"Qərbi Azərbaycan İcmasının qarşısında Vətənə qayıdış missiyası dayanır"
6 Yanvar 2023 10:04 SiyasətTarixi Azərbaycan ərazisi olan indiki Ermənistanda müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən kütləvi qırğınlar, deportasiyalar, soyqırımları nəticəsində və həmin əraziyə ermənilərin kənardan köçürülüb gətirilməsi sayəsində bu gün monoetnik erməni dövləti yaranıb. Hazırda soydaşlarımızın Qərbi Azərbaycandakı dədə-baba torpaqlarına qayıtmaları üçün tarixi şərait yetişib. Qərbi Azərbaycandakı soydaşlarımızın başlarına gətirilən fəlakətlərin miqyası və Vətənə qayıdış Konsepsiyası barəsində tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa ilə həmsöhbət olduq:
"Son 220 ilin xronikasına nəzər yetirsək, Qərbi Azərbaycanda indiyədək nələri itirdiyimizi xatırlayar, nələri qaytarmağın vacibliyini dərk edərik. Son 220 illik tariximizi 7 mərhələyə bölmək olar. Həmin mərhələlərə qısaca nəzər salaq. Birinci mərhələni ermənilər üçün "yeni vətən" yaradılması mərhələsi adlandırmaq olar. Qərbi Azərbaycandan Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsindən başlamışdır. Rus qoşunları 1827-ci il oktyabrın 1-də İrəvan qalasını ələ keçirdilər. 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinə əsasən sonuncu Şimali Azərbaycan xanlıqları- İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Martın 20-də I Nikolay "Erməni vilayəti"nin yaradılması haqqında fərman imzaladı. 1829-1832-ci illərdə "Erməni vilayəti"ndə keçirilən kameral siyahıyaalmanın nəticələrinə görə, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməni köçürülmüşdür. Rusiya-Qacarlar dövləti, Rusiya-Osmanlı Türkiyəsi müharibələri nəticəsində 359 müsəlman kəndi dağıdılmışdı. İrandan köçürülən ermənilər İrəvan xanlığının 119 kəndində, Türkiyədən köçürülən ermənilər isə 128 kənddə yerləşdirilmişdilər. Nəticədə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 120 mindən artıq ermənisi köçürülüb yerləşdirilmişdi.
İkinci mərhələni "səssiz soyqırımı" mərhələsi adlandırmaq olar. Çar Rusiyasının hakim dairələrinin ermənipərəst mövqeyindən istifadə edən ermənilər Cənubi Qafqazda erməni dövlətinin əsasını qoymaq üçün 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında və 8 şəhərində kütləvi qırğınlar törətmişlər. 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır. Hesablamalarımıza görə, dağıdılan kənd və şəhərlərin təqribən 200-ü Qərbi Azərbaycan yaşayış məntəqələrinin payına düşür.
1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınların üçüncü mərhələsi soyqırımı kimi xarakterizə edilir. Çünki həmin qırğınlar müstəqil Ermənistan dövlətinin yeritdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi idi. 1918-1920-cu illərdə Zəngəzur qəzasında 217 kənd bütövlüklə dağıdılmış, əhalisinin xeyli hissəsi erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdü. Təkcə İrəvan quberniyasında 300-dən artıq, Qars vilayətində isə 100-ə yaxın azərbaycanlı yaşayış məntəqəsi dağıdılmış, əhalisi soyqırımına məruz qoyulmuşdur. 1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 12 min nəfər azərbaycanlı qalmışdı. 1921-ci ildən sonra Sovet Ermənistanına təqribən 130 min azərbaycanlım qayıda bilsə də, bu dəfə "beynəlmiləlçi" pərdəsinə bürünmüş erməni-daşnak şovinizminin yeni təzahürü ilə qarşılaşdılar. Sovet Ermənistanında 1930-cu illərdə 50 mindən artıq azərbaycanlı repressiyaya məruz qoyuldular. Onların xeyli hissəsi Qazaxıstana və Orta Asiyaya sürgün edildilər.
Dördüncü mərhələ tarixə azərbaycanlıların 1948-1953-cü illər deportasiyası kimi yazılsa da, əslində, bu, sözün həqiqi mənasında sürgün idi. Bu aksiya icra edilən zaman heç bir müqavimətə rast gəlməyən Ermənistan rəhbərləri 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində daha bir aksiyanın - azərbaycanlıların deportasiyası aksiyasının həyata keçirilməsinə nail oldular.1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. Bu qərarın icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondakı 200-dən artıq yaşayış məntəqəsindən və İrəvan şəhərindən təqribən 100 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə fürsət verdi ki, İrəvan şəhəri ətrafında və Ermənistanın İran və Türkiyə ilə sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin əksəriyyətini yer-yurdlarından deportasiya etmək yolu ilə birdəfəlik xəritədən silə bilsin.
Beşinci mərhələ Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin başa çatdırılması mərhələsi kimi xarakterizə edilir. Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi seçiləndən sonra Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi pərdəsi altında Ermənistan Azərbaycana qarşı anneksiya siyasətini həyata keçirmək fürsətini əldə etdi. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra, Ermənistanın millətçi rəhbərləri "Daşnaksutyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar.1988-ci il noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyası zamanı rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar. Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu. Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.
