"Bütün bunlar özünü erməni siyasətinin xidmətçisi kimi göstərmək çabasıdır"- ÖZƏL
28 Dekabr 2022 10:28 Siyasət"Fransa heç bir zaman Azərbaycanı sevməyib. Bizim də belə bir gözləntimiz yoxdur. Makrondan sonra isə Fransa tamamilə anti-Azərbaycan mövqeyinə keçib. Bu təbiidir, Makronun kökündə ermənilik var.
Makron "yapon kuklası" kimi idarə edilir. Hansı ki, Ermənistanı bilavasitə Rusiyaya qarşı istifadə etməyə çalışan qüvvələr var, onlar, Makronun əli ilə nəyəsə nail olmağa çalışırlar. İndiyə qədər bu işləri ATƏT vasitəsi ilə görürdülər. Ermənilərin ən böyük diasporası Fransadadır. Ancaq, onlar, uğursuz olacaqlar. Cənab Prezident Makron haqqında fikir bildirdi ki, Fransanın hansı mövqedə olması bizi maraqlandırmır. Zənglərə isə mədəniyyət xatirinə qulaq asır, öz fikrimizdə qalırıq. Artıq, Fransa haqqında Prezidentin fikirləri ortadadır".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
"Deməli, Fransanın istədiyi Azərbaycanda alınmayacaq. Fransa hətta, Rusiyanı bizə kömək etməkdə ittiham edir. Halbuki son 200 ilə nəzər salsaq, erməniləri başımıza bəla edənin elə Rusiya İmperiyası olduğunu görərik. Fransanın atdığı addımlar İrana və Rusiyaya sərf etdiyi üçün açıq fikir bildirmirlər. Onlar istəyir ki, Qarabağ məsələsi həll olunmasın. Hazırda şərait olmadığı üçün problemi dondurmaqla gələcəkdə öz maraqlarına görə həll etməyi düşünürlər. Makronun özünün şəxsiyyəti və Fransanın tutduğu mövqe hazırda heç Avropada həlledici rol oynamır. Qafqazda isə qeyri-ciddi qəbul edilir. Bütün bunlar müəyyən müddət ərzində özünü erməni siyasətinin xidmətçisi kimi göstərmək çabasıdır. Fransa bu qədər Qarabağı istəyirdisə, nə qədər ki, torpaqlarımız işğalda idi, nəyə görə dövlət kimi tanımadı? Eyni sual İrana da aiddir. Bunlar qeyri-ciddi yanaşmalardır. Çalışırlar ki, Azərbaycan daxilində narazılıq yaradıb, vəziyyətdən yararlansınlar. Bu isə alınmayacaq. Makronun hərəkətlərinə fikir vermək lazım deyil. Bu adam siyasi oriyentasiyasını itirib".