"Dünya Azərbaycan xalqının bu çağırışlarına müsbət cavab verməlidir"- ÖZƏL
14 Dekabr 2022 16:09 Siyasət"Xankəndi yolunun bağlanması tamamilə haqlı addımdır. Azərbaycan xalqı görür və bilir ki, onun suveren ərazilərində erməni-rus birliyi əl-ələ verib müxtəlif təxribatlar törətməklə məşğul olur. Bu təxribatlara terrorçuların bölgəyə gəlitirilməsi, xarici ölkələrdən müxtəlif rəsmi və ictimai şəxslərin səfərləri, Qarabağda silahlı birləşmələrin mövcudluğunu qoruması və bölgədə rus icmasının, Rusiya Mədəniyyət Evlərinin formalaşdırılması kimi addımlar daxildir".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Belə olan halda, azərbaycanlıların dinc etiraz aksiyası təşkil etməsindən təbii nə ola bilər?
Aksiyaların təşkili dünyaya Azərbaycan xalqının və dövlətinin qəti mövqeyini təqdim etmək üçün müstəsna oldu. İndi hər kəs, Azərbaycanı sevənlər də, düşmən münasibətdə olanlar da görəcək ki, Azərbaycan xalqı öz haqqından imtina etməyib və yaşanan hər şeyi görür və izləyir.
Laçın yolunun bağlanması qarşı tərəfə dərs olmalıdır. Onlar çalışmalıdır ki, artıq bölgədəki təxribatlara son qoysunlar. Həqiqətən sülhdən yanadırlarsa, o halda bölgədəki silahlı birləşmələr tərk-silah edilməli, Ruben Vardaryan planı ləğv edilməli, Ermənistan Ordusunun qalıqları tamamilə bölgədən çıxarılmalıdır. Eyni zamanda, sülhməramlılar özü də, sadəcə sülhməramlı missiyaya uyğun addımlar atmalıdır.
Üstəgəl, Azərbaycan xalqı öz ekoloji problemlərinə biganə qala bilməzdi. Əlbəttə ki, buna qarşı etiraz edilməli idi və edilir də. Aksiya zamanı kimsə Qarabağ ermənilərinə qarşı radikal ifadələr səsləndirməyib, kimsə onların təhlükəsizliyini təhdid etməyib və bu istiqamətdə erməni yönlü qüvvələrin yaydığı məlumatlar tamamilə absurd və yalandır. İndi gərək, dünya özü də artan ekoloji problemlər fonunda Azərbaycan xalqının bu çağırışlarına müsbət cavab versin və ekoloji təhlükəsizliyin birgə təminatı üçün çalışsın".