İttifaqı regionda vəziyyəti sabitləşdirməkdən daha çox gərginləşdirməyə xidmət edir - ÖZƏL

Avropa Birliyi Şurası Ermənistana iki illik mülki missiya göndərməklə bağlı qərar qəbul edib. Avropa Birliyinin bu addımı nəyə hesablanıb? Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov "Olaylar"a bildirib ki, Avropa Birliyi Şurasının Azərbaycanın iştirakı olmadan qəbul etdiyi qərar qərəzlidir: "Qərarın qəbulu ərəfəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə səfəri, Laçına gedən yolda vəziyyətlə bağlı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin təşkil etdiyi dinləmələrdə iştirak etməsi və bu dinləmələrə rəsmi Bakının dəvət olunmaması mənim söylədiyim fikrin təsdiqidir. Avropa Parlamenti Azərbaycanın XİN rəhbərinə ümumiyyətlə dəvətnamə göndərməyib.Azərbaycan dövlətinə aid problemin həllində Azərbaycan tərəfinin iştirak etməməsi hansı məntiqə uyğundur və budurmu Avropanın demokratik dəyərləri? Bir vacib məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Avropa İttifaqı ötən ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən qanlı döyüşlərdən sonra yeni toqquşmaların qarşısını almaq üçün Ermənistana mülki şəxslərdən ibarət kiçik müşahidə missiyası göndərmişdi. Bu missiyanın mandatı iki ayla məhdudlaşırdı, lakin əvvəldən aydın idi ki, Avropa İttifaqı (daha doğrusu, bu qərarın arxasında duran Fransa) regionda uzunmüddətli mövcudluq imkanlarını "araşdırır". Və belə də oldu: iki aydan sonra Avropa İttifaqında daha uzun və çoxsaylı missiyanın göndərilməsi ilə bağlı müzakirələr başladı və 200 nəfər daxil olmaqla iki illik səlahiyyət müddətində mülki missiyanın regiona göndərilməsi barədə qərar qəbul olundu. Azərbaycan Aİ-nin uzunmüddətli missiyasının Ermənistana göndərilməsindən narahatdır, çünki belə bir addım Brüsselin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarında əldə olunmuş razılaşmalara, xüsusən də ötən ilin oktyabr ayında Praqada keçirilən dördtərəfli danışıqlarda əldə edilmiş nəticələrə ziddir. Məsələyə diqqət etsək görərik ki, missiyanın istiqaməti Azərbaycanla razılaşdırılmayıb və problemin həllində rəsmi Bakının mövqeyi nəzərə alınmayıb. Baxmayaraq ki, bu missiya Ermənistan ərazisində həyata keçiriləcək, lakin bu həm də Azərbaycana adi olan bir məsələdir. Məhz bu baxımdan missiyanın ədalətli mövqe sərgiləməsi şübhə yaradır. Avropa İttifaqının bu qərarından Türkiyə və Rusiyanın monitorinq missiyası narahatdır. Ankara və Moskva bunu "Rusiyanın, o cümlədən Türkiyənin regiondan sıxışdırmaq cəhdi" kimi qiymətləndirirlər. Mənim fikrimcə, belə mövqe sərgiləməklə Avropa İttifaqı regionda vəziyyəti sabitləşdirməkdən daha çox gərginləşdirməyə xidmət edir. Bu gün Avropalı müşahidəçilərin missiyası mülki olsa da, Ermənistan növbəti mərhələdə Qərbdən regiona hərbi missiya dəvət etmək niyyətini gizlətmir. Bu o deməkdir ki, Moskva Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək, bunun nəticəsində də gərginlik daha da artacaqdır. Bu isə arzuolunan hal deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31