Cənubi Qafqazda Azərbaycanın fəallığı yeni səviyyədə: geosiyasi konfiqurasiya dəyişir

Kamal  Adıgözəlov

Ermənistan və havadarları təxribatçı, qeyri-konstruktiv fəaliyyətlərinə yeni dinamika verməyə çalışırlar. Onların başlıca məqsədi regiona sabitlik gətirə biləcək Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə hər vasitə ilə əngəllər yaratmaqdan ibarətdir. Qərb bu prosesdə özünün maraqlarına uyğun olan geosiyasi konfiqurasiyanın formalaşmasına çalışır. Ermənistan isə ağır məğlubiyyətdən sonra yenidən revanş götürmək fikrinə düşüb. Rusiya Qərbin regiona müdaxilə etməsini qəbul etmir. İran isə Cənubi Qafqazda türk faktorunun güclənməsini həzm edə bilmir. Bütün bunlar bir-biri ilə qarşılıqlı əlaqədə regional geosiyasi proseslərdə ciddi hərəkətlənməni stimullaşdırır. Azərbaycan rəhbərliyinin vurğulanan aspektlərdə həmin gedişata reaksiyası maraq doğurur. Faktlar göstərir ki, rəsmi Bakı kifayət qədər konstruktiv, rasional və səmərəli addımlar atır. Həmin kontekstdə regionda gedən geosiyasi proseslərin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Altı tezis: regional geosiyasətin motivasiyası

Ekspertlərin qiymətləndirmələrinə görə, Cənubi Qafqazda geosiyasi proseslər yeni mərhələyə daxil olub. Bu məkanda son illər geosiyasi mənzərə elə sürətlə dəyişir ki, axırıncı dəyişikliklər də təəccüb doğurmur. Lakin onlar regionda sülhün və sabitliyin təmin olunması istiqamətində meydana çıxan məsələlərin analizini aktuallaşdırır. Doğrudan da, 44 günlük Zəfər savaşından sonra Cənubi Qafqazda geosiyasi mübarizə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması kontekstində növbəti mərhələyə qədəm qoyub. Bu mərhələnin özəl müəyyənedici faktorları vardır.

Hər şeydən öncə, artıq Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi aspektində cərəyan edən hadisələrə beynəlxalq təşkilatlar və xüsusən Qərbin bir sıra böyük dövlətləri miqyasında müdaxilələr artmaqdadır.

İkincisi, bunun fonunda regionda Qərb-Rusiya qarşıdurması daha da güclənməkdədir.

Üçüncüsü, Azərbaycan vurğulanan istiqamətdə nəinki geri çəkilməyib, əksinə, milli maraqların təmini aspektində daha da fəallaşıb.

Dördüncüsü, Ermənistan bu mərhələdə də öz əvvəlki ampluasındadır, havadaralarının arxasında gizlənərək qeyri-konstruktiv addımlar atmaq taktikasını davam etdirməyə qərar verib. Bununla mahiyyətcə dəyişmədiyini nümayiş etdirməkdədir.

Beşincisi, Türkiyə, həmişə olduğu kimi, ədalətli mövqe tutaraq Azərbaycanın haqq işinə dəstəyini davam etdirir.

Altıncısı, İran təcavüzkarın yanında olmaq strategiyasını davam etdirir. Onun Qərblə münasibətlərinin kəskinləşməsi mövqeyinə elə də təsir etməyib. Eyni zamanda, Rusiya və İranın bir sıra ekspertləri son günlər Rusiya-İran münasibətlərinin də yaxınlıq aspektində yeni səviyyəyə yüksəldilməsi zəruriliyini vurğulayırlar. Bunların fonunda İran hakimiyyət dairələrinin Ukrayna rəhbərliyini "strateji səbrinin tükənməsi" kimi ifadələrlə hədələməsi ekspertlərin diqqətindən yayınmayıb.

