Rus soyad sonluqlarından imtinaya başlasınlar - Təklif - Özəl

"Xankəndi yolundakı aksiya əladır. Əməlli-başlı səs gətirir. Hər şey də gözəldir. Amma düşünürəm ki, sadəcə o yoldakı aksiya ilə işimiz bitməməlidir. Ermənilər öz yerində, problemlərin əsas səbəbkarı Rusiyaya da yerini göstərmək üçün çox kiçik addımlar atmaq olar. Örnək üçün, ölkə boyu vətəndaşlarımız nümayişkaranə şəkildə urus soyad sonluqlarından imtinaya başlasınlar". "Olaylar" xəbər verir ki, bunu deyən sosial media eksperti Azər Həsrətin sözlərinə görə,  bu 31 illik müstəqillik dönəmində o sonluqlardan hələ də imtina etməməyimiz böyük ayıbdır: "Amma yenə də gec deyil. İndi ki, bu vaxta qalıb, belə bir mərhələdə urusa aid hər şeydən imtina edək. Eyni zamanda balalarını urus məktəbində oxudanlar da bir balaca hərəkətə gəlsinlər və milli məktəbləri seçsinlər. Artıq o da təsdiq və sübut olunub ki, urus məktəbləri iddia edildiyi kimi daha yüksək səviyyəli təhsil vermir. Bir də urus dilini öyrənmək üçün uşağı o məktəbə qoyduğunu iddia edənlər, lütfən, bu cəfəng iddialarınızı yığışdırın. Bir dili öyrənmək üçün 11 il o dildə təhsil almağa gərək yoxdur. Milli qeyrətə səsləyirəm hər kəsi! Yeri gəlmişkən, ilk addım olaraq elə burda - Facebook-da soyad sonluqlarını dəyişməklə başlamaq olar.
Soyad sonluğunu dəyişmək üçün şəxsin özü doğum haqqında şəhadətnaməsi ilə Qeydiyyat idarəsinə yaxınlaşır, burada ərizə yazır. Dərhal da o dəyişiklik doğum haqqında şəhadətnaməyə əlavə edilir. Bu iş pulsuzdur. Sonra isə ASAN xidmətə gedib şəxsiyyət vəsiqəsini dəyişmək lazımdır. Yəni bu qədər asandır bu iş..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31