Naxçıvanın yarısı İran mollalarına və biznesmenlərə satılıb?

 

Abutalıb Səmədov: "İranın Naxçıvanda Azərbaycan hakimiyyətini narahat edən fəaliyyəti varsa, qısa müddətdə bu əlaqələrin kökü kəsilməli və buna qətiyyən imkan verilməməlidir"

Olaylar.az baki-xeber.com-a istinadən bildirir ki, məlum olduğu kimi, DTX-nın Naxçıvanda həyata keçirdiyi antikorrupsiya  addımları bir sıra yeni reallıqlar yaradıb. Artıq yerli sakinlər informasiya blokadasını yararaq, öz şikayətlərini həm dövlət qurumları, həm də mediaya edirlər.

Bütün bunların fonunda maraqlı məlumatlar yayılır. Hətta Naxçıvanda baş verənlərə görə Vasif Talıbovu istefaya çağıranlar da var. Eyni zamanda bildirilir ki, Naxçıvanda İran iş adamları və mollaları çoxlu sayda mülklərə sahib olublar. Çox maraqlıdır, İran iş adamlarını Naxçıvan niyə bu qədər cəlb edir?

Hətta bir  sıra saytlarda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi ilə bağlı məlumatlar paylaşılıb. Talıbovun istefasından sonra onun səlahiyyətlərini birinci müavini Azər Zeynalovun icra etdiyi qeyd edilib.

Ancaq Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov bu cür məlumatları yalan və cəvəng adlandırıb.

Maraqlıdır, Naxçıvanı nə gözləyir?

Ali Məclisə fövqəladə seçki keçirilə bilərmi?

Fövqəladə seçkisiz sədr dəyişikliyi hansı prosedur üzrə həyata keçirilə bilər?

İran biznesmenləri və İran mollalarının Naxçıvanda sahib olduqları böyük mülklərin axırı necə olacaq?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu gün Naxçıvanda baş verən proseslərin müəyyən qədər təkrar olunması təəssüf doğurur. Əgər aparılan yoxlamalar Muxtar Respublikada ciddi qanun pozuntularının olduğunu ortaya çıxardıbsa, burda dirəniş göstərməyə ehtiyac yoxdur. Nə fövqəladə, yəni  növbədənkənar seçki keçirilməsi, nə cinayət işi açılması və toxunulmazlıqdan məhrum olduqdan sonra Ali Məclis sədrinin uzaqlaşdırılması kimi variantlar arzuolunan deyil. Hesab edirəm ki, hakimiyyətin yuxarı dairələrində müəyyən müzakirələr keçirilməli və Ali Məclis sədrinin istefa ərizəsi ilə Ali Məclisə müraciəti baş verməlidir. İndiki şəraitdə ən düzgün və ən ağıllı yol budur. Burada prosesləri uzatmaq, müəyyən gərginlik yaratmağa çalışmaq arzuolunmaz nəticələr törədə bilər. Bir daha Elmlər Akademiyasında baş verən prosesləri xatırlatmaq istəyirəm. Ramiz Mehdiyev vaxtında istefa ərizəsini yazmadı və nəticədə özü də çox ciddi hücumlarla üzləşdi.

Nüfuzuna çox ciddi zərbə dəydi, yalnız  bundan sonra istefa ərizəsini yazmaq məcburiyyətində qaldı. Bu həddə çatdırılmamalıdır. Əgər çox ciddi nöqsanlar varsa, Azərbaycan rəhbərliyi bu nöqsanların aradan qaldırılmasını mümkünsüz hesab edirsə, ən düzgün yol istefa ərizəsi ilə Ali Məclisə müraciət etməkdir. Əlavə gərginlik yaratmağa ehtiyac yoxdur. İranın Naxçıvanla əlaqələri, İranın bütövlükdə davranışı, təbiidir ki, hamımızı narahat edir.  İran biznesmenlərinin Naxçıvandaki fəaliyyəti,  İran mollalarının Naxçıvanda mülklərinin olub-olmaması çox ciddi şəkildə araşdırılmalıdır. Ləngimədən bu istiqamətdə ən kəskin addımlar atılmalıdır. İranın Naxçıvanda Azərbaycan hakimiyyətini narahat edən fəaliyyəti varsa, qısa müddətdə bu əlaqələrin kökü kəsilməlidir və Naxçıvanda buna qətiyyən imkan verilməməlidir. Naxçıvan Azərbaycan tarixində müstəsna yeri olan, Azərbaycan dövlətçiliyi üçün çox böyük xidmətlər göstərmiş respublikadır. Bunu heç kim unutmamalıdır. Naxçıvanın bundan sonra daha yüksək sürətlə inkişaf etməsi və bu böhrandan çıxa bilməsi üçün zəruri addımlar ləngimədən hamı tərəfindən atılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31