"Ermənistana bu torpaqların sahibinin kim olduğunu göstərməliyik".. - ÖZƏL




"Azərbaycanlı ictimai fəalların dekabrın 12-dən başlayaraq Laçın yolunu bloklaması, əlbəttə ki, ermənilərin, özəlliklə də onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını açıq şəkildə əngəlləyən Rusiya sülhməramlılarının qanunsuz əməllərinə dinc etiraz aksiyasıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
"Xatırlayırsınızsa, bundan bir müddət öncə azərbaycanlı ekoloqlar monitorinq aparmaq üçün Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan torpağına səfər etdilər. Onlar orda müəyyən bir planla bağlı razılığa gəldilər və qərara alındı ki, Rusiya sülhməramlıları azərbaycanlı monitorinq üzvlərinin əraziyə sərbəst şəkildə daxil olması və monitorinq aparması üçün şərait yaradacaq. Amma təəssüflər olsun ki, bu razılaşmaya əməl edilmədi. Məhz elə rusların dəstəyi ilə bölgədəki sözdə dinc ermənilər monitorinq aparılacaq əraziyə yığıldı və onlar azərbaycanlı görəvlilərin əraziyə yaxınlaşmasına imkan vermədi. Azərbaycan tərəfi də təxribatı başa düşdüyünə görə onların üstünə getmədi, sakitcə ərazidən çəkildi və nəticə etibarilə Azərbaycan ictimai rəyi əlbəttə ki, bundan qeyzləndi və qeyzlənmənin nəticəsi olaraq da ictimai fəallar məhz o bölgəyə gedib Ermənistandan Azərbaycan torpağı olan Xankəndinə gələn Laçın yolunu bağlamaq qərarına gəldi. Yəni, dekabrın 12-dən başlayan aksiya məhz bu səbəbdən baş verir.
Biz müşahidə edirik ki, aksiyaçılar sülhməramlıların komandanı Andrey Molokovun əraziyə gəlməsini, gəlib izahat verməsini tələb edir. Bu bir dinc aksiyadır. Bilirik ki, Molokov gəlib onların qarşısına çıxmalı, suallarına cavab verməlidir. Amma təəssüflər olsun ki, aradan üç sutka vaxt keçməsinə baxmayaraq, o, ərazidə gözə dəymir. Eyni zamanda, Ermənistan mediası, ictimai rəyi, ümumiyyətlə dünya erməniləri təbliğat aparırlar ki, Azərbaycan Qarabağdakı erməniləri blokadaya alıb, onlara qarşı soyqırım törətməyə hazırlaşır. Əlbəttə ki, orada hər hansı zorakılıq əlamətləri yoxdur, ola da bilməz, görüntülərdən də bu bəllidir. Amma yenə də şər erməni təbliğatı geniş yayımlanır. Ona görə də, mən düşünürəm ki, biz Azərbaycan tərəfi olaraq bu aksiyanın dinc şəraitdə davam etməsini təmin etməliyik. Eyni zamanda, həm müvəqqəti olaraq torpağımızda yerləşən rus sülhməramlılarına, həm də onların dəstəklədikləri Ermənistana bu torpağın sahibinin kim olduğunu göstərməliyik. Ümumiyyətlə isə, heç kimin heç bir dövlətin Azərbaycan torpaqlarında at oynatmağa ixtiyarı yoxdur. Yəni biz, ictimai fəallar olaraq, ya da vətəndaş olaraq, bütün ölkə olaraq, bu məsələdə bir addım belə geri çəkilməməliyik. Yəni, hər kəs bacardığını etməlidir ki, həm ruslara, həm də onların dəstəklədikləri bölücü ermənilərə yerini göstərək.
Yeri gəlmişkən, xüsusi vurğulamaq lazımdır ki, Qarabağdakı erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasının qarşısını da məhz Rusiyalı sülhməramlılar alır. Bu isə bir daha onu təsdiq edir ki, Rusiya heç vaxt sülhməramlı olmayıb, əksinə, onların olduğu yerdə həmişə qan, savaş, qarşıdurma və düşmənlik olub. Bu hal hazırda özünü Qarabağda da təsdiqləməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31