1991-1994-cü illəri əhatə edən altıncı mərhələdə Ermənistan ordusunun Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin nəticələri göz qabağındadır. Birinci Qarabağ müharibəsi nəticəsində ermənilərin torpaqlarımızı işğal altında saxladıqları təqribən 30 ildə törətdikləri vandallıqları onların havadarlar görmək istəməsələr də, bu gün dünya ictimaiyyəti görür.
2020-ci ilin payızında tariximizin yeddinci - Zəfər mərhələsi başladı. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kaputilyasiya aktına imza atdı. Bu, 100 ildən artıq müddətdə özünü qalib və məğlubedilməz sayan ermənilərin Azərbaycan əsgəri tərəfindən diz çökdürülməsi idi. Bu, həm də erməni diasporunun və ermənilərin xaricdəki havadarlarının məğlubiyyəti idi.
- Qərbi Azərbaycana geri dönüş yaxın gələcəkdə mümkündürmü?
-Bunun üçün tarixi şərait yetişib. Son 30 ildə ilk dəfədir ki, biz erməniləri hər hansı hərbi əməliyyata başlamaq imkanından məhrum etmişik. Göyçə gölünün ətraf dağlarındakı yüksəkilklərdən Naxçıvan dağlarının görünməsi, ermənilərin özlərinin təbirincə desək, Ermənistanın başı üzərində domokl qılıncının sallanması deməkdir. Bütün bunlara müzəffər Ali Baş komandan İlham Əliyevin həyata keçirdiyi misilsiz tədbirlər və şanlı ordumuzun rəşadəti sayəsində nail olmuşuq.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda - Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi. 1921-ci ildə Azərbaycandan qoparılaraq Ermənistana verilən Qərbi Zəngəzur isə keçmiş Meğri, Qafan, Sisyan və Gorus rayonlarını əhatə edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanılıb. Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi yaxın müddətdə tarixi reallığa çevriləcək. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Şuşa Bəyannaməsində də Zəngəzur dəhlizinin açılmasının bölgənin həyatında yeni mərhələ olacağı öz əksini tapıb.
Əgər bu gün Qarabağ İqtisadi zonasında erməni toplumu yaşayırsa, Azərbaycan dövləti bütün digər vətəndaşları kimi, ermənilərin də təhlükəsiz yaşamalarına təminat verirsə, qarşılıqlı olaraq Ermənistan dövləti də Qərbi Azərbaycandan deportasiya edilmiş soydaılarımızın kompakt bir ərazidə yaşamaq hüququnu tanımalı və onların təhlükəsizliyinə zəmanət vervməlidir. Onsuz da Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 702 toponim bu günədək ermənicələşdirilib. Təkcə Qərbi Zəngəzurda 70-dən artıq kəndlərdə azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Göyçə gölü hövzəsində hə azərbaycanlılar kompakt ərazidə yaşayırdılar. Azərbaycanlıların əvvəllər yaşadıqları 734 kənddə hazırda ermənilər yaşayır. Üstəlik, cənab Prezidentin dediyi kimi, Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür, insanlar oradan gedir, həm də təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər erməniləri buna vadar edir. Yəni tarixi şərait imkan verir ki, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılar əvvəllər kompakt yaşadıqları ərazilərə qayıda bilsinlər.
-Qərbi Azərbaycan İcmasının üzərinə hansı vəzifələr düşür?
-Bu vəzifələr artıq müəyyən edilib. Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə İcma qarşısında ciddi vəzifələr qoydu. Mənim də iştirak etdiyim həmin görüşdə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmli olacağını bildirdi. İcmanın bir neçə istiqamət üzrə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə öz işini davam etdirməsinin zəruri olduğunu qeyd etdi. Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan həqiqətləri də çatdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Qərbi azərbaycanlıların bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş öz tarixi-etnik torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi tələb edilməlidir.
Prezident İlham Əliyev Qarabağ münaqişəsi həll olunandan sonra hazırda qarşıda duran əsas vəzifənin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu, bu konsepsiyanın sülhsevər konsepsiya olacağını, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaların əsasında öz hüququmuzu tələb etməli olduğumuzu, bu işə beynəlxalq hüquqşünasları cəlb edilməli olduğunu bildirdi.
Prezident İlham Əliyev Qərbi Azərbaycan ictimai təşkilatlarının bir təşkilatda birləşməsindən sonra bütün informasiya resurslarının - qəzetlərin, informasiya portallarının, rəqəmsal platformaların məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparmalarının vacibliyini bildirdi. Gələcəkdə Qərbi Azərbaycana Böyük Qayıdış Proqramının da işlənəcəyini bildirdi.
Heç vaxt indiki qədər güclü olmayan Azərbaycan öz şərtlərini diktə edir. Ermənistan hakimiyyətinin Azərbaycanın beynəlxalq hüquqa söykənən tələblərini yerinə yetirməyə məhkumdur. Cənab prezidentin dediyi kimi, Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar. Hazırda Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının hazırlanması üzərində gərgin iş gedir. Müxtəlif dövlət durumlarının da bu prosesə cəlb edilməsi tezliklə Qayıdış Konsepsiyasının ərsəyə gələcəyinə zəmanət verir.
Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən Prezident İlham Əliyevin dediyi kimi, "Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq."
Əfsanə Səlimi