"Bu aksiyaya bütün Azərbaycan cəmiyyəti dəstək verir"- ÖZƏL
15 Dekabr 2022 11:12 SiyasətSiyasi ekspert Aydın Quliyev bildirir ki, bu gün Laçın yolunda Azərbaycanın Qeyri Hökumət Təşkilatları sektorunun və medianın fəal iştirakçılarının iştirakı ilə gedən proseslər, etiraz aksiyaları olduqca ciddi və möhkəm əsaslara, problemlərə söykənir:
"Baxmayaraq ki, Ermənistanın hətta dövlət səviyyəsində diplomatiyası və media sektoru bizim vətəndaş cəmiyyətinin Laçın yolundakı beynəlxalq hüququn normalarına və humanitar prinsiplərə tam şəkildə uyğun fəaliyyəti ətrafında başqa obraz yaratmağa çalışırlar. Guya Azərbaycanın vətəndaş sektorunun Qarabağ ermənilərini blokadaya almaq, onların genosidinə, məhv edilməsinə şərait yaratmaq cəhdi kimi qələmə versələr də, əslində erməni mediasının və sosial şəbəkələrinin bizim aksiya barədə dediklərinin heç bir əsası yoxdur. Azərbaycanın media sektorunun və QHT sektorunun Laçın dəhlizində keçirdiyi aksiya dediyim kimi beynəlxalq hüququn normalarına və humanitar prinsiplərə tam uyğundur. Əldə olunmuş üçtərəfli razılaşmalara tam şəkildə uyğundur və burada hər hansı qanunsuz davranışdan söhbət gedə bilməz. Əsas problem ondan ibarətdir ki, Ermənistan və sülhməramlılar Azərbaycanın həmin bölgədəki təbii sərvətlərinin qanunsuz şəkildə talan edilməsi və ölkədən çıxarılmasına çalışırlar. Eyni zamanda, Laçın yolundan Xankəndinə icazə verilməmiş, nəzərdə tutulmamış qanunsuz yüklərin və əsasən də hərbi təyinatlı yüklərin daşınması ilə məşğul olurlar. Beləliklə də, bu gün mövzu onun üstündədir ki, Laçın yolundan əldə olunmuş razılaşmalara uyğun təyinatı üzrə istifadə olunmur. Humanitar məqsədlər üçün Laçın yolunun imkanlarını əslində kənara qoyublar. Laçın yolu humanitar məqsədlərlə yox, qeyri-humanitar hərbi təzyiq və təcavüz məqsədilə ifadə olunur. Ermənilər və sülhməramlılar tərəfindən belə şəraitdə Azərbaycanın QHT və media sektorunun dəhlizdə göstərdiyi fəaliyyət əslində Laçın dəhlizinin hüquqi fəaliyyət rejiminin nəzərdə tutulmuş razılaşmalara tam şəkildə uyğunlaşdırılması məqsədinə və tələbinə xidmət edir. Belə şəraitdə bu dinc aksiyaların ətrafında Ermənistanın və onun havadarlarının hər hansı başqa görüntü və məna yaratmaq cəhdləri əbəsdir, buna heç kim inanmamalıdır və buna heç kim əsaslı baxmamalıdır. Biz QHT sektorunun və medianın Laçın yolundakı fəaliyyətini tam alqışlayırıq və bu Azərbaycan dövlətinin mənafelərinə və qəbul olunmuş ikitərəfli, üçtərəfli razılaşmaların ruhuna tamamilə uyğundur. Biz əminik ki, media və QHT sektorunun göstərdiyi bu fəaliyyət sonda ona gətirib çıxaracaq ki, Vətən müharibəsində bizim əsgərlərimizdən geridə qalmış və bu gün başqa qüvvələrin, ermənilərin, sülhməramlıların nəzarətində olan ərazilərdə də Azərbaycanın suveren hüquqlarının bərpa olunması nəhayət ki, gerçəkləşəcək. Konkret desək, bizim bu gün sülhməramlıların və ermənilərin nəzarəti altında olan ərazilərimizin Azərbaycan dövlətinin suverenliyi altına qaytarılmasının məhz QHT sektoru və media təmsilçilərinin əli ilə aparıldığı kimi bir prosesi görürük. QHT və media sektorumuz əslində bizim düşmənlərin nəzarəti altında olan ərazilərimizin dövlətimizin, millətimizin nəzarətinə qaytarılması prosesini həyata keçirirlər ki, bunun da böyük tarixi əhəmiyyəti var. Bütün Azərbaycan cəmiyyəti Laçın yolunda bizim media və QHT sektorunun göstərdiyi fəaliyyətləri alqışlayır, bununla həmrəydir və fikrimcə, bu həmrəylik, eləcə də, aksiyanın gücü getdikcə artacaq. Çünki bu aksiyaya bütün Azərbaycan cəmiyyəti hamılıqla dəstək verir".