Gömrükdən daha sürətli keçid təmin ediləcək
14 Dekabr 2022 12:55 SiyasətMilli Məclis tərəfindən Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi gözlənilir. "Olaylar"ın məlumatına görə, millət vəkili, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər malların gömrükdən daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb. Layihədə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunub: "Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit etməklə, gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid təcrübənin formalaşmasına, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınmasına, beynəlxalq qaydaların implementasiyasına və şəffaflığın artırılmasına xidmət edir".