Bu tezislərin hər birini təsdiq edən faktlar mövcuddur. Onlar zahirən bir-biri ilə əlaqəli görünməsələr də, geosiyasi səviyyədə daxili bağlantılarının olması şübhəsizdir.

Birinci tezis Fransa və ABŞ-ın fəallığı ilə BMT-də Azərbaycan-Ermənistan münasibətlərinin sülh yolu ilə tənzimlənməsinə ikili yanaşmanın əlamətləri fonunda düşündürücü təsir bağışlayır. Maraqlıdır ki, Böyük Britaniya da fraqmentar olaraq Amerika və Fransayla həmrəylik nümayiş etdirir. Çin birbaşa deməsə də, Türkiyəyə qarşı BMT-də əsassız fikirlər səsləndirməklə, sürüşkən mövqedə olduğunu göstərir. Bunların fonunda ekspertlərin diqqəti Rusiyanın fərqli mövqeyi üzərində cəmləşib.

Avropa İttifaqı isə yenə də regiona mülki nəzarətçiləri göndərəcəyini və onların sayını artıracağını bəyan edib. Amerika və Avropanın bu mərhələdə istəyi nədir? Onlar niyə növbəti dəfə ədalətsiz mövqe tutmaqla Azərbaycana qarşı haqsızlıq edirlər? Nə üçün, bir tərəfdən, enerji təhlükəsizliyindən dəm vururlar, o biri tərəfdən isə, bu məsələdə onlara yaxından dəstək olan Azərbaycana qarşı ən azından bitərəf mövqe tutmaq istəmirlər. Geosiyasi kontekstdə Qərb hansı məqamı qabartmağa çalışır?

Qərb Fransanın təhriki ilə BMT Təhlükəsizlik Şurasında guya Azərbaycanın Xankəndi-Laçın yolunu bağladığı haqqında qərəzli sənədə səs verməyə çalışır. Bununla bağlı xüsusi seçilmiş ölkələri Bakıya qarşı qoymağa cəhd göstərirlər. Azərbaycan Prezidenti bu barədə açıq və konkret fikir ifadə edib. Hələlik antiazərbaycan planı tam reallaşa bilmir, lakin bundan sonra nə olacağını proqnozlaşdırmaq asan deyildir.

Bu addımı Qərb Ermənistanı regionda sabitliyə qarşı qoymaq üçün atır. Daha doğrusu, Qərb regionda əsas vasitəçi olmağa çalışır. Bunun üçün Rusiyanın qarant olması imkanlarının məhdud və həm də etibarsız olduğu təəssüratı yaratmaq istiqamətində fəallıq göstərir. Bütövlükdə belə bir mənzərə alınır: 30 il Ermənistanı təcavüzkar kimi yerində oturtmayan Qərb Azərbaycanın haqq işinə mane olmaqla rəsmi Bakıya təzyiq göstərməyə çalışır. Bu ikili yanaşmanı Azərbaycan rəhbərliyi çox gözəl başa düşür və ona qarşı reaksiyası da tam adekvatdır. Rusiyaya gəldikdə isə, rəsmi Moskva Qərbin bu mövqeyini qəbul etmir və Ermənistana xəbərdarlıqlarını edir.

Belə ki, son zamanlar Rusiya xarici işlər naziri səviyyəsində Ermənistan rəhbərliyinə sülh prosesini pozması ilə bağlı informasiyalar ötürür. İndi Moskva Ermənistan rəhbərliyini və Qarabağdakı separatçıları açıq surətdə pozucu fəaliyyət göstərmələri ilə bağlı tənqid edir. Ermənistanın sülh danışıqlarının növbəti raundunda iştirakdan imtina etməsindən sonra Rusiya diplomatlarının ritorikasında aqressivlik daha da çoxalıb. Azərbaycanın xarici işlər naziri isə Moskvada Sergey Lavrovla ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, o cümlədən postmünaqişə dövründə regionda mövcud olan vəziyyəti müzakirə edib. Görüşdən sonra Rusiya tərəfi Azərbaycanın təkliflərinin konstruktiv olduğu haqqında fikir bildirib.

