Şuşadakı etiraz aksiyasından reportaj - VİDEO
14 Dekabr 2022 22:08 Siyasət"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşları Şuşadan, azərbaycanlıların etiraz aksiyası keçirdiyi ərazidən maraqlı reportaj hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Aksiyaçılar "Ekoloji terrora son!", "Qanunsuz istismara son!" şüarları səsləndirərək, ermənilərin təbii sərvətlərimizi talamasına etiraz edirlər.
Eyni zamanda, Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekofəallar sülh mesajı olaraq havaya göyərçin buraxıblar. Aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub.
44 rəqəmi Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi zəfəri simvolizə edir.
Aksiya iştirakçıları Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını qeyd edirlər.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.
QSC-nin nəzdində hazırda 3 televiziya kanalı - AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı - Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.
Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də, İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.
QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV "Avropa keyfiyyəti" medalına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.


