Azərbaycan dövləti yaxın zamanlarda Vardanyanla bağlı ciddi ölçülər götürəcək - ÖZƏL

"Erməni separatçılarının təxribatları müntəzəm olaraq davam etməkdədir. Təəssüflər olsun ki, Rusiya sülhməramlıları da separatçıların bu təxribatlarına göz yumurlar". Bu fikirləri "OLAYLAR"-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Ruben Vardanyanın Azərbaycanı təhdid edən açıqlamalarına münasibət bildirərkən səsləndirib. O bildirib ki, separatçılar həm 2016-cı ilin Aprel döyüşləri, həm də 2020-ci ilin Vətən müharibəsindən dərs çıxarıb təxribatlardan əl çəkməli, qeyri-qanuni silahlı birləşmələrinin fəaliyyətinə son qoymalıdırlar: "Nəzərə almalıdırlar ki, onlara böyük şans verilib. Bu şansdan istifadə edərək onlar Azərbaycan vətəndaşlığını qəbul etməli və dövlətimizin vətəndaşı olaraq orada yaşamalıdırlar". Emin Həsənli qeyd edib ki, Ruben Vardanyan regionda gərginlik yaratmaq istəyən müəyyən  xarici dairələrin ssenarisi əsasında Qarabağa gəlib və o həmin dairələrin maraqlarına xidmət edir: "Bundan əziyyət çəkən isə Qarabağ erməniləridir. Onlar Vardanyanın və onu idarə edənlərin oyununun qurbanına çevriliblər. Vardanyana sual etmirlər ki, ötən 30 ildə harada idi və nə üçün bu müddət ərzində Qarabağa gəlmirdi".

Emin Həsənli bildirib ki, Vardanyanın açıqlamaları və Qarabağdakı fəaliyyəti Azərbaycan qanunlarına  və beynəlxalq hüquqa ziddir: "Azərbaycan dövləti yaxın zamanlarda istər onunla, istərsə də separatçılıqla məşğul olan digərləri ilə bağlı ciddi ölçülər götürəcək, Qarabağda pasport qeydiyyatı həyata keçirəcək. Kim 1991-ci ilə qədər orada yaşayıb, kim oradan başqa bir yerə köçüb, sonradan Qarabağa geri qayıdıb, hamısı təhlil ediləcək və müvafiq qərarlar qəbul olunacaq. Separatçılıq, təxribatlarla məşğul olan Vardanyan kimiləri Azərbaycan ərazisindən qovulacaq. İlk növbədə isə Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında törətdiyi əməllərə görə cavab verməli olacaq. Bunun başqa alternativi yoxdur. Bunu istər Vardanyan, istərsə də onun arxasında duranlar çox gözəl bilir. Azərbaycan xalqı daha bir neçə il səbr edə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31