Ermənistanın ikili mövqeyi: Qərb-Rusiya münasibətlərinin gərginlik xəttində

Deməli, Ermənistanın ikili mövqeyi ucbatından, faktiki olaraq, ikitirəlik yaranıb. İrəvan regiona Qərbin müdaxiləsinə, Bakı isə 10 noyabr bəyanatının müddəaları kontekstində sülh müqaviləsinin imzalanmasına çalışır. Bu zaman Azərbaycan Qərbin konstruktiv təkliflərini də arxa plana atmır. Yəni Azərbaycan regionda sülhə, barışa, əməkdaşlığa xidmət edən ədalətli mövqeyində qətiyyətlə qalmaqdadır.

Bu faktlar ikinci tezisin - regionda Qərb-Rusiya qarşıdurmasının siyasi-ideoloji, təhlükəsizlik aspektlərində daha da kəskinləşdiyinin doğruluğunu təsdiq edir. Hazırda Moskva, bir tərəfdən, sülh müqaviləsinin imzalanması üçün təşəbbüslərini davam etdirir, digər tərəfdən də, Qərbin regiona monitorinq qruplarını göndərməməsinə çalışır. Bu baxımdan Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının addımları maraq doğurur. Məsələ burasındadır ki, vətənpərvər gənclərin, vətəndaş cəmiyyəti nümayəndələrinin ekoloji mühitin ermənilər tərəfindən çirkləndirilməsinə qarşı etiraz aksiyasını davam etdirməsi fonunda sülhməramlıların ermənilərin azərbaycanlılara qarşı hər hansı təxribat törətməsinə imkan verməmələri separatçıların və onların havadarlarının xoşuna gəlmir. Onlar hesab edirlər ki, rus sülhməramlıları obyektiv yox, ermənilərin subyektiv istəklərinə uyğun hərəkət etsələr, fəaliyyətləri "səmərəli" olar. Məhz buna işarə edərək Ermənistanın baş naziri Rusiyaya rəsmi etirazını bildirib, xarici işlər naziri də Laçın yolu açılmadığına görə Moskvaya getmədiyini bəyan edib.

Real situasiyaya baxdıqda erməni siyasilərin və havadarlarının nə qədər haqsız, vicdansız, antihumanist olduqlarını və qanunsuz davrandıqlarını görürük. Əslində, bunlar Ermənistanın dünyanı şantaj etmək, Rusiyaya qarşı mübarizə apardığına dair rəy yaradıb Qərbdən kömək istəmək və Azərbaycanla Rusiya arasında nifaq toxumu səpmək siyasətinin əlamətləridir. Və daha mənfi tərəf ondan ibarətdir ki, bunları bilə-bilə Qərb ermənilərə dəstək verir. Bu da onu proqnozlaşdırmağa əsas verir ki, yaxın perspektivdə Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurması daha da şiddətlənəcək.

Eyni zamanda, bu gedişata ciddi korrektələr edə biləcək iki faktoru da unutmaq olmaz. Onlardan biri üçüncü tezisdə yer almış Azərbaycanın regional və qlobal miqyaslarda fəallığını daha da artırması, digəri isə Türkiyə faktorudur. Həmin bağlılıqda Avropa İttifaqının normallaşma prosesində Türkiyənin rolunun artırılması ilə əlaqədar irəli sürdüyü təklif ekspertlərin marağına səbəb olub. Avropa bununla nə demək istəyir? Təşəbbüsün Türkiyəyə keçməsində Brüssel səmimidirmi?

