Dünya erməniliyi anlamalıdır ki, məğlub dövlət qalib tərəfə diktə edə bilməz

"Qarşıya qoyulmuş məqsədə çatmaq üçün, dünya azərbaycanlılarının həmrəyliyi, bu amal uğrunda bir araya gəlməsi, Prezidentin səsləndirdiyi tarixi faktların müxtəlif ölkələrin ictimaiyyəti arasında təbliğ olunmasının əhəmiyyəti böyükdür. Beynəlxalq birlik bilməlidir ki, ermənilərin Qafqaza heç bir aidiyyəti yoxdur".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində etdiyi proqram xarakterli çıxışa münasibət bildirərkən səsləndirib. Millət vəkili bildirib ki, ermənilər bu ərazilərə gəlmə millətdir: "İrəvan xanlığının, İrəvan şəhərinin əsası azərbaycanlılar tərəfindən qoyulmuşdur. Tarixi ədalətsizlik nəticəsində ermənilərin İrəvan xanlığının ərazisinə köçürülməsi fikri, zamanla dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, insanların beynində həkk olunmalıdır. Ermənistan, dünya erməniliyi anlamalıdır ki, məğlub dövlət, məğlub xalq qalib tərəfə diktə edə bilməz.  Yalan təbliğatla, tarixi faktları saxtalaşdırmaqla, müsbət nəticə almaq mümkün deyil və qonşularla əbədi düşmənçiliyin sonu yoxdur. Azərbaycanın irəli sürdüyü şərtlər daxilində Sülh müqaviləsinin imzalanmasının alternativi yoxdur. Əks halda, hücum diplomatiyasını  daha kəskin hiss edəcəklər".

Nəsib Məhəməliyev onu da deyib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşündəki çıxışı,  mübaliğəsiz  tarixi çıxış olaraq qiymətləndirilməlidir: "Ölkə Başçısının səsləndirdiyi fikirlər, icmanın gələcək fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqları ilk baxışdan əlçatmaz arzu kimi görünə bilər. Ona görə də, etiraf etməliyik ki, cəmi iyirmi altı ay bundan əvvəl 44 gün ərzində Qarabağın, ətraf rayonların, Hadrutun, ən əsası isə, qədim Şuşanın  azad ediləcəyini təsəvvür etmirdik".

Deputat onu da vurğulayıb ki, müharibədən sonra Ordumuzun apardığı əməliyyatlar, ələ keçirilmiş strateji yüksəkliklər və s. bir daha göstərdi ki, Ali Baş Komandan səsləndirdiyi fikirlərin  arxasındadır. Milyonlarla insanın arzusunu reallığa çevirmək iqtidarındadır: "Tarix üçün 50-100 il böyük müddət deyil. Ən vacib olanı strategiyanı düzgün müəyyənləşdirmək və məqsədə doğru addım-addım irəliləməkdir. Cənab Prezident, dövlət tərəfindən lazım olan addımların atılacağını, indiki Ermənistanın yerləşdiyi ərazinin bizə məxsus olması ilə bağlı bütün sənədlərin, xəritələrin mövcudluğu, 1918-ci ildə ermənilərə verilməsi, müxtəlif illərdə soydaşlarımızın deportasiyaya məruz qaldıqlarını vurğuladı. İcmanın qarşısında duran vəzifələrin izahını verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31