İlham Əliyev Azərbaycanın Müzəffər rəhbəridir - Spiker

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 23 dekabr 2022-ci il tarixli iclasında giriş nitqi
ilə çıxış edib. Olaylar xəbər verir ki, spiker qeyd edib ki, sabah Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  doğum günüdür. 
Möhtərəm Prezident cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, cənab İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir. 
Hörmətli həmkarlar, İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir. Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad  edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirmişdir. 
Ölkəmizin  xoşbəxt gələcəyi bu gün cənab İlham Əliyevin  əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcəkdir.   
Hörmətli həmkarlar, təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlayaq.
Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31