Ekspertlər buna əmin deyillər. Aİ başqa geosiyasi məsələlərdə Türkiyəyə qarşı tutduğu mövqe ilə sübut edib ki, Brüssel Ankaraya dost münasibətdən uzaqdır. Məsələn, Yunanıstan, Kıbrıs, Aralıq dənizində enerji axtarışları kimi məsələlərdə Aİ-nin qərəzli mövqeyi məlumdur. Nə oldu, Brüssel Qafqaz istiqamətində "obyektivləşdi"?

Məsələ ondan ibarətdir ki, Aİ Türkiyə məsələsini ortaya atmaqla Ankara-Moskva münasibətlərinə əngəl yaratmaq niyyətini güdür. Son dövrlərdə enerji sahəsində Türkiyə-Rusiya münasibətləri strateji məzmun kəsb etməyə başlayıb. Rusiya Avropaya çatdırılacaq və müxtəlif istiqamətlərdən gələcək enerjidaşıyıcılarının qiymətinin Türkiyə tərəfindən müəyyənləşdirilməsinə çalışır. Bunun üçün Türkiyə "enerji habı"na çevrilir. Belə çıxır ki, Avropa, faktiki olaraq, Rusiyanın asılılığından çıxıb Türkiyənin asılılığına düşür. Bunu özündənrazı "demokratlar" qəbul etmək istəmirlər.

Digər tərəfdən, Avropa bu təklifi etməklə mümkün fiaskoda Türkiyəni günahlandırmaq fürsətini qazanmaq istəyir. Bunu da onlar Ermənistanı özlərindən incik salmamaq üçün edirlər. Qərəzli erməni şüuru "günahkar Türkiyədir" ittihamını asanlıqla qəbul edəcəkdir.

Bu məkrli oyunu Azərbaycanın xarici siyasətində özünü göstərən yeni fəallıq mərhələsi tamamilə poza bilər. Bəli, yalnız Türkiyənin deyil, Azərbaycanın! Prezident İlham Əliyev Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı ifadə etdiyi fikirdə Azərbaycanın öz sərvətlərinə sahib çıxması istəyini və bu prosesdə vətəndaşların fəallıq göstərməsini tam haqlı olaraq normal, qanuni və ədalətli adlandırıb. Azərbaycan heç bir qanunazidd hərəkətə yol vermir, sülhməramlıların fəaliyyətinə hətta yardım göstərir. Azərbaycanlılar haqlı olaraq Ermənistandan gələn nəqliyyat vasitələrinin Azərbaycan dövlət strukturları tərəfindən yoxlanmasını tələb edirlər. Axı, ora Azərbaycan ərazisidirsə, başqa kimin hüququ var ki, nəzarət işini görsün?

Bu məqamın ayrıca siyasi aspekti də Azərbaycanın xeyrinədir. Məsələ ondan ibarətdir ki, Ermənistan rəhbərliyi dəfələrlə geninə-boluna bəyan edib ki, Ermənistan heç kimə öz ərazisindən dəhliz verə bilməz. Söhbət yalnız yoldan gedir ki, ona da nəzarəti rəsmi İrəvan edə bilər. Belə bir ritorika ilə özünü ortaya atan təcavüzkar hansı haqla Laçından keçən dəhlizə iddia edə bilər? Buna onun heç bir cəhətdən gücü və hünəri çata bilməz! Eyni məntiqlə kimsə Azərbaycana diqtə edə bilməz ki, Laçından keçən yol dəhliz statusunda olsun! Zəngəzur isə ancaq dəhliz ola bilər. Çünki həmin dəhliz Ermənistanın ərazisində sona çatmır - Ermənistan ərazisi ancaq tranzit məkanı kimi həmin dəhlizə aiddir. Zəngəzur dəhlizinin son dayanacağı Naxçıvandır, sonra Türkiyə və Avropadır. Laçından keçən ermənilər isə birbaşa Azərbaycan ərazisinə düşürlər və oradan çıxış yenə də Azərbaycandan keçir.

Azərbaycan məkrli oyunları pozur: ədalətli və haqlı mövqe

Bunları Ermənistanın havadarları bilmirlər? Bilirlər, lakin riyakarlıq edirlər. Eyni zamanda, vurğuladığımız məqamlar dördüncü tezisin doğruluğuna dəlalət edir. Yəni Ermənistanın şantajçı, böhtançı, araqarışdırıcı və havadarlarının arxasında gizlənmək taktikasına dəstək verirlər. Ancaq onların qarşısında indi aktiv və təsirli Azərbaycan siyasəti dayanır.

Qərbin vasitəçilik məsələsində məkrli planını pozan başqa fakt Azərbaycanın beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməsi ilə bağlıdır. Rəsmi Bakı 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış məlum bəyanatın çərçivəsində sülh müqaviləsinin hazırlanmasına sadiq olaraq qalır. Bu, hər hansı bir formada antitürkiyə əhval-ruhiyyəsinin yaranmasını əngəlləyir. Çünki əgər Türkiyə vasitəçilikdə fəallaşsa belə, müzakirələr Azərbaycan-Ermənistan-Rusiya bəyanatı çərçivəsində aparılacaq. Ondan kənara çıxmağı Azərbaycan haqlı olaraq istəmir.

Həmin sənəddə isə konkret göstərilir ki, Ermənistan işğalçı silahlı qüvvələri Qarabağdan çıxarılır, kommunikasiyalar açılır və ölkələr arasında delimitasiya, demarkasiya prosesi başlayır. Bu müddəalarda hər hansı dəyişiklik yoxdur, olmamalıdır. Ancaq bunların heç birinə tam əməl edilməyib. Bu mənada həmin öhdəliklərin yerinə yetirilməsi üçün Ankara daha fəal addımlar ata bilər və burada onun Moskva ilə hansısa ziddiyyətli münasibəti ola bilməz.

Deməli, Qərb Türkiyənin vasitəçiliyi dedikdə, əsas onu nəzərdə tutur ki, 10 noyabr bəyanatında təsbit edilən format yenilənsin! Buna nə Bakı, nə də Ankara imkan verməz! Bütövlükdə isə aydın olur ki, Azərbaycan regional geosiyasi proseslərə ciddi təsir edən fəaliyyət mərhələsinə keçib ki, bu da ayrıca araşdırılmalıdır!

Türkiyəyə gəldikdə isə, Ankara Azərbaycanın haqq işinə dəstəyini davam etdirir. Türkiyə rəhbərliyi heç bir təhrikə, şantaja uyan deyil. Qardaş dövlətin rəhbərliyi özünün Cənubi Qafqaz siyasətini öncədən müəyyən etdiyi kurs üzrə qətiyyətlə davam etdirir. Bununla yanaşı, Azərbaycanın atdığı addımları tam dəstəkləyərək, təşəbbüs və üstünlüyün Azərbaycanda olduğunu təsdiq edir. Bu da Ankaranın yeni mərhələdə Cənubi Qafqaz siyasətində növbəti müsbət məqamdır. Azərbaycan-Türkiyə tandemi yeni mərhələdə də regionun sabitləşdirici və aparıcı qüvvəsi kimi təsirini saxlamaqdadır.

Vurğuladığımız beşinci tezisimizin fonunda növbəti tezis maraq doğurur. Konkret olaraq, İran təcavüzkarın yanında qalmaqdadır. Bir tərəfdən, İran Qərblə münasibətlərində daha böhranlı situasiyaya doğru gedir və bu da onun Cənubi Qafqazda Ermənistanla əlaqələrinə mənfi təsir edə bilər. Digər tərəfdən isə, Ermənistanı ən müxtəlif məsələlərdə ittiham edən Rusiya ilə daha geniş əməkdaşlığa can atır. İndi Tehran demək olar ki, bütün regional məsələlərdə Moskvanı dəstəkləyir. Hətta Qərb dövlətləri açıq bəyan edirlər ki, Rusiya-İran münasibətləri çox təhlükəli məzmun kəsb etməyə başlayıb.

Bunlardan belə nəticə alınır ki, Rusiya-İran əlaqələrinin intensivləşməsi ilə Rusiya-Ermənistan və Ermənistan-İran münasibətlərinin məntiqi arasında müəyyən ziddiyyətlər meydana gəlməkdədir. Bu ziddiyyətlərin Rusiya-İran-Ermənistan "üçbucağı"nda hansı mənzərəni yaradacağını zaman göstərəcək. Ancaq indidən aydındır ki, Qərb ermənilərin bu cür manevrlərini qəbul edə bilməz.

Bu tezislərin fonunda regionla bağlı müşahidə edilən bir sıra proseslər də kifayət qədər düşündürücü məqamlarla zəngindir. Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Murun Ermənistana səfəri çoxlu suallar yaradıb. Böyük Britaniyanın məqsədi nədir? Mİ6 şefinin səfəri ilə BMT TŞ-də Londonun mövqeyində dəyişikliyin olması arasında hansı əlaqə mövcuddur? Qərb bəlkə Ermənistanı doğru yola çəkməyə çalışır? Bu suallara indi cavab vermək çətindir. Bununla yanaşı, Emmanuel Makronun Azərbaycan Prezidentinə telefon zəngi ekspertlərin diqqətini cəlb edib.

Fransanın mövqeyi çoxdan məlumdur. İlham Əliyev də Fransa Prezidentinə Ermənistanın hələ də Azərbaycana məxsus 8 kəndi işğalda saxladığını xatırladıb. Bu o deməkdir ki, Azərbaycan rəhbərliyi öz milli mövqeyini qətiyyətlə qoruyur. E.Makron hansısa güzəşt və ya mövqe dəyişikliyi tələb etməyə çalışıbsa, qətiyyətli cavab alıb.

Qərbin diplomatik fəallığı bunlarla sonuclanmır. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları müzakirə edib. Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Azərbaycanın xarici işlər naziri ilə bölgədəki cari vəziyyət, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olmuş hadisələr, Avropa İttifaqının Ermənistandakı missiyası, o cümlədən Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə edib.

Deməli, ABŞ, Avropa və Rusiyanın diplomatik fəallığı getdikcə yeni vüsət alır. Azərbaycan da öz aktivliyini artırır. Bu baxımdan Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünü də qeyd etmək lazımdır.

Bunlarla yanaşı, ekspertlər Qarabağda separatçılar - Vardanyan və Arutyunyanın əl-qolunun bağlandığı, hətta onlarla Paşinyan hakimiyyəti arasında ziddiyyətlərin daha da dərinləşdiyi haqqında yazırlar. Regionda geosiyasi kontekstdə siyasi-diplomatik fəallığın artması erməni cəbhəsində çaxnaşmalara səbəb olub. Bu da onu göstərir ki, Ermənistan rəhbərliyi, faktiki olaraq, situasiyaya təsir edə bilmir. Onun mövqeyi tamamilə uduşsuzdur.

Erməni diplomatiyasının qələbə şansı praktiki olaraq sıfra bərabərdir. Bunun başlıca səbəbi Azərbaycan rəhbərliyinin həyata keçirdiyi olduqca uğurlu, praqmatik və milli maraqlara xidmət edən xarici siyasət kursudur! Bu prosesin daha da inkişaf edəcəyi və yeni zəfərlərə yol açacağı şübhə doğurmur! Prezidentin Qərbi Azərbaycan ziyalıları ilə görüşdə ifadə etdiyi kimi, Göyçə və Zəngəzura qayıdış da olacaq və o gün uzaqda deyil! İndi Qarabağ yüksəkliklərindən Göyçəni və Naxçıvan dağlarını gözlə görə biliriksə, sabah bu yerlərin birindən digərinə ayaqla keçə biləcəyik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31